22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında əlverişli sahibkarlıq və biznes mühitinin formalaşması xarici iş adamlarının da Naxçıvana investisiya yatırmaqla yeni istehsal sahələri yaratmasına səbəb olmuşdur. Belə müəssisələrdən biri də Naxçıvan şəhərindəki Şəhriyar 1 ünvanında fəaliyyətə başlayan “Nuhçıxan” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Nuhçıxan” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Uğur Qaraxan söhbətində qeyd etdi ki, əvvəllər Naxçıvana, sadəcə, turist kimi səfərlər edərdik. Bu bölgədə özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan şəraiti görüb, biz də investisiya qoymaqla yeni bir istehsal sahəsi yaratmaq qərarına gəldik. 2012-ci ilin may ayında müəssisə üçün ayrılmış binada əsaslı təmir və yenidənqurma işlərinə başlanıldı. Təqribən bir il müddətində inşaat işləri başa çatdırıldı. Layihəyə uyğun yenidən qurulan üçmərtəbəli binada istehsal sahələri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, laboratoriya, yeməkxana, inzibati və digər yardımçı otaqlar istifadəyə verilmişdir. Ümumilikdə, müəssisə üçün ayrılmış binanın yenidən qurulmasına və müasir texnoloji avadanlıqların alınmasına 2 milyon manat vəsait sərf olunmuşdur.

Müəssisədə tibbi vasitələrin, yuyucu, təmizləyici maddələr və plastmas taraların istehsalı sahəsi fəaliyyət göstərir. Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmış müəssisədə istehsal prosesi avtomatlaşdırılmışdır. Türkiyə, Fransa, Almaniya, İsveçrə və Rusiya Federasiyasından idxal olunan xammal reseptə uyğun olaraq, ayrı-ayrı çənlərdə qarışdırılıb hazırlanır və istehsal xəttinə buraxılır. Kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş avadanlıqlarda sifarişə uyğun hazırlanan məhsul 500, 750 qramlıq və 1 litrlik, digər istehsal xəttində isə 5 litrlik taralarda qablaşdırılır. 
Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə tibb sahəsi üçün aldehidli alətdezinfeksiyaedici, etil spirti, ultrasəslə müayinə üçün jele, təmizləyici və alətdezinfeksiyaedici məhlul və digər tibbi vasitələr istehsal olunur. Yuyucu və təmizləyici maddələr istehsalı sahəsində isə “İnci” adlı saç şampunları və kremi, “Cavahir” adlı qab şampunları, kafel, metlax və taxta döşəmələr üçün səth təmizləyiciləri, “Ulduz” adlı şüşətəmizləyici, “Təravət” adlı hava təravətləndirici, “Sədəf” maye sabun və sair – ümumilikdə, 3 növdə 25 çeşiddə məhsul istehsal olunur. İstehsal gücü saatda 1600 ədəd 500, 750 qramlıq və 1 litrlik, 400 ədəd 5 litrlik taralar olan yuyucu və təmizləyici maddələr istehsalı sahəsində və saatda 250 ədəd plastmas taralar istehsalı sahəsində tələbata uyğun olaraq məhsul istehsal edilir. İstehsal olunan məhsul Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyata alınmış “Nuhçıxan” əmtəə nişanı ilə satışa çıxarılır.
Burada müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya da fəaliyyət göstərir. Müəssisəyə daxil olan xammal və hazır məhsul həmin laboratoriyada analizdən keçirildikdən sonra satışa çıxarılır. İstehsal olunan məhsulun vaxtında və keyfiyyətlə ticarət obyektlərinə çatdırılması üçün müəssisəyə 2 ədəd avtomaşın alınmışdır.
Sanitar-gigiyenik qaydalara ciddi əməl olunması da mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılır, məhsulun çeşidi dəyişdirilərkən çənlər və avadanlıqlar xüsusi maddə ilə yuyulub təmizlənir, işçilər mütəmadi olaraq tibbi müayinədən keçirilirlər.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR