Naxçıvan Muxtar Respublikasında kompleks şəkildə aparılan tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Hazırda Naxçıvan şəhərindəki bir çox yaşayış binalarının fasadı yenilənir, kommunikasiya xətləri dəyişdirilir, sakinlər üçün rahat yaşayış şəraiti yaradılır.
Əliabad qəsəbəsində yerləşən yaşayış binalarına da bu işlərdən xeyli pay düşüb. Belə ki, təmirinə bu ilin mart ayından başlanılmış Əcəmi küçəsindəki 1-ci və 2-ci binalarda işlər başa çatdırılıb, 3-cü binada isə təmir işləri davam etdirilir. Sonuncu yaşayış binasında dam örtüyü dəyişdirilib, pəncərələr yeniləri ilə əvəz edilib. Binanın fasad hissəsinin üzlənməsi yekunlaşıb, dəhlizlər təmir olunub. Təmirinə ötən ayın əvvəllərindən başlanan adıçəkilən binada, digərlərində olduğu kimi, mərkəzi antenna sistemi quraşdırılıb. Hazırda su təchizatının yenilənməsi işləri görülür. “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılan təmir işləri yaxın vaxtlarda başa çatdırılacaqdır.
Xəbərlər şöbəsi