Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərur rayonunda bütün sahələrdə əldə olunan nailiyyətlərin həcmi ötən il bir qədər də artıb, insanların gün-güzəranı daha da yaxşılaşıb. Belə də olmalıdır. Çünki Ulu Tanrı öz səxavətini bu qədim yurd yerindən əsirgəməyib. Torpaqlarının bərəkətinə söz ola bilməz. Qədim tarixi abidələri min illərdən bu günə boylanan körpüdür. İnsanları yurd, torpaq təəssüblüdürlər. Elm, mədəniyyət xadimlərinin səsi-sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Tarixə qovuşan 2019-cu ildə bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, reallaşdırılan iqtisadi layihələrin rayona gətirdiyi yeniliklər saymaqla qurtaran deyil. Həmin yeniliklər muxtar respublikanın bütün bölgələri kimi, Şərurun da ayrılmaz həyat ritminə çevrilib. Burada kiminlə həmsöhbət olsan, görülən işlərdən razılıqla danışır, minnətdarlığını bildirir. Bu da təbiidir. Onlar qədim diyarın müasirliyə qovuşmasına ürəkdən sevinir, qurulub-yaradılanların qayğısına qalmağı özlərinin vətəndaşlıq borcu sayırlar.
Şərurun quruculuq xəritəsində 2019-cu ilin ərməğanları
Bu gün oxucularımız da təsdiq edərlər ki, qədim diyarımızın hansı ünvanında – istər rayon mərkəzlərində, istərsə də ən ucqar dağ və sərhəd yaşayış məntəqələrində ilk olaraq yenilənmiş yollar diqqətimizi cəlb edir. Elə Şərurda da belədir. Qədim yurd yerinin dünya standartlarına cavab verən yolları böyük təşkilatçılıq, sabaha cavabdehlik hissinin ifadəsidir. Bu böyük layihə həm də “Mədəniyyət yoldan başlanır” deyimini yada salır. Hazırda da bir neçə ünvanda belə tədbirlər davam etdirilir və bu barədə bir qədər sonra ətraflı söhbət açacağıq.
Məlumat üçün bildirək ki, 2019-cu ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələrindən əsas kapitala 79 milyon 377 min 200 manat investisiya yönəldilib. Bunun 75 milyon 306 min 800 manatı tikinti-quraşdırma işlərinə sərf olunub. İl ərzində 71 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir edilib. 27 müxtəlif təyinatlı obyektin tikintisi və ya yenidən qurulması davam etdirilib. Göründüyü kimi, bunlar heç də kiçik rəqəmlər deyil və bu rəqəmlərin arxasında insana qayğı dayanır.
Bu gün şərurlular sevinc içərisindədirlər ki, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətlərinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin məşğulluğunun artırılması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev 2019-cu il 13 sentyabr tarixdə Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında Fərman imzalayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şərur Sənaye Məhəlləsinin yaradılacağı ərazidə görülən işlərlə tanış olub və tikinti işlərinin layihəyə uyğun aparılması, daha çox tələbat olan məhsulların istehsalına üstünlük verilməsi, mühəndis-texniki tələblərə əməl olunması barədə müvafiq tapşırıqlar verib. Burada ehtiyac duyulan sənaye üzrə istehsal sahələri, habelə xidmət müəssisələri fəaliyyətə başlayacaq. Yeni iş yerləri yaradılacaq. Bu da əhalinin məşğulluğuna töhfələrini verəcək.
Yeri gəlmişkən qeyd edək ki, ötən il rayonda dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 26 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 13 layihənin icrası isə davam etdirilib. Müasir sənaye müəssisələrinin yaradılması və sənayenin infrastruktur təminatının yaxşılaşdırılması məhsul istehsalının həcmini artırıb. 2019-cu ildə rayonda 96 milyon 545 min 900 manat dəyərində sənaye məhsulu istehsal olunub.
Bu dövrdə təhsil, səhiyyə, mədəniyyət ocaqlarının tikintisi, yol və digər infrastrukturların yenilənməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, bəhs olunan dövrdə Şərur şəhərində Mərkəzi və Uşaq xəstəxanalarının, Mərkəzi univermağın əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb, Şərur şəhərində 3 çoxmənzilli yaşayış binasında isə son tamamlama işləri aparılıb, Maxta kəndində Çernobıl əlili üçün yaşayış binası inşa olunub.
