22 Dekabr 2024, Bazar

Mövcud inkişafın dayanıqlılığını təmin etmək yalnız elmi əsaslara söykənən düzgün iqtisadi siyasət nəticəsində mümkündür. Belə bir şəraitdə ölkəmizlə quru yolu ilə birbaşa əlaqəsi olmayan, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Bütün bunların başlıca səbəbi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada uğurla davam etdirilməsidir. Faktlara nəzər yetirdikdə əminlik yaranır ki, muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyasət daha böyük uğurlara yol açmaqdadır.

Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir innovativ müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Bu gün çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. Muxtar respublikada əldə edilən uğurları bir çox faktlarla təsdiq etmək mümkündür ki, onlardan biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqinin müəyyənləşməsi nəticəsində Naxçıvan Muxtar Respublikasının 2017 və 2018-ci illərdə 18 parametr üzrə ən yüksək bal toplayaraq lider olmasıdır.

Məlum olduğu kimi, bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri çərçivəsində birgə strateji tərəfdaşlığa əsaslanan dövlət sənədlərinin imzalanması, xüsusilə Naxçıvan Muxtar Respublikasının gələcək sosial-iqtisadi inkişafı baxımından Qars-İqdır-Naxçıvan dəmir yolu xəttinin və İqdır-Naxçıvan qaz xəttinin çəkilişi mühüm əhəmiyyət kəsb edir. Bu cür tarixi və mühüm sövdələşmə Naxçıvanın enerji və nəqliyyat potensialının artmasına, eləcə də alternativ enerji ehtiyatlarından istifadəsinə yeni imkanlar açır. Bu o deməkdir ki, Naxçıvanda istehsal edilən rəqabətqabiliyyətli məhsullar dəmir yolu vasitəsilə daha böyük bazarlara ixrac olunacaq. Eyni zamanda Qars-İqdır-Naxçıvan dəmir yolunun fəaliyyətə başlaması ilə Naxçıvanın mövcud turizm potensialı da artacaq ki, bu da, öz növbəsində, muxtar respublika iqtisadiyyatına əlavə gəlir gətirəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2020-ci il 6 fevral tarixli Sərəncamı ilə 2020-ci ilin Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilməsi də məhz müxtəlif sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların xarici bazarlara çıxarılmasına böyük stimul yaradır. Bu da muxtar respublikada sahibkarlığın inkişafına yönəlmiş mühüm tədbirlərin davamı kimi diqqət çəkir. Sosial-iqtisadi inkişafa statistik rəqəmlərlə nəzər saldıqda görürük ki, 2019-cu ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 497 milyon 68 min 600 ABŞ dolları təşkil edib. Bu dövriyyənin 425 milyon 539 min 400 ABŞ dollarını ixrac, 71 milyon 529 min 200 ABŞ dollarını idxal təşkil edib və 354 milyon 10 min 200 ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Eyni zamanda muxtar respublikada 2020-ci ilin yanvar ayında 173 milyon 71 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 376,4 manat olub. Qeyd edək ki, bu göstəricilər muxtar respublikada makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunmasını bir daha göstərir.
Əminliklə deyə bilərik ki, bu gün muxtar respublika iqtisadiyyatı davamlı inkişaf yolundadır. Əlverişli investisiya mühitinin yaradılması, sahibkarlığa göstərilən dövlət dəstəyi bu inkişafı daha da sürətləndirir. Bu yaxınlarda Türkiyə Respublikası ilə imzalanmış sənədlər isə yaxın gələcəkdə muxtar respublika iqtisadiyyatına yeni töhfələr verəcək.

Nihad Mehbalıyev
Naxçıvan Dövlət Universitetinin
İqtisadiyyat kafedrasının müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR