22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baytarlıq xidməti səviyyəsinin daha da yüksəldilməsi məqsədilə imzaladığı müvafiq sərəncamla qəbul edilmiş dövlət proqramı muxtar respublika sakinləri tərəfindən onlara göstərilən yeni bir qayğı kimi dəyərləndirilib. Çünki baytarlıq elə bir sahədir ki, bütün cəmiyyətin sağlam həyat tərzində mühüm rol oynayır. Böyük mütəfəkkirlərdən birinin dediyi kimi, bir həkimin səhvi bir insanın taleyinə son qoyursa, bir baytarın səhvi bir cəmiyyəti məhv edə bilər. Muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlər, proqramda icrası nəzərdə tutulan məsələlərlə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzovla həmsöhbət olub ona bir neçə sualla müraciət etdik: 

– Vəli müəllim, əhalinin ekoloji təmiz və yerli ət məhsulları ilə təminatında baytarlıq xidmətinin böyük əhəmiyyəti var...

– Qloballaşan dünyanın müasir vəziyyətinə narahatlıq gətirən çoxsaylı mənfi amillər mövcuddur. Buna misal olaraq qlobal iqlim dəyişik­liyi, ərzaq ehtiyatlarının azalması, müxtəlif növ təhlükəli yoluxucu xəstəliklərin meydana gəlməsi, ekoloji mühitin korlanması ilə bağlı ərzaq məhsullarının keyfiyyətinin aşağı düşməsi, onların qiymətinin kəskin artması və digərlərini göstərmək mümkündür. Belə bir vəziyyətdə hər bir ölkə öz əhalisinin sağlamlığının qorunması üçün müxtəlif iqtisadi-siyasi tədbirlər həyata keçirir. Bu işlərin görülməsində baytarlıq xidmətinin böyük əhəmiyyəti vardır. Baytarlıq xidməti insanların sağlam ərzaq məhsulları ilə təmin edilməsi, ev heyvanları arasında xəstəliklərin qarşısının alınması, insan sağlamlığı üçün təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin müəyyən xəstəliklərdən mühafizəsi sahəsində elmi-praktik və təşkilati tədbirlər sistemidir.
Belə xidmət sahəsinin düzgün təşkili dövlət əhəmiyyətli iş hesab olunmaqla “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Baytarlıq xidməti ölkə ərazisinə xarici ­ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısını almaq, heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostika və müalicəsi ilə məşğul olmaq, əhalini heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən qorumaq, baytar-sanitariya qaydalarını təmin etmək kimi vəzifələri yerinə yetirir. Bununla yanaşı, baytarlıq xidmətinin funksiyalarına qanunvericiliklə müəyyən edilmiş qaydada heyvan kəsim məntəqələri, emal müəssisələri, tədarük, saxlanma, satış və digər yerlərdə baytar-sanitariya qaydalarına nəzarət etmək, həmçinin heyvan xəstəlikləri ilə mübarizə üsulları və vasitələri işləyib hazırlamaq da daxildir. Bu sırada baytarlıq preparatları və vasitələrinin, yem və yem əlavələrinin, biostimulyatorların, hormonların təhlükəsizliyinə və keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək, baytarlıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq, baytarlıq elminin inkişaf etdirilməsi kimi məsələlərin həlli də vardır.
– Bu istiqamətdə görülən işlər muxtar respublikada 20 ildən artıqdır ki, öz bəhrələrini verməkdədir. Son illərdə isə baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin həcmi və coğrafiyası daha da genişlənib...
– Digər sahələrə olduğu kimi, baytarlıq sahəsinin inkişafına da muxtar respublika rəhbəri tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Dövlət Baytarlıq Xidməti yaradıldığı vaxtdan bu günədək xidmətin inzibati binası, Elmi-Tədqiqat Baytarlıq Stansiyası, Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyası, Zoobaytar Təchizatı İdarəsi, Naxçıvan Şəhər Baytarlıq İdarəsi üçün binalar yenidən qurulub və ya əsaslı təmir olunub, dərmanların saxlanılması üçün soyuducu kameralar quraşdırılıb. Yeni baytarlıq idarələri və sahə baytar məntəqələri tikilib, onların maddi-texniki bazası gücləndirilib. Şərur, Sədərək, Şahbuz, Babək rayon baytarlıq idarələri üçün yeni binalar və buradakı laboratoriyalar müasir avadanlıqlarla təmin edilməklə istifadəyə verilib.

Təkcə ötən il ərzində Şərur rayonunun Kərimbəyli, Xələc, Yeni Havuş, Alışar, Muğanlı, Qışlaqabbas, Kəngərli rayonunun Böyükdüz, Babək rayonunun Gülşənabad, Kültəpə, Şahbuz rayonunun Türkeş, Ordubad rayonunun Dəstə kəndlərində, 2020-ci ilin əvvəlində isə Ordubad rayonunun Vənənd kəndində baytarlıq məntəqələri və ət satışı mağazaları tikilib, zəruri mebel və avadanlıqlarla təmin olunub.
Ümumilikdə, Dövlət Baytarlıq Xidmətinin strukturu xidmətin aparatı, Elmi-Tədqiqat Baytarlıq Stansiyası, Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyası, Zoobaytar Təchizatı İdarəsi, 8 şəhər və rayon baytarlıq idarəsi və 7 rayon baytarlıq laboratoriyası, 168 sahə baytarlıq məntəqəsi, 2 dəmiryol nəzarəti məntəqəsi, 8 baytar sanitar ekspertiza laboratoriyasından ibarətdir.
Ötən dövr ərzində həm də muxtar respublika üzrə heyvandarlıq təsərrüfatları inkişaf etdirilib, təkcə 2019-cu il ərzində 24 belə təsərrüfat yaradılıb, 7-nin genişləndirilməsi başa çatdırılıb, 19 təsərrüfatın yaradılması və 9-nun genişləndirilməsi isə davam etdirilib.
Heyvanların baş sayının süni mayalandırma yolu ilə artırılmasına gəldikdə isə ötən il ərzində heyvandarlıq təsərrüfatlarında 11 min 210 inək, düyə və camış süni yolla mayalandırılıb, 7530 sağlam bala alınıb. 1 yanvar 2020-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyaları üzrə qaramalın sayı 115 min 620, qoyun və keçilərin sayı 704 min 57, quşların sayı isə 1 milyon 307 min olub.
Arıçılıq sahəsində isə 2019-cu il ərzində 7 arıçılıq təsərrüfatının yaradılması, 2-nin genişləndirilməsi başa çatdırılıb, 7-nin yaradılması və 1-nin genişləndirilməsi isə davam etdirilib, arı ailələrinin sayı 99 min 798 olub.
– Bir qədər də bu sahəyə davamlı dövlət qayğısının ifadəsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin növbəti sərəncamı barədə fikirlərinizi bilmək maraqlı olardı.
– Muxtar respublika üzrə heyvanların, quşların, arı ailələrinin sayının artması, həmçinin bu diyarın yerləşdiyi coğrafi mövqe baytarlıq xidmətinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsini zərurətə çevirib və 2020-ci il fevral ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Pro­qramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda baytarlıq sahəsində dövlət nəzarətinin tənzimlənməsi, dövlət nəzarəti və əlaqələndirmənin həyata keçirilməsi, muxtar respublikada heyvandarlıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması öz əksini tapıb. Həmçinin dövlət reyestrinin aparılması, heyvandarlıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqinə nail olunması, muxtar respublikada yoluxucu və parazitar xəstəliklərin baş verməsinin qarşısının alınması kimi məsələlər də önə çəkilib. Proqrama əsasən heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsi qarşıya bir vəzifə olaraq qoyulub. Yeni heyvan, quş və balıq cinslərinin yetişdirilməsi, yerli arı genofondunun mühafizəsi, onlardan yüksəkkeyfiyyətli məhsul ­götürülməsi üçün zoobaytar qaydalarına əməl edilməsi işlərinin daha da təkmilləşdirilərək müasir dövrün tələblərinə uyğun səviyyədə həyata keçirilməsi də nəzərdə tutulub.
Proqramın icrasında xəstəliklər zamanı ənənəvi müalicələrə üstünlük verilməsi, heyvanların baş sayı, keçirdiyi xəstəliklər, aparılmış peyvəndləmə tədbirləri, birkalanmış heyvanlar və aid olduğu sahibkar haqqında məlumat bankının yaradılması da həyata keçiriləcək. Tələf olmuş heyvan cəsədlərinin ətraf mühitə atılmasının qarşısının alınması, muxtar respublikada özəl baytarlıq klinikalarının yaradılmasının dəstəklənməsi heyvandarlığa marağı daha da artıracaq. Naxçıvan şəhərində və rayonlarda heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanalar yaradılacaq, müayinə və analizlərin beynəlxalq standartlara uyğun şəkildə aparılması məqsədilə mövcud baytarlıq laboratoriyalarından səmərəli istifadə etməklə onların maddi-texniki bazasının gücləndirilməsi davam etdiriləcək.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi, təbii yolla keçən xəstəliklərin qarşısının alınması məqsədilə süni mayalanma tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və əhali arasında maarifləndirmə işlərinin aparılması muxtar respublikada ekoloji təmiz heyvandarlıq məhsullarına olan tələbatın ödənilməsinə öz təsirini göstərəcək. Məlumdur ki, diyarımızda süni mayalanmaya üstünlük verilir. Dövlət proqramında da süni mayalanma işinin səmərəliliyinin artırılması məqsədilə keyfiyyətli toxum bankının yaradılması, bu sahə üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, səyyar süni mayalanma xidmətinin göstərilməsinə diqqət daha da artırılacaq. Proqramda məhsuldarlığı daha da yüksəltmək məqsədilə müasir standartlara uyğun özəl iri damazlıq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi nəzərdə tutulub. Heyvandarlıqla məşğul olan sahibkarların bu sahəyə olan marağının artırılması məqsədilə heyvandarlıq məhsullarının tədarükü, muxtar respublikanın şəhər və rayonlarında özəl ət kəsimi məntəqələrinin yaradılması daxili bazara töhfəsini verəcək. Həmçinin Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti kafedrasının maddi-texniki bazasının gücləndirilməsi, Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübi dərslərin keçilməsinin davam etdirilməsi bu sahənin gələcək inkişafı ilə nəticələnəcək. Heyvandarlıqda sığorta işinin təşkili, arıçılığın inkişafı, arı xəstəliklərinin qarşısının alınması üçün qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı sahibkarlar arasında maarifləndirmə tədbirlərinin aparılması davamlı xarakter alacaq. Baytarlıq təbabətinin müxtəlif sahələri üzrə konfransların keçirilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin heyvandarlıq təsərrüfatlarında, istehsal və emal sexlərində tətbiqi, baytarlıq preparatlarının, yemlərin və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarətin təşkili diqqətdə saxlanılacaq. Heyvanların yaylaq şəraitində profilaktik peyvənd­ləməyə cəlb edilməsi, müşahidə olunan xəstəliklərə qarşı operativ tədbirlərin həyata keçirilməsi, sərhəd yaşayış məntəqələrində, yataq yerlərində dezinfeksiya tədbirlərinin aparılmasının nəzarətdə saxlanılması üçün də qarşıya bir sıra vəzifələr qoyulub.
Ümumiyyətlə, dövlət proqramının əsas məqsədi kənd təsərrüfatı heyvanlarının bütün xəstəliklərinə qarşı lazımi baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi ilə yanaşı, heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyə nail olunmaqla əhalinin ərzaq məhsullarına olan tələbatının yerli, ekoloji təmiz məhsullar hesabına təmin edilməsidir.
Son olaraq bildirmək istəyirəm ki, dövlət proqramı bu sahədə yeni bir mərhələnin təməli kimi heyvandarlığın inkişafına, məşğul əhalinin sayının artımına və nəticə etibarı ilə, maddi nemətlər bolluğunun yaranmasına səbəb olacaqdır.
– Müsahibə üçün sağ olun.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR