Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin qarşısına qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə “İcra Planı” hazırlanmışdır. İcra planından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılmış, mağazaların ərzaqla normal təminatına diqqət artırılmış, aid qurumlarla birlikdə ehtiyatların yaradılması davam etdirilmişdir. Ümumilikdə, 261 ticarət obyektində maarifləndirici monitorinqlər aparılmış, ticarət obyektlərinin sahibkarları məlumatlandırılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə mövcud vəziyyətlə bağlı fəaliyyətində durğunluq yaranmış xidmət sahələrində işçilərin öz hesabına məzuniyyətə buraxılmasının qarşısının alınması və həmin xidmət sahələrində çalışan işçilərə minimum əməkhaqqı məbləğində vəsaitin ödənilməsinin təmin edilməsi istiqamətində monitorinqlər keçirilmiş və 88 sahibkarlıq subyekti məlumatlandırılmışdır. İcra planından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti