İnsana qayğı olan yerdə...
İnsana qayğı göstərilən, onun yaxşı yaşayışı diqqət mərkəzində saxlanılan məmləkətlərdə həmişə inkişaf və tərəqqi olub. Blokada şəraitində yaşayan Naxçıvanda inkişafa nail olmağın çətinlikləri birə-beş qat artıq olsa da, inkişaf faktı faktlığında qalır. Təbii ki, bütün bunlar hər bir naxçıvanlı üçün qürur mənbəyinə çevrilib. Bu torpağın yurdsevər insanları inkişaf və tərəqqinin ön sıralarında getməyi, bu prosesə töhfə verməyi özlərinin vətəndaşlıq borcu sayırlar.
Muxtar respublikamızın qovuşduğu bu firavan günləri Şərur rayonunun Qarxun kəndinin də timsalında aydın görmək olar. 605 təsərrüfatı, 2130 sakini olan Qarxun Şərur şəhərindən 2 kilometr aralıda yerləşir. Son illər bu yaşayış məntəqəsində aparılan kompleks quruculuq tədbirləri kəndə müasir görkəm verib.
2008-ci ildə ikimərtəbəli kənd mərkəzi inşa olunub. Burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə və baytarlıq məntəqələri üçün müasir tələblər səviyyəsində iş şəraiti yaradılıb. Rabitə evində poçt bölməsi fəaliyyət göstərir, 300 nömrətutumlu ATS üçün otaq ayrılıb. Binanın ərazisində yaşıllıq zolağı və gülkarlıq salınıb, 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə abidə ucaldılıb, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin büstünün ətrafı abadlaşdırılıb.
Qarxunda eyni vaxtda tikilib istifadəyə verilən ikimərtəbəli həkim ambulatoriyası da sakinlərin ürəyincədir. 12 nəfərin çalışdığı ambulatoriyada əhaliyə nümunəvi səhiyyə xidməti göstərmək üçün hərtərəfli şərait var. Ambulatoriya lazımi tibbi avadanlıqlarla, dərman preparatları ilə təchiz edilib.
Kənddə bir neçə emal və istehsal müəssisəsi fəaliyyət göstərir. Sahibkarlığın inkişafına göstərilən qayğı kənd adamlarının məşğulluq problemlərinin həllinə yaşıl işıq yandırıb. Belə ki, kənddə fəaliyyət göstərən 2 un dəyirmanında 16 nəfər çalışır. Üç çörək sexində isə 18 qarxunlu özünə daimi iş yeri tapıb. Fəaliyyət göstərən qum-çınqıl emalı karxanasında isə işləyənlərin sayı 20 nəfərdən artıqdır.
Axşamlar uzaqdan baxanda kəndin sayrışan işıqları göz oxşayır. Bütün evlərdə mavi qaz şölələnir. İçməli su təchizatında da heç bir problem yoxdur. 19 subartezian quyusundan bütün evlərə su xətti çəkilib.
İnkişafın əsas göstəricilərindən biri də müasir yol şəbəkəsinin yaradılmasıdır. Yol çəkmək, körpü salmaq xeyirxah işdir. Kəndi Naxçıvan-Sədərək avtomagistralı ilə birləşdirən yolun uzunluğu 4,5 kilometrdir. Ötən il ərazidə genişmiqyaslı quruculuq işləri davam etdirilərkən bu yol da yenidən qurulub. Yol yatağı genişləndirilib, asfalt örtük salınıb, müxtəlif hissələrdə 19 su keçidi qoyulub, yol kənarlarında 320 metr yeni hasar çəkilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yolun açılış mərasimində kənd sakinlərini təbrik edərək demişdir: “Əvvəlki illərdə bu kənddə yeni kənd mərkəzi, həkim ambulatoriyası, ticarət mərkəzi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Bu gün isə yeni məktəb binası, kənd yolu və xidmət mərkəzi istifadəyə verilir. Aparılan kompleks quruculuq işlərindən sonra Qarxun kəndi bu gün muxtar respublikanın kompleks abadlaşan kəndlərinin sırasına daxil olur”.
Təbii ki, kəndin ən böyük sərvəti onun insanlarıdır. Görülən bütün bu işlər, əzəmətli tikinti-quruculuq tədbirləri onların sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. İnsana qayğı olan yerdə firavan həyat bərqərar olur. Burada yaşamaq da gözəldir, işləmək də.
Kəndin mədəni həyatı
Qarxunda əhalinin asudə vaxtının səmərəli təşkilində kənd mərkəzində fəaliyyət göstərən kitabxana və mədəniyyət evinin üzərinə mühüm vəzifələr düşür. Qeyd edək ki, kənd camaatı kitabxananın fondunda olan 4 min kitabdan istifadə edir. Bunlardan 2000 ədədi ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində latın qrafikası ilə çap olunmuş kitablardır. Mədəniyyət evinin fəaliyyətindən də razılıqla danışmaq olar. Burada mədəni-kütləvi tədbirlər təşkil olunur, kənd adamlarının boş vaxtlarının səmərəli keçirilməsi diqqətdə saxlanılır.
Ötən il kənddə ucaldılan zirzəmi ilə birlikdə üçmərtəbəli tam orta məktəb binası da yeni quruculuq ərməğanlardandır. 2011-2012-ci dərs ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan Qarxun kənd tam orta məktəbi muxtar respublikanın qabaqcıl təhsil ocaqlarından sayılır. 504 şagird yerlik məktəb binasında gələcək perspektiv də nəzərə alınaraq üçü elektron lövhəli olmaqla, 28 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, hərbi kabinə, idman zalı yaradılıb. Kompüter siniflərində 38 kompüter quraşdırılıb və internetə çıxışı təmin olunub. Məktəbin kitabxana fonduna 6 min 652 latın qrafikalı dərslik və 4 min 907 bədii ədəbiyyat olmaqla, 12 minə yaxın kitab verilib. Yaxşı hal kimi onu qeyd edək ki, indi ali təhsilini bitirən qarxunlu gənclər öz yurdlarına qayıdır, müəllimləri ilə çiyin-çiyinə çalışırlar. Belə pedaqoqlardan Könül Vəlizadə, Məhsəti Vəliyeva, Cəmilə və Nahidə Qənbərovaları və digərlərini misal göstərmək olar. Burada tədrisin səviyyəsinə gəldikdə deyə bilərik ki, bu təhsil ocağında bütün ixtisaslar üzrə təcrübəli müəllimlərin olması dərslərin keyfiyyətinə öz təsirini göstərir. Yaradılan hərtərəfli şəraitdən istifadə edən pedaqoji kollektiv uğurlarını ilbəil artırır. Məktəbin direktoru Elman Muradov bildirdi ki, məktəblərinin “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülməsi bu uğurlara verilən böyük qiymətdir və məktəbin pedaqoji kollektivini daha yüksək nəticələr qazanmağa ruhlandırıb. Ümumiyyətlə, məktəb zəngin təhsil ənənələrinə malikdir. Həmin ənənələr bu gün də davam etdirilir. 2012-2013-cü dərs ilində də nailiyyətlər yüksək olub, 25 məzundan 11-i ali məktəblərə, ikisi orta ixtisas məktəblərinə, doqquzuncu sinif təhsil bazasından isə daha 2 şagird texnikuma, 1 nəfər Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.
Torpağın səxavəti
Qarxuna göstərilən bu qayğılar kənd adamlarının təsərrüfat həyatında qazandıqları uğurların başlıca səbəbidir. Bunun daim artdığını görən torpaq mülkiyyətçiləri özlərinə yaxşı gün-güzəran qurublar.
Kəndin icra nümayəndəsi Nəsir Məmmədov bildirdi ki, aqrar islahatlar zamanı əhalinin xüsusi mülkiyyətinə 197 hektar torpaq sahəsi verilib. Bu torpaqlarda əkinçiliyin müxtəlif sahələri inkişaf etdirilir. Kəndin torpaq adamları onlar üçün yaradılan şəraitdən, müntəzəm olaraq göstərilən dövlət qayğısından bəhrələnərək əkin sahələrindən bol məhsul əldə etməyə çalışırlar. Məhsul bolluğu isə xoş, firavan həyatın və əhalinin rifah halının yaxşılaşmasına təminat verir. Rayonun digər yaşayış məntəqələrində olduğu kimi, bu kənddə də taxılçılıq üçün hər il daha çox sahə ayrılır. Belə ki, ötən ilin payızı və cari ilin yazında 100,5 hektar sahədə taxıl əkini keçirilib. Düzgün aqrotexniki qulluq və meliorasiya tədbirlərinin nəticəsində 350 tondan çox məhsul istehsal edilib. Torpaq mülkiyyətçiləri bilirlər ki, keyfiyyətli və bol taxıl süfrəmizin yerli çörəyə tələbatının ödənilməsi deməkdir. Kənd sakinlərindən Əvəz Vəliyev, Akif Mahmudov, Kamal Zeynalov hektardan 35-40 sentner məhsul götürüblər. Qeyd edək ki, gələn ilin bol məhsulunun əsası da indidən qoyulur. Bunun üçün yüksək reproduksiyalı toxum tədarük olunub, hələlik 50 hektarda şum aparılıb. Torpaq sahibkarları vaxtdan səmərəli istifadə etmək, taxıl səpinini optimal müddətdə başa çatdırmaq əzmindədirlər.
