“Bu ilin ilk 7 ayında İSO beynəlxalq idarəetmə sistemlərinin tətbiqi ilə əlaqədar müəssisələrdə maarifləndirmə və hazırlıq işləri aparılıb, 2 müəssisəyə Almaniyanın DQS Şirkəti tərəfindən İSO 9001 beynəlxalq idarəetmə sertifikatı verilib”. Bu məlumat qəzetimizə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən daxil olub.
Məlumatda o da bildirilir ki, bəhs olunan dövrdə komitə tərəfindən 324 təsərrüfat subyektinə standartların tələbləri barədə maarifləndirici məktublar göndərilib. Ticarət obyektlərindən 138 min 594,4 manat dəyərində standartın tələblərinə uyğun olmayan, yararlılıq müddəti bitmiş məhsul aşkar edilərək satışının qarşısı alınıb. 3312 manat dəyərində məhsul istehsalçı müəssisəyə geri göndərilib, 4906 manat dəyərində məhsul yem məqsədilə hərbi hissə və təsərrüfatlara təhvil verilib. 54 min 990 manatlıq spirtli içkinin satışına qadağa qoyulub, 52 min 965 manatlıq eyniadlı məhsul isə istehsalçı müəssisəyə geri göndərilib.
İdxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün nəzərdə tutulmuş Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət edilməsi, genidəyişdirilmiş və ya genetik modifikasiya olunmuş məhsulların, eləcə də süni ət məhsullarının muxtar respublikaya idxalının və satışının qarşısının alınması üçün 14 topdansatış obyektinin rəhbərinin iştirakı ilə maarifləndirici yığıncaq keçirilib. Süni ət məhsullarının idxalının və satışının qarşısının alınması barədə verilmiş tapşırığın icrası ilə bağlı aparılan araşdırmalar zamanı 21 adda süni qida məhsulları aşkar edilib. Bunlardan 8 adda süni məhsulların siyahısı muxtar respublikaya idxalının qarşısının alınması üçün nümunələri ilə birlikdə aidiyyəti orqana göndərilib.
Bundan başqa, 161 təsərrüfat subyektində istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə halları aşkar olunduğundan qarşısı alınıb. İdxal olunan 61,8 kiloqram (361 manat dəyərində) “Halal” adı ilə markalanmış saxta əmtəə nişanı altında ət məhsullarının satışına qadağa qoyulub. 97 təsərrüfat subyektinə özünəməxsus əmtəə (xidmət) nişanının qeydiyyata alınması barədə məlumatxarakterli məktub göndərilib. İdxal olunan tikinti materiallarına 579, istehsal olunan tikinti materiallarına 204, maşın-mexanizm və avadanlıqlara 72 ədəd olmaqla, 855 uyğunluq sertifikatı verilib, 6 müəssisədaxili laboratoriya akkreditasiya olunub.
Yerlərdə elektrik və qaz sayğaclarının standartlara uyğunluğunun yoxlanması və plomblanması ilə bağlı 8437 ədədi elektrik, 12 min 866 ədədi isə qaz sayğacı olmaqla, 21 min 303 ədəd sayğac plomblanıb. Bunların 251 ədədi dövlət və ya özəl müəssisələrin, 21 min 52 ədədi isə yaşayış mənzillərinin payına düşür. İxracyönümlü müəssisələrdə müasir standartlara uyğun şəraitin yaradılması və istehsal prosesinin qabaqcıl texnologiyalar əsasında təşkili məqsədilə muxtar respublikaya idxal olunan 43 avadanlıq sertifikatlaşdırılıb.
Səbuhi HÜSEYNOV