Sədərək rayonunda taxılçılığa maraq ilbəil artır, hər il bol məhsul istehsal olunur. Həmçinin rayonda tədarük olunan taxılın qəbulu və emalı üçün də ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən “Sədərək” Taxıl Məhsulları Emalı Müəssisəsi də öz fəaliyyəti ilə rayonda taxılçılığın inkişafına xidmət edir. Gündəlik istehsal gücü 10 ton olan müəssisə emal bölməsindən, 2 anbardan və 3 iş otağından ibarətdir. Cari ilin əvvəlində emal müəssisəsində fəaliyyəti təkmilləşdirmək və istehsal olunan məhsulun keyfiyyətini artırmaq üçün Türkiyə istehsalı olan yeni avadanlıqlar quraşdırılıb. Hazırda burada birinci və ikinci növ un, o cümlədən kəpək istehsal olunur. Müəssisənin xidmətindən Sədərəklə yanaşı, Şərur rayonunun yaxın kəndlərinin taxıl istehsalçıları da istifadə edirlər.
Bu günlərdə “Sədərək” Taxıl Məhsulları Emalı Müəssisəsində müasir qurğularla təchiz edilmiş və günün tələbləri səviyyəsində qurulan lavaş sexi istifadəyə verilib. Gündəlik 20 kisə istehsal gücünə malik sexdə, işçilər üçün hərtərəfli əmək şəraiti yaradılıb, bütün zəruri texniki avadanlıqlar quraşdırılıb. Eyni zamanda müəssisənin ətrafında səliqə-sahman yaradılıb, yeni meyvə tingləri əkilib. Qeyd edək ki, yeni istifadəyə verilən sexdə 4 nəfər işlə təmin edilib.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirib ki, muxtar respublikada geniş vüsət alan tikinti-quruculuq işləri bu rayonu da əhatə edir, yeni emal müəssisələri və digər infrastruktur sahələri tikilərək istifadəyə verilir. İcra başçısı taxıl emalı müəssisəsinin və yeni açılan sexin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, yeni müəssisələrin açılması rayon əhalisinin məşğulluğunun təmin edilməsi baxımından da mühüm rol oynayır.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əmək resurslarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Muxtar respublikanın əmək bazarı müntəzəm olaraq təhlil olunur və nəticələrə əsasən zəruri tədbirlər həyata keçirilir. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Sonra Sədərək Rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov və sahibkar Fuad Qədimov çıxış edərək yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra tədbir iştirakçıları müəssisənin ərazisini gəzib, iş prosesi ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti