Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecində tələbələr üçün təlim keçirilib.
Proqrama uyğun olaraq Maliyyə Nazirliyinin əməkdaşı Ramil Hüseynov tərəfindən “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Elektron materiallar vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi, dövlət büdcəsinin layihəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət və büdcədənkənar fondlar, ehtiyat fondları haqqında ətraflı məlumat verilib.
Maliyyə Nazirliyinin digər əməkdaşları Xəlil Vəlizadə və Qənbər Xudiyev tərəfindən “Fərdi və ailə büdcəsinin tərtibi, tətbiqi” mövzusunda təlim keçilib. Mövzuya müvafiq olaraq fərdi büdcənin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, ailə büdcəsinin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışılıb.
Sonuncu mərhələdə isə tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 4 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti