Muxtar respublikamızda yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəliftəyinatlı yeni istehsal müəssisələri yaradılır və ya mütərəqqi texnologiyalar tətbiq olunmaqla fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilir. Tikinti materiallarına olan tələbatın ödənilməsi istiqamətində də mühüm işlər görülür, tikinti materialları istehsal edən müəssisələr fəaliyyətə başlayır. Təbii ki, bu da tikinti-quraşdırma işlərinin sürətlə aparılmasına rəvac verir.
“Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır.
Muxtar respublikamızda belə müəssisələrin yaradılmasının nəticəsidir ki, daxili bazar keyfiyyətli yerli tikinti materialları ilə təmin olunur. İldən-ilə genişlənən quruculuq tədbirləri Kərpic Zavodunun istehsal gücünün artırılması və qış mövsümündə də tam gücü ilə işləməsi zərurətini yaratmışdır. Bu məqsədlə yeni layihə hazırlanmış və 2013-cü ilin əvvəlindən layihənin icrasına başlanmışdır. Layihəyə uyğun olaraq, kəsim sexində yeni müasir texnoloji avadanlıqlar quraşdırılmış, kərpicin bişirilməsi üçün əlavə sobalar tikilmişdir. İstehsal olunan məhsulun təbii hava şəraitində qurudulması və saxlanılması üçün əlavə çardaqlar qurulmuş, yeni qurutma sexi tikilib istifadəyə verilmişdir. Qurutma sexində Türkiyə istehsalı olan və kompüterlə idarə edilən müasir texnoloji avadanlıqlar quraşdırılmış, kərpiclə dolu diyircəkli arabaların avtomatik hərəkəti üçün dəmir relslər çəkilmiş, istiliklə təminat və nəmliyin aradan qaldırılması üçün xüsusi qurğular qurulmuşdur. Eni 12, uzunluğu 50 metr olan süni qurutma sexi 4 kameradan ibarətdir. Hər kameraya ilkin olaraq 13 min ədəd kərpic yığılır. İlkin mərhələdə kərpicin nəmliyi götürülür, ikinci mərhələdə qurutma prosesi başlanır. Rejimə uyğun olaraq, hər 7-15 dəqiqədən bir qapılar avtomatik açılır, hər kameradan kərpic dolu birdiyircəkli araba xaric olmaqla, digəri sexə daxil olur. Ümumilikdə, qurutma sexinin 8 saatlıq iş rejimində gündəlik istehsal gücü 20 min kərpic təşkil edir.
Kərpicbişirmə sexində yaranan istilik xüsusi borularla aspirator vasitəsilə sorulub süni qurutma sexinə ötürülür. Bununla həm istilik sisteminin dövriyyəsi təmin edilir, həm də enerji itkisinin qarşısı alınır. Zərurət yarandıqda isə qurutma sexində qurulmuş istilik avadanlığından da istifadə edilir. Qurutma sexinin istifadəyə verilməsi ilə zavodun mövsümdən asılılığı aradan qaldırılmış, müəssisənin fasiləsiz fəaliyyəti təmin edilmişdir. Yeni layihənin həyata keçirilməsi nəticəsində yeni iş yerləri açılmışdır. Hazırda müəssisədə 151 nəfər işçi çalışır. Kollektiv cari ili uğurlu göstəricilərlə başa vurmaq üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir.
Zavod fəaliyyətə başlayan zaman gün ərzində 25 min ədəd kərpic istehsal olunurdusa, yeni layihənin həyata keçirilməsindən sonra gün ərzində 40-45 min ədəd kərpic istehsal etmək imkanı yaranmışdır.
Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar məhsulun keyfiyyətli istehsal olunmasında mühüm rol oynayır. Zavod xammalın yerləşdiyi ərazidə inşa olunduğundan əlavə daşınma xərcləri çəkilmir, boşdayanma hallarına yol verilmir. Burada müasir texnoloji avadanlıqlarla təchiz edilmiş 3 istehsal sahəsi – kərpickəsmə, kərpicbişirmə və qurutma sexləri fəaliyyət göstərir. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir, texnoloji proseslərə və məhsulun keyfiyyətinə ciddi əməl olunur.
Zavodda istehsal edilən səsboğucu, radiasiyasız, yayda sərin, qışda isə isti saxlayan yüksəkkeyfiyyətli tikinti materialı kimi kərpicə tələbat ildən-ilə artır. Bu da, təbii ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının və əhalinin maddi rifahının daha da yaxşılaşmasının göstəricisidir.
Kərəm HƏSƏNOV