Bank sistemində, bütövlükdə, iqtisadi inkişafda ölkəmizin qazandığı dayanıqlı inkişaf xətti özünü ölkə başçısının “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 2012-ci il 14 mart tarixli Fərmanı ilə ötən ilin ikinci yarısından başlayaraq keçmiş SSRİ dövründə məlum proseslər nəticəsində batmış əmanətlərin qaytarılması ilə bir daha göstərmişdir. Dövlətimiz özünə aid olmayan təəhhüdü, yəni keçmiş SSRİ-nin batırdığı əmanətləri qaytarmaqla mənafeləri pozulmuş əmanətçilərə və onların varislərinə, bütövlükdə, bütün ölkə əhalisinə qayğısını bir daha nümayiş etdirmişdir. Azərbaycanda həmin əmanətlərin qaytarılmasında əmanətçilərin xeyrinə tətbiq olunan qiymətləndirmə indiyə qədər MDB məkanında tətbiq olunmuş ən yüksək qiymətləndirmədir. Əhalinin bütün təbəqələrinin maraqları nəzərə alınmaqla əmanətlərin geri qaytarılması zamanı yarana biləcək hüquqi və texniki məsələlərin həll olunması üçün verilən imkanlar və kifayət qədər vaxt da dövlətin bu məsələnin həllinə nə qədər maraqlı olduğunu bir daha göstərir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, muxtar respublikada fəaliyyət göstərən Kapital Bankın Baş İdarəsi və onun rayon filialları tərəfindən əmanətlərin qaytarılması üçün lazımi şərait yaradılmışdır. 2012-ci il iyun ayının 1-dən başlayaraq 2013-cü il sentyabr ayının 10-dək olan məlumata görə, 37 min 524 nəfər əmanətçiyə 13 milyon 992 min 555 manat nağd pul vəsaiti ödənilmişdir. Qeyd edək ki, əmanətlərin qaytarılması 2013-cü il dekabr ayının 31-dək davam etdiriləcəkdir.
Xəbərlər şöbəsi