Mədəniyyət Sarayının, “Naxçıvanbank”ın rayon filialının inzibati binasının, 35/10 kilovoltluq subartezian yarımstansiyasının, müasir yaşayış binasının, Təqaüdçülər Klubunun, Mərasim evinin tikintisi və yenidən qurulması davam etdirilir.
Rayon mərkəzi ilə yanaşı, Kərimbəyli, Qışlaqabbas, Muğanlı, Alışar, Yeni Havuş-Xətai və Xələc kəndlərində də kompleks quruculuq işləri aparılıb. Sözügedən kəndlərdə tam orta məktəb binalarının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyalarının tikintisi və yenidən qurulması işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilib, adıçəkilən kəndlərdə 40 kilometrdən artıq yol infrastrukturu tamamilə yenilənib. Heydər Əliyev prospektini və altı küçəni əhatə edən 11 kilometrlik avtomobil yolunda, Daxili Qoşunlar üçün nəzərdə tutulmuş binalarda, 3 saylı Sərhəd Zastavasında, Muğancıq Mehrab və Məmmədsabir kəndlərində kompleks quruculuq işləri davam etdirilir.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində noyabr ayının 9-da Ali Məclis Sədrinin iştirakı ilə keçirilən açılış tədbirində Zeyvə və Düdəngə kəndlərində içməli su sistemi istifadəyə verilib. Sözügedən layihənin davamı olaraq artıq Cəlilkənddə içməli su şəbəkəsinin tikintisinə başlanılıb, Dizə kəndində isə gücü saniyədə 271 litr olan sutəmizləyici qurğunun və 27 min kubmetr həcmində üç su anbarının tikintisi davam etdirilir.
Həyata keçirilən bütün layihələr bir məqsədə ünvanlanıb: şərurluların yaşayış səviyyəsini yaxşılaşdırmaq, insanların layiq olduğu səviyyədə yaşamasına nail olmaq. Rayon sakinləri də bu həqiqəti dərindən dərk edir, rayonun, muxtar respublikanın və nəticə etibarilə ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.
Torpaq mülkiyyətçiləri bu qiymətli sərvətin qədrini bilirlər
Rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə aqrar sektorda kompleks tədbirlər həyata keçirilməsinin davamlı xarakter alması daxili bazarda məhsul bolluğu yaradıb. 2019-cu ildə 17 min 115 hektar sahədən müxtəlif kənd təsərrüfatı məhsulları tədarük edilib. “Öz taxılım, öz təknəm!” prinsipini yaşadan şərurlular 4127 hektar taxıl əkini sahəsindən 13 min 947 ton məhsul götürüblər.
Kartofçuluqda zəngin təcrübə qazanılmış rayonda 1094 hektar kartof əkilmiş sahədən 16 min 890 ton məhsul tədarük edilib. Tütünçülüyün inkişafına da son illərdə diqqət xeyli artıb. Bunun ifadəsidir ki, ötən il 2,5 hektar sahədə tütün əkini aparılıb, sahələrdən 3,4 ton tütün yığılıb.
Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə rayonda dörd soyuducu anbar yaradılıb. Əlavə olaraq üç soyuducu anbar genişləndirilib. Bir yeni soyuducu anbarın yaradılması, bir soyuducu anbarın genişləndirilməsi, Ələkli kəndində istixana təsərrüfatının qurulması isə davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası rayonda əhalinin belə məhsullara olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə geniş imkanlar açıb. Bəhs olunan dövrdə barverən üzüm bağlarından 1582 ton məhsul yığılıb, yeni üzüm bağları salınıb.
Bölgədə məhsul istehsalçılarının müasir kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı da diqqət mərkəzində saxlanılıb, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 1 milyon 669 min 900 manat dəyərində 86 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə sahibkarlara satılıb.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafının daim dəstəklənməsi iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayının, ət və süd məhsulları istehsalının həcminin artmasına müsbət təsir göstərib. Belə ki, bəhs olunan dövrdə rayonda 5 heyvandarlıq və 1 quşçuluq təsərrüfatının yaradılması, 4 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Bu dövrdə rayonda diri çəkidə 8627,1 ton ət, 28707,6 ton süd, 22258 min ədəd yumurta, 194,4 ton yun istehsal edilib.
Arıçılığın inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq bu sahədə müvafiq tədbirlər görülüb, bir arıçılıq təsərrüfatının yaradılması, birinin isə genişləndirilməsi davam etdirilib, 188 ton bal istehsal olunub.
Ümumilikdə, 2019-cu ildə rayonda 155 milyon 962 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
Digər sahələrdə də uğurlar artır
Adıçəkilən dövrdə rayonda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi davam etdirilib, görülən tədbirlər təhsilin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradıb. 2018-2019-cu tədris ilində rayonun tam orta məktəblərini 531 məzun bitirib, 1 nəfər qızıl, 3 nəfər gümüş medala, 6 məzun tam orta, 5-i isə ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb. Onlardan 435-i ali məktəblərə sənəd verib. 262 abituriyent ali məktəblərə qəbul olunub. Tələbə adını qazananlardan 46-sı 500-700 intervalında bal toplayıb. Dərvişlər kənd tam orta məktəbinin məzunu isə qəbulda əldə etdiyi yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülüb.
Xüsusi təyinatlı məktəblərə 5, Heydər Əliyev adına Hərbi Liseyə 29, Naxçıvan Tibb Kollecinin Hərbi feldşer ixtisasına isə 5 nəfər daxil olub.
Ötən il ərzində rayonda idmanın inkişafı, federasiyaların, federasiya bölmələrinin fəaliyyəti də diqqətdə saxlanılıb. Bunun ifadəsidir ki, 2019-cu il ərzində rayonun idmançıları bir sıra nailiyyətlər əldə ediblər. 1 nəfər Naxçıvan Muxtar Respublikası Şahmat Mərkəzində keçirilən əmsal yarışında I, Bakı şəhərində keçirilən Azərbaycan birinciliyində isə IV yerin qalibi olub. Oktyabr ayında Rumıniyanın paytaxtı Buxarestdə yeniyetmələr arasında keçirilən ağır atletika üzrə Avropa çempionatında Tərmenxan Babayev rekordu təzələyərək qızıl medal qazanıb.
İlin yekununda Şərur Rayon Şahmat Məktəbi muxtar respublika üzrə 3-cü yerə layiq görülüb, məktəbin 2 nəfər müəllimi və 2 nəfər şagirdi mükafatlandırılıb.
Muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılması insan amilinə verilən dəyərin ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 25 yanvar tarixdə imzaladığı “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq iyun ayının 1-dən rayon ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb, Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı muxtar respublikada ifa edilən 20 yallının reyestri təsdiq edilib, oktyabr ayından isə “Yallı” filminin çəkilişinə başlanılıb.
Şərur Xalq Yallı Ansamblı 2019-cu ilin may-iyun aylarında Ukraynanın Kiyev və Türkiyə Respublikasının Ərzurum şəhərlərində Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə keçirilən tədbirlərdə yüksək səviyyədə iştirak edib. Şərur Rayon Xalq Teatrı 2019-cu ilin iyun ayında Bakıda keçirilən “III Respublika xalq teatrlarının festivalı”nda II yerə layiq görülüb.
2019-cu ildə rayonda əhalinin məşğulluğu, məhdud fiziki imkanlıların və aztəminatlı ailələrin problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu dövrdə rayonda 500-dən yuxarı yeni iş yeri yaradılıb.
Şərurlular 2020-ci ilə yüksək əhval-ruhiyyə ilə qədəm qoyublar
Rayondakı bu ruh yüksəkliyini həmsöhbət olduğumuz insanların çöhrələrindən, söhbətlərindən, həyatın öz axarı ilə davam etməsindən görmək mümkün idi. Tikinti-quruculuq işləri davam etdirilir, emal və sənaye müəssisələri yeni ildə də böyük uğurlar qazanmaq əzmi ilə çalışır, insanlar rayonun daha da çiçəklənməsi, iqtisadi cəhətdən güclənməsi üçün səy və bacarıqlarını əsirgəmirlər. Ötən il qazanılanları son hədd hesab etməyən rayon sakinləri 2020-ci ildə də yüksək göstəricilərə nail olacaqlarına inanırlar. Çünki arxalarında güclü dövlətin durduğunu görürlər. Belə dövlətin vətəndaşları olmaqla qürur duyurlar. Bilirlər ki, nail olunan hər bir uğurun təməlində insana, onun layiq olduğu səviyyədə yaşamasına qayğı dayanıb. Bu qayğı getdikcə artır, insanların həyat tərzi yaxşılaşır.
Muxtar MƏMMƏDOV
Elman MƏMMƏDOV