Kənddə ən çox diqqət yetirilən sahələrdən biri də kartofçuluqdur. Bu il Qarxunda 10,5 hektar sahədə kartof əkilib, indiyədək 120 ton məhsul əldə edilib. Bir hektar sahədən 15 ton kartof götürən Yavər Mahmudov bizimlə söhbətində bu sahənin gəlirli olduğunu bildirdi. Dedi ki, torpaq bizim gəlir mənbəyimizdir. Torpağa baş əyməyən adama kəndli demək olmaz. Əsl kənd adamı ona deyərlər ki, təsərrüfatın bütün sahələri ilə məşğul olsun. Nə qədər çox zəhmət çəkərsən, bir o qədər bəhrəsini görərsən.
Qarxunun torpaqları münbitliyi ilə seçilir, məhsuldardır, səxavətlidir. Hələlik, kənddə 405 ton tərəvəz, 52 ton bostan, 18 ton paxlalı, 22 ton dən qarğıdalı və sair məhsullar hasilə gətirilib.
Qarxunluların iqtisadiyyatına gəlir gətirən sahələr sadaladıqlarımızla bitmir. Bu sahələrdən biri də meyvəçilikdir. Kənddə həyətyanı sahələrdən başqa 15,8 hektar pay torpağında da meyvə bağı salınıb. Hər ilin yaz və payız aylarında meyvə bağlarının genişləndirilməsi qayğısına qalınır. Kənd adamları, bağbanlar təkcə bu il Naxçıvan və Şərur şəhərlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına 230 ton meyvə məhsulları çıxarıblar.
Kənddə heyvandarlığın da inkişafına önəm verilir. Bunun nəticəsidir ki, 432 baş qaramal, 299 baş davar bəslənilir. İsrayıl Mahmudov uzun illərdir ki, maldarlıqla məşğuldur. Zəhmətkeş kənd adamı bu sahədə xeyli təcrübə qazanıb. Beytulla Hüseynəliyevin, Akif Mehdiyevin isə 50-60 qoyun-keçisi var. Bu sahənin zəhmət tələb etdiyini dilə gətirən Beytulla kişi çəkdiyi zəhmətin qarşılıqsız qalmadığını bildirərək dedi ki, heyvandarlığın inkişafı üçün bu gün muxtar respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir, cins damazlıq mal-qara gətirilir, kreditlər ayrılır, baytarlıq xidmətinin səviyyəsi ildən-ilə yüksəldilir. Belə diqqətin nəticəsidir ki, heyvanların baş sayını artıra bilirik.
Kəndin yaşıl libası burada yaşıllaşdırma tədbirlərinə də diqqətlə yanaşıldığını göstərir. Qeyd edək ki, təkcə bu ilin yaz iməcilikləri dövrü kəndin müxtəlif ərazilərinə mindən artıq meyvə və bəzək ağacı əkilib.
Arpaçayın sahilində məskən salan bu kəndi qarış-qarış gəzdim, insanları ilə görüşüb söhbət etdim. Qarxunda kənd adamlarının halal zəhmətə bel bağladıqlarının şahidi oldum. Bunun nəticəsini isə onların gün-güzəranında, dolanışığında, həyat tərzində görmək olar. Kəndin sosial inkişafını yeni tikilən və artan yaraşıqlı fərdi yaşayış evlərinin çoxluğu da sübuta yetirir. Təbii ki, bu inkişafı dövlət qayğısı, torpağın səxavəti, kənd adamlarının təsərrüfatın müxtəlif sahələrində qazandığı uğurlar təmin edib. Bir sözlə, Qarxun inkişaf edir, gözəlləşir, daha xoş sabahlara doğru irəliləyir.
Cəfər ƏLİYEV