22 Dekabr 2024, Bazar

İnsan sağlamlığı cəmiyyətin sərvətidir. Yalnız sağlam olanlar dövlətin və xalqın xeyrinə qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından tam istifadə edə bilərlər. Odur ki, Naxçıvan Muxtar Respublikasında insanların sağlamlığının qorunmasına, səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Səhiyyə sistemində aparılan islahatlar tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, xidmətin keyfiyyətcə yaxşılaşmasına zəmin yaradıb. 

Son illər Naxçıvan şəhərində fəaliyyət göstərən əksər səhiyyə müəssisələri üçün yeni binalar inşa edilib, bölgələrimizdə müasir tələblərə cavab verən xəstəxanalar tikilərək istifadəyə verilib. Muxtar respublikanın ən böyük səhiyyə müəssisəsi olan Naxçıvan Muxtar Respublika Xəstəxanası binasının yenidən qurulması da səhiyyə quruculuğu istiqamətində atılan növbəti addımdır.

2012-ci ilin avqust ayından başlayaraq “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən qurulan binada ilkin mərhələdə binanın təməl hissəsinin daha da möhkəmləndirilməsi məqsədilə ətraf xüsusi beton örtüyü ilə əhatələnib, zirzəmidə üçmərhələli izolyasiya işləri aparılıb. Hazırda binada hörgü, sonuncu mərtəbədə qəlib-beton işləri gedir.
Adıçəkilən tikinti təşkilatının memarı Ağalar Əsgərovun bildirdiyinə görə, bina zirzəmi və yarımzirzəmi qatları ilə birgə 8 mərtəbədən ibarət olacaq. Xəstəxana binasının 4 korpusunun hər birində yük və sərnişin liftləri quraşdırılacaq. Binanın giriş hissəsi oval şəbəkəbənd formasında olacaq və bu, səhiyyə ocağına gələnlərə asanlıqla bir korpusdan digərinə keçmək imkanı yaradacaq. Binanın fasad hissəsi klassik və müasir memarlıq elementləri ilə zənginləşdiriləcək. Fasadda üzlük daş, poliestr və digər yerli inşaat materiallarından istifadə olunacaq. İnteryerdə aparılan dizayn işləri zamanı avanqard metodlardan istifadə ediləcək.
Yeni layihəyə əsasən, binanın zirzəmi və yarımzirzəmi hissəsində masaj salonu, SPA mərkəzi, hovuz, duş kabinələri, morq, həkim və tibb bacıları üçün otaqlar və xidməti yerlər yaradılacaq. Birinci mərtəbə stomatoloji kabinələr, təcili yardım, palatalar, fizioterapiya, ot vannası və Naftalan nefti ilə müalicə kabinələri, rentgen, əməliyyat otaqları üçün nəzərdə tutulub. Qalan mərtəbələr isə xəstəxananın şöbə və bölmələri, həkim və tibb bacıları, palatalar və digər müayinə və müalicə otaqları, laboratoriyalar, istirahət guşələri üçün ayrılıb. Binanın sonuncu mərtəbəsində geniş akt zalı, tibb sahəsində təhsil alan tələbələr üçün siniflər, kafe yerləşəcək.
Ümumiyyətlə, bu günə qədər görülən işlərin miqyası və keyfiyyəti, eləcə də binanın yeni layihəsi ilə tanışlıqdan belə qənaətə gəlmək olar ki, bu xəstəxana yenidənqurmadan sonra nəinki muxtar respublikanın, hətta bütün regionun ən nəhəng səhiyyə ocaqlarından biri olacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR