22 Dekabr 2024, Bazar

Paytaxt Naxçıvan şəhərinin yaxınlığında yerləşən Babək rayonu ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə təşkil olunub. Ötən dövr ərzində bölgə böyük inkişaf yolu keçib. Burada yeni infrastruktur yaradılıb, emal və istehsal müəssisələri fəaliyyətə başlayıb. Rayon təşkilatları üçün inzibati binalar inşa edilib. Bu gün başdan-ayağa yaşıllığa bürünən rayon mərkəzi Babək qəsəbəsi və kənd yaşayış məntəqələri həyata keçirilən quruculuq tədbirləri hesabına müasir görkəm alıb. Son 17 ildə ümummilli lider Heydər Əliyev siyasətinin Naxçıvan Muxtar Respublikasında uğurlu davamını Babək rayonunun timsalında da görmək mümkündür. Hər il rayon mərkəzində və kənd yaşayış məntəqələrində məktəb, səhiyyə, mədəniyyət müəssisələri üçün binalar, hüquq-mühafizə orqanları, rabitə və digər sahələr üçün yeni obyektlər inşa olunur. Həmin obyektlərdə müasir iş şəraiti yaradılır. Bu cəhətdən 2013-cü il də istisna deyil. Hazırda rayon mərkəzində və bir neçə kənddə müxtəliftəyinatlı obyektlərin inşası aparılır.  

Yolumuz xalq qəhrəmanının adını daşıyan Babək qəsəbəsinədir. Burada 4 ünvanda tikinti-quruculuq işləri aparılır, qəsəbədaxili yollar əsaslı təmir edilir, su və kanalizasiya layihəsi həyata keçirilir. Tikinti obyektlərindən biri rayon Mərkəzi Xəstəxanasının binasıdır. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan xəstəxana binasında son tamamlama işləri görülür. 30 çarpayılıq səhiyyə ocağında müxtəlif şöbələr fəaliyyət göstərəcək, əhaliyə yüksək səviyyədə tibbi xidmət üçün hərtərəfli şərait yaradılacaq, xəstəxananın maddi-texniki bazası gücləndiriləcək, bura müasir tibbi avadanlıqlarla təmin ediləcək. Rayon sakinlərinə böyük dövlət qayğısının ifadəsi olan bu yeni bina yerləşdiyi əraziyə, eləcə də qəsəbəyə yeni yaraşıq verir. 

Xəstəxana binasının yaxınlığında Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası yenidən qurulur. Yeri gəlmişkən qeyd edək ki, bu rayonda 5 dünya, 43 ölkə, 85 yerli əhəmiyyətli arxeoloji və memarlıq abidəsi, ziyarətgahlar var. Qədim tarixdən soraq verən bu abidələr haqqında muzey vasitəsilə hərtərəfli məlumat almaq mümkündür. Muzeydə rayon ərazisindən tapılmış çoxlu eksponat mühafizə olunur. Yeni bina istifadəyə verildikdən sonra muzey öz fəaliyyətini daha da gücləndirmək imkanı qazanacaq.
Muzeyin yaxınlığındakı abidə 1941-1945-ci illər müharibəsində həlak olmuş rayon sakinlərinə hörmət və ehtiramın ifadəsi kimi diqqəti çəkir. Hər üç quruculuq obyektinin yerləşdiyi ərazidə abadlıq işləri aparılır, gülkarlıqlar salınır.
Rayon mərkəzindən Nehrəm kəndinə gedən yolun solunda isə yeni uşaq bağçası tikilir. Ötən müddət ərzində tikinti işlərinin böyük hissəsi başa çatdırılıb.

Rayonun Çeşməbasar kəndində bir neçə il əvvəl istifadəyə verilmiş kənd tam orta məktəbinin binasında cari təmir və istilik sisteminin qurulması işləri aparılır. Məktəbin yerləşdiyi ərazidə kənd mərkəzi və həkim ambulatoriyası inşa olunur. Hər ikisi iki mərtəbədən ibarət olan obyektlərdə tikintiyə mart ayından başlanılıb. Hörgü işləri başa çatdırılıb, qapı-pəncərələr salınıb, çardaq hissə qurulub. Müasir arxitektura üslubunda inşa olunan obyektlərin yerləşdiyi ərazi abadlaşdırılır. İş icraçısı Adil Baxşəliyevin sözlərinə görə, hər iki obyektdə yerli inşaat materiallarından istifadəyə üstünlük verilib. Burada çalışan inşaatçılara hərtərəfli şərait yaradılıb. Təhlükəsiz iş şəraiti təmin olunan obyektlərdə keyfiyyət amili önə çəkilib. Yaradılan şərait hər üç obyektin nəzərdə tutulan vaxtda təhvil veriləcəyi qənaəti yaradır.
Rayonun ən böyük yaşayış məntəqəsi olan Cəhri kəndində 2007-ci ildə kompleks quruculuq tədbirləri həyata keçirilib. Burada Uşaq Musiqi Məktəbi və tam orta məktəb üçün binalar, kənd mərkəzi inşa olunub, kəndarası yol tamamilə asfaltlanıb. Bu tədbirlər cari ildə də davam etdirilir. Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə 2004-cü ildə istifadəyə verilən ikimərtəbəli xəstəxana binası təmir olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçıları onlara həvalə edilən işi keyfiyyətlə və vaxtında başa çatdırmaq üçün əzmkarlıqla çalışırlar.
Cəhri kəndində güclü maarifçilik ənənələri mövcuddur. Bu yaşayış məntəqəsindəki hər iki məktəb böyük uğurlara imza atır. Cari ildə kənddəki 1 nömrəli tam orta məktəb binasının yenidən qurulması cəhrililər tərəfindən rəğbətlə qarşılanıb. Mövcud məktəb binasına 3 korpus əlavə edilib, yeni idman zalı tikilib. Tədris ocağı fərdi qazanxanadan istifadə edəcək. Binada müasir, işıqlı sinif otaqları, laboratoriyalar, fənn kabinələri, kitabxana müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Kənddə daha bir quruculuq tədbiri yaşayış məntəqəsinin yuxarı hissəsində aparılır. Burada xidmət mərkəzi inşa olunur. Mərkəzdə mağazalar, müxtəlif xidmət sahələri fəaliyyət göstərəcək.
Rayonda aparılan quruculuq işlərindən biri də ölkə Prezidentinin müvafiq sərəncamı ilə Hacıvar-Sirab-Vayxır yolunun yenidən qurulmasıdır ki, bu tədbir də uğurla və keyfiyyətlə həyata keçirilir.

Göründüyü kimi, 2013-cü il də bu bölgə üçün böyük quruculuq tədbirləri ilə yadda qalacaq. Rayon sakinləri dərindən dərk edirlər ki, görülən bu işlər bölgədə yaşayan insanlara böyük qayğıdır. Belə tədbirlər onların qurub-yaratmaq əzmini daha da yüksəldir.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR