Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən icbari tibbi sığortanın tətbiqi, Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərlə bağlı təlim paketləri hazırlanmışdır.
Tərtib olunan plan-qrafikə uyğun olaraq təlimlər dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan bütün təşkilatların, eləcə də muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aidiyyəti sahə üzrə çalışan işçilərini əhatə edərək, mütəxəssislərin qeyd olunan dəyişikliklərə hazırlıq səviyyələrinin artırılmasına hədəflənmişdir.
Təlimlərə 5 mart tarixindən start verilmiş, 68 büdcə təşkilatından 77, muxtar respublikada fəaliyyət göstərən 89 sahibkarlıq subyektindən 116 olmaqla, ümumilikdə, 157 təşkilat üzrə 193 maliyyə-mühasibat işçisi cəlb edilmişdir. Keçirilən təlimlərdə Maliyyə Tədris Mərkəzinin direktoru tərəfindən ümumi məlumat verilmiş, təlimlərin əhəmiyyəti və məqsədi barədə danışılmışdır.
Maliyyə Nazirliyinin əməkdaşları təlimçi qismində təlim prosesinə cəlb edilmiş, onların təqdimatında tibbi sığortanın formaları, icbari tibbi sığortanın iştirakçılarının hüquq və vəzifələri, icbari tibbi sığorta üzrə sığorta haqları, onların məbləğləri və dərəcələri, hesablanması, ödənilməsi, hesabatın təqdim olunması, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin mahiyyəti və istiqamətləri barədə çıxışlar olmuş, məsələlərlə bağlı müvafiq tövsiyələr verilmişdir. Təlimlərin sonunda iştirakçılara nazirlik tərəfindən hazırlanmış və keçirilən təlimin əsas məqamlarının qeyd olunduğu xülasə xarakterli bukletlər təqdim edilmişdir.
Məlumat üçün bildiririk ki, növbəti dövrlərdə təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan maliyyə və mühasibat işçiləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti