22 Dekabr 2024, Bazar

Son illərdə muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac­yönümlü məhsul istehsalının stimullaşdırılmasına nail olunub. Yerli sahibkarlığın inkişafına yaradılan şərait isə məşğulluq səviyyəsinin artırılmasını və ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafını təmin edib.

Əkin sahələrinin genişləndirilməsi üçün təsərrüfat suyuna olan tələbatın ödənilməsi, qapalı suvarma şəbəkələrinin qurulması, torpaq mülkiyyətçilərinin güzəştli şərtlərlə kredit, texnika və avadanlıqlarla təmin olunması hesabına kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının aparıcı sahəsinə çevrilib. Artıq diyarımız bir çox kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edir.
İkinci çörək sayılan kartofa olan tələbatın ödənilməsi məqsədilə görülən işlər də bu cəhətdən diqqəti çəkir. Stimullaşdırıcı təsirə malik olan tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, kartof əkini sahələri ildən-ilə genişləndirilir. Qeyd edək ki, illər öncə muxtar respublikamızda bu sahənin inkişafı üçün qəbul edilən dövlət proqramı uğurla yerinə yetirilib. Ötən dövrdə də kartofçuluqda yeni uğurlar qazanmaq üçün məqsədyönlü tədbirlər diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, ötən il muxtar respublikada 3228 hektar sahədə kartof əkini həyata keçirilib. Şərur rayonu üzrə 16 min 890, Babək rayonu üzrə 8818, Culfa rayonu üzrə 3045, Ordubad rayonu üzrə 8538, Şahbuz rayonu üzrə 7573, Kəngərli rayonu üzrə 3240, Sədərək rayonu üzrə 1628, Naxçıvan şəhəri üzrə 360 ton məhsul əldə olunub. Qeyd etmək lazımdır ki, muxtar respublikada əkin atlaslarının hazırlanması, əkiləcək torpaqların yararlılıq səviyyəsinin öyrənilməsi üçün hərtərəfli şərait yaradılması da bol məhsul istehsalına daha geniş imkanlar açıb. Şərur rayonunun Ələkli, İbadulla, Babək rayonunun Nehrəm, Ordubad rayonunun Üstüpü və digər yaşayış məntəqələrində bu məhsulun istehsalına maraq getdikcə artır.
Kartof istehsalında başlıca diqqət yetirilən məsələlərdən biri də yüksək reproduksiyalı toxumlarla təchizat məsələsidir. Artıq bu da öz həllini tapıb. Muxtar respublikada yaradılmış toxumçuluq təsərrüfatları, ayrı-ayrı sahibkarlar keyfiyyətli toxum məhsulları ilə kartofçuluqla məşğul olanlara yaxından köməklik göstərir.
Məhsul bolluğunun yaradılmasında soyuducu anbarların istifadəyə verilməsinin də mühüm rolu var. Bu anbarlar bir tərəfdən məhsul satışı ilə bağlı meydana çıxan problemləri aradan qaldıraraq yerli istehsalla məşğul olmağa marağı artırırsa, digər tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatı üçün də geniş imkanlar yaradır. Artıq muxtar respublikada ümumi tutumu 15 min 940 ton olan 37 soyuducu anbar fəaliyyət göstərir. Kartof istehsalçıları da məhsulun saxlanılmasında və ilboyu daxili bazarı təmin etmək üçün soyuducu anbarlardan istifadə edirlər.
Bütün bunlar onu göstərir ki, kartof əhali üçün əsas ərzaq, istehsalçı üçün gəlir mənbəyidir. Artıq muxtar respublikada kənd təsərrüfatının bütün sahələrində, eləcə də kartofçuluq sahəsində ixtisaslaşmış təsərrüfat sahibləri fəaliyyət göstərir. Onlar kartof əkiləcək sahələrin hazırlanmasına və bu il də yüksək məhsuldarlığa nail olmağa çalışırlar.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR