22 Dekabr 2024, Bazar

Sahibkarlığın inkişaf etdirilməsi muxtar respublikada mühüm sahələrdən biri hesab olunur. Son illərdə dövlət tərəfindən bu sahənin inkişafı üçün böyük addımlar atılıb, mühüm layihələr həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hər il sahibkar­larla görüşməsi, onlara tapşırıq və tövsiyələrini verməsi, eləcə də özəl sektorun inkişafı ilə əlaqəli olan dövlət qurumları qarşısında mühüm vəzifələr qoyması muxtar respublika iqtisadiyyatında hərtərəfli inkişafın əldə olunmasına şərait yaradıb. Ali Məclisin Sədri sahibkarlarla son görüşündə də bu mövzuya toxunaraq deyib: “…Muxtar respublikada sahibkarlığın inkişafı üçün bütün tədbirlər görülmüşdür. Qalır yaradılan imkanlardan səmərəli istifadə etmək. Aid dövlət qurumları yerli xammala əsaslanan və tələbatı ödəyən istehsal sahələrinin yaradılması istiqamətindəki səylərini artırmalı, biznes-planlar düzgün hazırlanmalı, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə yol verilməməlidir. Sahibkarlar da onlar üçün yaradılmış işgüzar mühitdən səmərəli istifadə etməli, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsal olunmalıdır…”
Məlum olduğu kimi, 2020-ci il muxtar respublikada “İxrac ili” elan olunub. Bununla bağlı imzalanmış sərəncamın preambula hissəsində qeyd olunur ki, “Naxçıvan Muxtar Respublikasında 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Kənd təsərrüfatı və xidmət sahələrində müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması, aqrar sənayenin inkişafının dəstəklənməsi istehsalçıların xarici bazarlara çıxışlarını və bu istiqamətdə təşviq tədbirlərinin artırılmasını zəruri etmişdir…”
Vurğulayaq ki, bu gün muxtar respublikada, ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötüb. Xarici ticarət dövriyyəsi həcminin yarım milyard dollara yaxınlaşması, son 10 ildə bu dövriyyədə müsbət saldonun qorunub saxlanılması və ildən-ilə saldo həcminin artması ixrac üçün əlverişli şərait yaradır. Nəzərə alaq ki, təkcə bu ilin yanvar ayında muxtar respublikada 32 milyon 828 min 500 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb, ixracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 24 milyon 45 min 800 ABŞ dolları təşkil edib. Eyni zamanda bu ilin ilk ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulları istehsalında 1 faiz, kənd təsərrüfatında 3,1 faiz artımın qeydə alınması muxtar respublikanın ixrac potensialının davamlı olaraq yüksəlməsini göstərir. Məhz bu cür iqtisadi şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 6 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ixrac potensialı­nın və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi çox böyük əhəmiyyət daşıyır.
Məlumdur ki, məhsul ixrac etmək hər bir ölkə üçün mühüm istiqamətlərdən sayılır. Çünki ixrac təkcə məhsul satıb vəsait əldə etməklə məhdudlaşmır. İxrac bir ölkənin tanınmasına, onun həm iqtisadi, həm siyasi nüfuzunun artmasına təsir göstərən vasitədir. İxrac, yeni bazarların, deməli, yeni ölkələrin “kəşf edilməsi”, həmin ölkələrin məişətinə, həyat tərzinə nüfuz etmək deməkdir. Bu gün dünya iqtisadi bazarında müxtəlif sektorlar üzrə kütləyə, sözün həqiqi mənasında, diktə edən istehsalçı ölkələr var. Yüksək rəqabət­qabiliyyətli məhsul istehsalına və bu məhsulun əlçatanlığı üçün ən müasir vasitələrdən yararlanan belə istehsalçıların istehlakçılara verdiyi yalnız bir vəd var: keyfiyyətli məhsul istehsal etmək! Buna görə də muxtar respublika rəhbəri sahibkarlarla görüşündə daim iqtisadi dayanıqlılığın əsasının yalnız rəqabətədavamlı məhsul istehsalında olduğunu bildirir və bunun üçün lazımi şəraitin yaradıldığını nəzərə çatdırır. Rəqabətədavamlı məhsul istehsalı isə həm daxili bazarın tələbatını ödəmək, həm də məhsul ixracını həyata keçirmək üçün əsas şərtdir. Elə Ali Məclis Sədrinin sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planının ilk bəndi də yerli xammala əsaslanan rəqabətqabiliyyətli müəssisələrin yaradılmasını nəzərdə tutur.
Məlum tədbirlər planında qarşıya qoyulan vəzifələrin hər biri özlüyündə mühüm məqsədləri müəyyənləşdirir. Bu vəzifələrin hər biri haqqında ayrılıqda bəhs etmək çox vaxt aparsa da, bunu ümumiləşdirərək belə nəticəyə gəlmək mümkündür:
1. Muxtar respublikada aqrar və sənaye istehsalı üçün böyük potensial var və bu potensial rəqabətqabiliyyətli məhsul istehsal etməyə imkan verir.
2. Çoxsaylı ailə təsərrüfatlarının, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinin ixrac məhsullar istehsal etməsinə dövlət tərəfindən lazımi dəstək göstərilir və bu, qarşıdakı dövrdə yenə də davam etdiriləcək.
3. İxrac məhsulları istehsalçılarına həm vergi, həm də gömrük rüsumları ilə bağlı böyük güzəştlər tətbiq ediləcək, eyni zamanda ixrac məhsul istehsalı üçün xammal idxalına və məhsulların qablaşdırılmasına da güzəştli tariflər nəzərdə tutulub.
4. Sahibkarlar ixrac olunacaq məhsullar üçün güzəştli kreditlər, bazar araşdırmaları, xarici ölkələrdə ticarət tərəfdaşlarının tapılması, beynəlxalq sərgilərdə iştirak etmək və sair məsələlərlə bağlı müvafiq dövlət qurumlarının köməyindən yararlana biləcəklər.
Bir sözlə, Ali Məclis Sədrinin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında qarşıya qoyulmuş vəzifələr ixrac məhsul istehsalçıları qarşısında yeni və daha geniş imkanlar açır. Bütün bunlar isə onu deməyə əsas verir ki, “İxrac ili” çərçivəsində atılacaq addımlar Naxçıvanın istehsalçı region kimi imicinin formalaşmasına töhfəsini verəcək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR