22 Dekabr 2024, Bazar

Muxtar respublikanın elektrik enerjisinə olan tələbatının 60 faizi su elektrik stansiyaları hesabına ödənilir

Azərbaycan Respublikasının Prezidenti İlhаm ƏLİYEV: Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərində nəinki bölgədə, eyni zamanda qitədə öz rolunu oynayır. Bu rol artır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir. Biz artıq ölkə daxilində enerji təhlükəsizliyi məsələlərini yüz faiz həll etmişik...   Naxçıvanın enerji təhlükəsizliyi tam şəkildə təmin edilibdir. Naxçıvanda enerji potensialının həcmi tələbatdan bir neçə dəfə artıqdır. Ancaq su elektrik stansiyalarının öz xüsusiyyətləri vardır. O, təbiətdən qaynaqlanan bir enerjidir, gücdür. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır.

Yaşlı və orta nəslin yaxşı yadındadır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikanın enerji təsərrüfatı iflic vəziyyətinə düşmüşdü. Bədnam ermənilərin əsassız torpaq iddiaları ucbatından yollarımız bağlanmış, kommunikasiya xətlərimiz kəsilmiş, sözün həqiqi mənasında, dünyadan təcrid olunmuşduq. Bir neçə il davam edən bu vəziyyət naxçıvanlıların ümidlərini qıra bilmədi. Bu qədim diyarın sakinləri yurd yerinin ata-baba əmanəti olduğunu dərindən dərk edərək çətinliklərə sinə gərməyi özlərinə borc bildilər. O illərdə ulu öndər Heydər Əliyevin çıraq işığında imzaladığı müxtəlif sərəncamlar, fərmanlar bu gün Naxçıvana gecəli-gündüzlü işıq sevinci bəxş edib. Dahi rəhbərin uzaqgörən siyasətinin Naxçıvanda uğurla davam etdirilməsi bu sevincə əlavə çalarlar qatmaqdadır. Burada istər-istəməz dönüb geriyə baxırsan. O illəri xatırlayırsan. İnsana, onun layiq olduğu səviyyədə yaşamasına qayğının prioritet vəzifəyə çevrildiyi muxtar respublikamızda həyata keçirilənlərin, qurulub-yaradılanların həcminin getdikcə artması bu siyasətin bariz ifadəsidir. Həyatımızın digər sahələri ilə yanaşı, muxtar respublikada enerji təsərrüfatı da özünün yüksək inkişaf mərhələsinə qədəm qoyub.

Yenə bir qədər geriyə ekskurs edərək xatırladaq ki, muxtar respublikamız sovet dönəmində Zaqafqaziya vahid energetika sistemindən Araz Su Elektrik Stansiyasına elektrik verilişi xətləri ilə ötürülən enerji vasitəsilə təchiz olunub. Həmin mənbədən 1990-cı ilə qədər istifadə edilib. Məlum hadisələrlə bağlı muxtar respublikaya elektrik enerjisi verilişi dayandırılıb, ümid yalnız Araz Su Elektrik Stansiyasında istehsal edilən 15-20 meqavat gücündə olan elektrik enerjisinə qalıb. 1991-ci ilin dekabrında, ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı vaxt ulu öndərin şəxsi nüfuzu və böyük səyləri hesa­bına Türkiyə Respublikasından mux­tar respublikaya elektrik enerjisi ötü­rülməsinə başlanılıb. Daha sonra 1992-ci ilin dekabrında İran İslam Respublikasından çəkilən elektrik xətti, “Babək” yarımstansiyasında quraşdırılmış ümumi gücü 60 meqavat olan dizel-turbin qurğuları, 1993-cü ilin mayında Türkiyədən çəkilmiş 154 kilovoltluq ikidövrəli xətt bu prosesin ilk tədbirləri idi. Beləliklə, 1993-cü ildə Naxçıvanın elektrik enerjisinə olan tələbatı özünün Araz Su Elektrik Stansiyası ilə yanaşı, qonşu Türkiyədən alınan 63 meqavat, İrandan daxil olan 42 meqavat elektrik enerjisi ilə qismən ödənilib. 

İqtisadi sabitliyin təmin olunması ilə Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin ikinci mərhələsinə start verilməsi də uzaq tarix deyil. Bu mərhələdə artıq öz ehtiyatlarımızın səfərbər olunması ilə daxili tələbatın ödənilməsi və gələcəkdə Naxçıvanın enerji ixracatçısına çevrilməsi kimi böyük işlər həyata keçirilib. İnfra­struktur müasir standartlar səviyyəsində yenilənib, davamlı olaraq yeni güclər yaradılıb ki, bu da, son nəticədə, muxtar respublikada enerji təhlükəsizliyinin səmərəli qurulmasını şərtləndirib. Əgər 1996-cı ilə kimi muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə mövcud idisə, aparılan məqsədyönlü islahatlar nəticəsində həmin müəssisələrin sayı 6-ya çatdırılıb. Bu, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Pro­qramı”na və ölkə başçısının “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 2 may tarixli Sərəncamına uyğun olaraq, muxtar respublikamızda həyata keçirilən kompleks tədbirlərin nəticəsidir.
Həyata keçirilən layihələrə nəzər salaq: 2006-cı ilin dekabrında ümumi gücü 87 meqavat olan Modul Elektrik, ümumi gücü 50 meqavat olan Qaz- Turbin Elektrik stansiyaları istifadəyə verilib. Heydər Əliyev Su Anbarı üzərində ümumi gücü 4,5 meqavat olan su elektrik və 2010-cu ilin oktyabr ayında Ordubad rayonu ərazisində Gilançay üzərində gücü 22 meqavat, illik elektrik enerjisi istehsalı 80 milyon kilovat-saat olan Biləv Su Elektrik stansiyalarının işə salınması bu istiqamətdə görülən işlərin davamı olub. 2010-cu il oktyabr ayının 5-də Biləv Su Elektrik Stansiyasının açılışında iştirak edən ölkə başçısı cənab İlham Əliyev deyib: “Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərində nəinki bölgədə, eyni zamanda qitədə öz rolunu oynayır. Bu rol artır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir. Biz artıq ölkə daxilində enerji təhlükəsizliyi məsələlərini yüz faiz həll etmişik... Bu gün Biləv Su Elektrik Stansiyasının açılışı, sadəcə olaraq, görülən işlərin yeni mərhələsidir. Bu stansiyanın çox böyük əhəmiyyəti vardır. Düzdür, Naxçıvanın enerji təhlükəsizliyi tam şəkildə təmin edilibdir. Naxçıvanda enerji potensialının həcmi tələbatdan bir neçə dəfə artıqdır. Ancaq su elektrik stansiyalarının öz xüsusiyyətləri vardır. O, təbiətdən qaynaqlanan bir enerjidir, gücdür. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır”.
Muxtar respublikamızda təbii resurslardan səmərəli istifadə yeni elektrik stansiyalarının tikintisinə geniş imkanlar açıb. 2011-ci ilin fevral ayında Şərur rayonu ərazisindəki Arpaçay üzərində gücü 20,5 meqavat, illik elektrik enerjisi istehsalı 60 milyon kilovat-saat olacaq Arpaçay və noyabr ayında Ordubad rayonu ərazisində Araz çayı üzərində gücü 36 meqavat, illik elektrik enerjisi istehsalı 190 milyon kilovat-saat olacaq derivasiyatipli Ordubad Su Elektrik stansiyalarının tikintisinə başlanılıb.
Bu il sentyabrın 9-da Arpaçay Su Elektrik Stansiyası istifadəyə verilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi Baş direktorunun müavini Namiq Paşayevlə həmsöhbət olduq. O bildirdi ki, Arpaçay Su Elektrik Stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transforma­tor yarımstansiyasından ibarətdir. Suqəbul­edici saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir. Diametri 3,9 metr olan tunelin uzunluğu isə 1100 metrdir. Tuneldən suyu turbinlərə ötürmək üçün 145 metr uzunluğunda yüksəktəzyiqli boru xətti çəkilib, 45 metr dərinliyi olan havaboşaldıcı inşa edilib. Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi yaradılıb. Mərkəzdə su elektrik stansiyasının idarə olunması üçün lazımi avadanlıqlar və kompüter dəstləri, eləcə də nəzarət-mühafizə sistemləri quraşdırılıb. Bu da stansiyanın iş rejimini daim nəzarətdə saxlamağa imkan verir. Mərkəzdə elektrik enerjisinin istehsalı zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması üçün də lazımi şərait vardır. Stansiya binasında Avstriyanın “Andritz” şirkətinin istehsalı olan 7,75 meqavat gücə malik 2 ədəd və gücü 5 meqavat olan 1 ədəd Françesktipli turbin quraşdırılıb və onlara üfüqi şəkildə bağlanmış müvafiq güclü generatorlar qoşulub. Bütün emal prosesi avtomatlaşdırılmış şəkildə həyata keçirilir.
İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün 30 meqavoltamper gücə malik transformator yarımstansiyası qurulub, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilib.
Arpaçay Su Elektrik Stansiyası mühüm infrastruktur layihəsi kimi muxtar respublikanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcəkdir. İqtisadi səmərəlilik və enerji potensialının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olan stansiyanın istifadəyə verilməsi ilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatının 60 faizi su elektrik stansiyaları hesabına ödəniləcəkdir.
Arpaçay Su Elektrik Stansiyasının tikintisi “Gəmiqaya Yol, Su ,Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yüksək keyfiyyətlə icra edilib. Fransa və Türkiyə şirkətlərinin mütəxəssisləri tərəfindən quraşdırılmış elektrik avadanlıqlarının sınaq-sazlama işlərində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin mühəndis-texniki işçiləri də iştirak ediblər.
Müsahibim onu da bildirdi ki, hazırda Ordubad rayonunun Dəstə kəndi yaxınlığında Araz çayı üzərində inşa olunan daha bir su elektrik stansiyası muxtar respublikada bu sahənin inkişafına ciddi önəm verilməsinin göstəricisidir. Derivasiyatipli nəzərdə tutulmuş stansiyada hər birinin gücü 12 meqavat olan 3 turbin və 3 generator quraşdırılacaq. Yeni enerji istehsalı obyektinin nominal gücdə işləməsi üçün tələb olunan su sərfi saniyədə 126,6 kubmetrdir. Bu stansiyanın aparıcı beton kanalının uzunluğu 12 kilometr olacaq.
Buraya 110 kilovoltluq elektrik verilişi xətti çəkiləcək, transformator yarımstansiyası quraşdırılacaqdır. Hazırda aparıcı kanalda qazıntı və betonlama işləri görülür.
Daha belə bir tədbir Şərur rayonunda həyata keçirilir. Gücü saatda 1400 kilovat olan “Arpaçay-2” Su Elektrik Stansiyasında işlər, demək olar ki, başa çatmaq üzrədir. Stansiyanı turbin və generatorlarla təchiz etmək üçün Avstriyanın “Andritz”, Fransanın “Leroy Somer” şirkətlərinə sifariş verilib.
N.Paşayev onu da bildirdi ki, bu gün muxtar respublikada su elektrik stansiyalarının tikintisinə daha böyük önəm verilməsi onunla bağlıdır ki, belə enerji mənbələrində istehsal olunan enerji ucuz başa gəlir. Odur ki, hazırda regionumuzda Araz, Vayxır, Biləv, Arpaçay Su Elektrik stansiyalarının normal işinə ciddi diqqət yetirilir. Bu obyektlərin mühəndis-texniki və operativ heyəti mürəkkəb texniki avadanlıqların istismarını təmin edə bilir. Agentliyin işçilərinin ixtisas səviyyəsinin yüksəldilməsinə, yeni alitəhsilli mühəndis-elektriklərin işə qəbul edilməsinə diqqət artırılır.
Onu da qeyd edək ki, enerji təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasına diqqətin ifadəsidir ki, son illər Naxçıvan Modul Elektrik Stansiyası ilə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası arasında dəyəri 1 milyon 680 min avro təşkil edən 24 kilometr uzunluqlu 110 kilovoltluq elektrik verilişi xətti çəkilib. Xəttin istismara verilməsi muxtar respublikanın elektrik şəbəkələrinin dayanıqlılığının xeyli yüksəlməsinə imkan yaradıb. Həmçinin muxtar respublikada mövcud olan 110/35/10 kilovoltluq yarımstansiyaların yeniləşdirilməsi diqqətdə saxlanılıb. Cari ildə “Naxçıvan” və “Ordubad” yarımstansiyaları da modernləşdirilərək bu proses başa çatdırılıb. Həyata keçirilən tədbirlər qonşu dövlətlərlə enerji mübadiləsinin yaxşılaşdırılmasında stimul olub. Hazırda İran İslam Respublikası ilə enerji mübadiləsi aparılır, Türkiyə Respublikasına elektrik enerjisi ixrac edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Arpaçay Su Elektrik Stansiyasının açılışında dediyi sözlər qədim diyarımızda belə möhtəşəm layihələrin davamlı olacağına inamı daha da artırıb: “Hər bir ölkə üçün elektrik enerjisi strateji sahə hesab edilir. Bu gün dünya ölkələrində ərzaq və enerji təhlükəsizliyi üzrə proqramlar qəbul olunaraq icra edilir. Enerji, ərzaq təhlükəsizliyi təmin olunan ölkələrin iqtisadiyyatı isə sabit və davamlı inkişaf edir. Azərbaycan Respublikasında da ərzaq və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənilir. Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR