Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğunun diqqətdə saxlanılması 2020-ci ilin fevral ayında da davam etdirilmiş, ümumilikdə, məhsul nümunələrinin 145 halda, o cümlədən qida məhsullarının 140 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunmuş və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.
Muxtar respublikaya idxal edilən uşaq qidalarının 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu müəyyən edilmişdir. Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 23 qida istehsalı müəssisəsinə, 26 ictimai iaşə və xidmət sahəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür.
Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların, təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 25 məktəbin bufetində, 4 digər təhsil müəssisəsinin bufet və yeməkxanasında, 19 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 9 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmış və aşkar olunmuş bir sıra nöqsanlar yerində aradan qaldırılmışdır.
“Muxtar respublikada əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət üzrə birgə Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə müvafiq komissiya tərəfindən 49 təsərrüfat subyektində 176 işçinin tibbi müayinələri ilə bağlı monitorinqlər aparılmış, 18 işçi tam tibbi müayinələrdən keçmişdir. Natamam tibbi müayinədən keçmiş 158 işçiyə konkret vaxt verilməklə tam tibbi müayinədən keçmələri təmin edilmişdir. Komissiya tərəfindən 41 təsərrüfat subyektində 154 obliqat qrup işçilərdən qan nümunələri götürülmüş və müvafiq tibbi nəzarət təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində bal məhsullarının 2 halda laboratoriya analizləri aparılmış və standartlara uyğunluğu müəyyən edilmişdir. Ali Məclis Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində 2020-ci ilin fevral ayında, ümumilikdə, 6 ailə təsərrüfatına 1274 etiketin hazırlanmasında müvafiq köməklik göstərilmişdir. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət üçün məhsullardan 53 halda nümunələr götürülərək laboratoriyaya təqdim olunmuş və standartlara uyğunluğu müəyyən edilmişdir.
2020-ci ilin fevral ayında alkoqollu içkilər istehsal edən 3 müəssisədə istehsal olunan arağın 3 halda laboratoriya analizləri aparılaraq standartlara uyğunluğu müəyyən edilmişdir. 91 bərbərxana, gözəllik salonu, ət satışı mağazası və topdansatış obyektlərinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilmiş, 2 gözəllik salonunda təmir işləri aparılmışdır. Monitorinqlər zamanı qanunvericiliyə uyğun olmadığından 1 informasiya xarakterli lövhənin istifadəsi qadağan edilmişdir.
Enerji içkilərinin satışına nəzarət məqsədilə yoxlamalar aparılmış, 1 adda enerji içkisinin markalanmasının sanitariya normaları və qaydalarının tələblərinə tam uyğun olduğu, 5 adda enerji içkisinin markalanmasında isə Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar edilmiş və təsərrüfat subyektləri təlimatlandırılmışdır. Həmçinin muxtar respublikada istehsal olunan məhsulların markalanmasına nəzarət məqsədilə 12 istehsal müəssisəsində maarifləndirmə xarakterli monitorinqlər aparılmış, 5 müəssisədə istehsal olunan məhsulların etiketlərində orfoqrafik səhvlərin olduğu aşkarlanmış və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təsərrüfat subyektləri məlumatlandırılmışdır. 2020-ci ilin fevral ayında meteoroloji norma və qaydalara uyğun olaraq 481 ölçmə vasitəsi yoxlanılmışdır.
Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə 126 məişət qaz cihazına baxış keçirilmiş, təhlükəsizliyi təmin olunmayan 10 məişət qaz cihazının idxalına və satışına icazə verilməmişdir. Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti