Azərbaycanın ərzaq balansları dayanıqlıdır.
Bu sözləri qtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkənin ərzaq bazarı sahəsində mövcud vəziyyəti şərh edərkən deyib.
O bildirib ki, Azərbaycanda hər il ərzaq balansının tərtib olunması aşağıdakı məhsul növləri üzrə aparılır: buğda, sair dənlilər, dənli paxlalılar, un, çörək və çörək məmulatları, düyü, kartof, soğan, tərəvəzlər, bostan məhsulları, meyvə və giləmeyvələr, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları, kərə yağı, çay və sair. Ərzaq balanslarının təhlili onu göstərir ki, ölkədə ərzaq bazarında vəziyyət qənaətbəxşdir.
“Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır və bu sahədə ehtiyatlarımız son illər 1-1,2 milyon ton olub. Bir qayda olaraq dənlilər üzrə ilin əvvəlinə qalıq, ərzaq məhsullarının istehsalı üçün istifadə edilən məhsulun 40 faizindən çox olur. 2019-cu ildə kartofla özünü təminetmə səviyyəsi 87,8 faiz olub. Azərbaycanda bir qayda olaraq kartof üzrə də ilin əvvəlinə qalıq, həmişə ərzaq kimi istehlak olunan məhsulun 70 faizindən çox olur. Ölkəmizdə özünütəminetmə səviyyəsi tərəvəz üzrə 112 faiz, bostan məhsulları üzrə 100,8 faiz, meyvə və giləmeyvə üzrə 123,1 faiz, ət və ət məhsulları üzrə 82,5 faiz, yumurta üzrə 101,8 faiz, süd və süd məhsulları üzrə 86,2 faiz, duz üzrə 111,4 faiz və çörək və çörək məmulatları üzrə 100 faizdir. Bütün növ ərzaq məhsulları üzrə ehtiyatlarımız kifayət qədərdir. İqtisadiyyat naziri Mikayıl Cabbarov da bildirib ki, ölkəyə məhsulların, o cümlədən, ərzaq məhsullarının gətirilməsində heç bir çətinlik yoxdur. Üstəlik dövlətin də ərzaq ehtiyatları var ki, istənilən fors-major halında əhalinin təminatı həyata keçirilə bilər”, - deyə o qeyd edib.
“Yeri gəlmişkən onu da vurğulamaq istəyirəm ki, nüfuzlu beynəlxalq qurumların hesabatlarına əsasən son illər ərzində Azərbaycanın ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlib. Bu baxımdan “The Economist Group” tərəfindən hazırlanan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksinə (The Global Food Security Index) baxmaq kifayətdir. Bu hesabata əsasən son 7 il ərzində Azərbaycanın ümumi ərzaq təhlükəsizliyi indeksində ardıcıl olaraq yüksəlmə müşahidə edilib. Hesabata görə bu yüksəliş 7 il ərzində 12,7 faiz bəndi təşkil edib, ölkəmiz bu göstərici üzrə siyahıya liderlik edir. Məlumat üçün qeyd edək ki, digər ölkələr üzrə bu göstərici ən yaxşı halda 6-7 faiz olub. 2019-cu ildə Azərbaycan bu hesabatda daha 3 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb. Hazırda Azərbaycan ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit Okean ölkələri arasında ilk onluqda təmsil olunur. Həmçinin ölkəmiz bu reytinqdə keçmiş SSRİ-yə daxil olan bir çox respublikanı qabaqlayıb. Qeyd edək ki, sözügedən hesabata əsasən son 7 il ərzində qlobal ərzaq təhlükəsizliyi indeksi üzrə Azərbaycanda müşahidə olunan artım dünya üzrə ən yüksək nəticədir. Hətta son 7 ildə hesabatın əhatə olunduğu 113 ölkənin bir hissəsində bu göstərici mənfi olub. Azərbaycan isə ardıcıl olaraq qlobal ərzaq təhlükəsizliyi indeksində mövqeyini yaxşılaşdırıb”, - deyə V.Qasımlı bildirib.