22 Dekabr 2024, Bazar

Muxtar respublikada belə təsərrüfatların qeyri-ərzaq sektorunda da
fəaliyyəti zamanın tələbidir

Ailə təsərrüfatları hazırda muxtar respublikamızda geniş yayılmış fəaliyyət sahələrindən biridir. Son illərdə aqrar sahədə çalışan təsərrüfat sahiblərinə dövlət dəstəyi nəticəsində güzəştli şərtlərlə kreditlərin verilməsi, istehsal olunan məhsulların qablaşdırılması, dizaynının tərtib edilməsi, taralarla təchiz olunması və satış üçün geniş imkanların açılması ailə təsərrüfatlarının yaradılmasına marağı daha da artırıb. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər planlarının təsdiq olunması isə onların fəaliyyəti üçün daha geniş imkanlar açıb. 

 Təkcə 2019-cu ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 84 ailə təsərrüfatına 753 min 100 manat dövlət maliyyə dəstəyi göstərilməsi, 315 ailə təsərrüfatının 12 min 800-dən çox tara ilə təmin olunması ailə biznesinin genişlənməsinə şərait yaradıb. Vurğulamaq lazımdır ki, ötən il Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi, kənd təsərrüfatı yarmarkalarının təşkili, eləcə də ticarət obyektlərində belə təsərrüfatlarda istehsal olunmuş məhsulların satışı üçün yeni bölmələrin yaradılması ailələr tərəfindən istehsal olunan məhsulların satışına öz müsbət təsirini göstərib. Bununla yanaşı, muxtar respublikamızda nümunəvi ailə təsərrüfatlarının iş təcrübələrinin digərlərinə aşılanması da bu fəaliyyət sahəsi ilə məşğul olanların təcrübə qazanmasına töhfə verib. Həmçinin ailə təsərrüfatlarının ildən-ilə inkişaf etməsi onların vahid birliyinin formalaşdırılmasını zəruri edib ki, bu da ötən il muxtar respublikamızda Ailə Təsərrüfatları İctimai Birliyinin yaradılmasına imkan verib. Burada da əsas məqsəd təsərrüfat sahibləri arasında birgə koordinasiyanı təşkil etmək, onlarla təcrübəni bölüşmək, görülən işlərin iqtisadi həyatda tətbiqini daha səmərəli formada həyata keçirməkdən ibarətdir.

Təbii ki, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişaf etdirilməsi sahəsində görülən işlər istər daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında, istərsə də istehsal olunan məhsulların ixracı baxımından mühüm əhəmiyyət daşıyır. Çünki muxtar respublikamızın kənd təsərrüfatı potensialı böyükdür və bu, imkan verir ki, ailələr tərəfindən istehsal olunan məhsullar həm ölkəmizin regionlarına, həm də digər xarici ölkələrə ixrac olunsun. Ancaq məsələnin digər əhəmiyyətli tərəflərindən biri də budur ki, biz ailə təsərrüfatları dedikdə, sadəcə, aqrar yönümlü sahələri nəzərdə tutmamalıyıq. Ötən yazılarımızda da qeyd etmişdik ki, bu gün inkişaf etmiş ölkələrdə ailə şirkətlərinin ölkədəki bütün şirkətlərə nisbətən faizi 70 faizdən yuxarı rəqəmlərlə ölçülür. Və yaxud Almaniya, İngiltərə və adını sadalamadığımız bir çox ölkələrdə ümumi işçi sayının 50, 60, bəzi hallarda isə 70-75 faizi ailə bizneslərində çalışanlardır. Belə ailə bizneslərinin fəaliyyəti isə təkcə kənd təsərrüfatı sahələri ilə məhdudlaşmır. Bu gün inkişaf etmiş və etməkdə olan ölkələrin nümunəsində saysız-hesabsız sənaye, xidmət, sənətkarlıq sahələri üzrə fəaliyyət göstərən ailə təsərrüfatları var. Lakin onların da yaradılması potensial imkanlara, mövcud şəraitə əsaslanır. Eyni zamanda rentabellilik burada əsas şərtdir. Necə deyərlər, hər bir işin sonunda maddi marağın olması bazarın təbii tələbidir. Bu gün Avropanın inkişaf etmiş ölkələrinə baxsaq, görərik ki, üçüncü sənaye inqilabından sonra həmin ölkələrdə sənətkarlıq və toxuculuq sahələrinin, demək olar ki, böyük əksəriyyəti kiçik ailə təsərrüfatlarının əlində idi. Bu ailə bizneslərinin bir çoxu böyüyərək sonralar iri şirkətlərə (ailə şirkətlərinə) çevrildilər, bəziləri isə rəqabətə dözməyərək dağılmağa, üzvləri isə böyük müəssisələrdə işçi kimi çalışmağa məcbur oldular. Ancaq bütün bunlara baxmayaraq, bu gün Avropada minlərlə ailə təsərrüfatları var ki, belə ailələr tərəfindən müxtəlif toxuculuq məmulatları, məişət əşyaları, suvenirlər, əl əməyinə əsaslanan oyuncaqlar istehsal olunur. Hələ mən uzun illərdir, məşhur “Mercedes-Benz” avtomobilləri üçün ehtiyat hissəsi istehsal edən alman ailəsindən danışmıram. Hansı ki həmin ailə təsərrüfatının adı (ailənin dörd üzvü var) bu məşhur avtomobil istehsalçısının outsorsinq etdiyi (müəyyən funksiyaların digər şirkətlərə verilməsi) şirkətlərin siyahısındadır.
Bəs eyniadlı məhsulun eyni bölgədə həm böyük müəssisələr, həm də ailə təsərrüfatlarında istehsalı mümkündürmü? Təcrübə göstərir ki, mümkündür. Bu da onunla əlaqədardır ki, ailə təsərrüfatlarında hazırlanan məhsullar hər zaman özünəməxsusluğu ilə seçilir. Çünki fabrikdə işləyən yüzlərlə işçidən fərqli olaraq ailə üzvü istehsal etdiyi məhsulun tərkibinə, keyfiyyətinə daha ehtiyatla yanaşır, məhsulun “nazını daha çox çəkir”, ona əlavə dəyər qatır. Ən əsası ailə üzvü bilir ki, ailənin istehsal etdiyi məhsul birbaşa onun adı ilə bağlıdır. Bu ad ona istehlakçını qazandırar da, itirər də. Elə bunun nəticəsidir ki, bu gün biz bazarda sənaye üsulu ilə hazırlanmış məsələn, qatıq, süd, yağ məhsulları ilə yanaşı, ailə təsərrüfatlarında hazırlanmış eyniadlı məhsullara da rast gəlirik. Hər istehsalçının isə özünə uyğun alıcı kütləsi var. Qeyri-ərzaq sektorunda da belədir. Məsələn, hazırda qardaş Türkiyə Respublikasının bir çox bölgələrində yüzlərlə ailə təsərrüfatı var ki, bu ailələr tərəfindən ev şəraitində təbii sabunlar istehsal olunur. Sənaye üsulundan fərqli olaraq müxtəlif bitki ekstraktlarından hazırlanan həmin təbii sabunların istehsalının qarşısını böyük kimyəvi məhsullar istehsal edən fabriklər belə, ala bilmədilər. Səbəb isə budur: xalq uzun illər ənənəvi olaraq ev şəraitində təbii yollarla hazırlanmış və insan orqanizminə zərəri olmayan bu sabunları müasir, kimyəvi yollarla ətir və rəngləndirici əlavə edilmiş eyniadlı məhsullardan daha faydalı hesab edir. Və yaxud götürək xidmət sahələrini. Bu gün turizmin inkişaf etdirildiyi bir çox bölgələrdə böyük otellərdən fərqli olaraq təbiət qoynunda yerləşən kiçikhəcmli mehmanxana və qonaq evlərində xidmət göstərən personalın, demək olar ki, əksəriyyəti kiçik ailə təsərrüfatlarıdır. Dəfələrlə qonşu ölkələrdə də çoxumuz rast gəlmişik ki, bu cür istirahət məkanlarında obyektin sahibi də, xidmətçiləri də bir ailənin üzvləridir. Bunları xatırlatmaqda məqsədimiz odur ki, bu gün muxtar respublikamızda da turizmin inkişafı üçün mühüm layihələr həyata keçirilir, bu sahədə dövlət proqramı qəbul olunub. Kənd turizminin inkişafı üçün bizdə böyük potensial var. Xüsusilə son illərdə bir çox dağ kəndlərinə əcnəbi turistlərin maraq göstərdiyinin şahidi oluruq. Hətta dövlət tərəfindən həmin kənd­lərdə yaşayan bir çox insanlara evlərin turistlərə kirayə verilməsi də təşviq olunur. Ancaq təəssüflər olsun ki, bu işlər kənd sakinləri tərəfindən sistemli olaraq diqqət mərkəzində saxlanılmır. Bəzilərimiz butipli kirayəni turistin yalnız bir gecəlik qalması kimi qəbul edirik. Halbuki turist əgər həmin bölgəyə gəlirsə, deməli, orada gəziləcək, öyrəniləcək, maraq cəlb edəcək çox şey var. Bunun üçünsə bələdçiyə ehtiyac var. Səyahət uzun çəkirsə, deməli, orada kirayə qalmağa ehtiyac duyulur. Kirayə verilən evdə isə təbii ki, səhər yeməyinə tələbat yaranacaq. Bütün bunlar isə maliyyə deməkdir. Ailə təsərrüfatları da məhz bu amilə diqqət yetirməli, bütün bunları nəzərə almalı, hətta bu prosesi “uzatmağa” çalışmalıdırlar. Sual oluna bilər ki, əcnəbilərin həmin bölgələrə səyahətləri hələlik kütləvi xarakter daşımır. O zaman xatırladaq ki, mövsüm ərzində belə turizm bölgələrinə yerli sakinlər də çox üz tutur. Adətən, həftə sonları ailəvi şəkildə həmin kəndlərə yolu düşən sakinlərin isə, sözün həqiqi mənasında, lazımi xidmətlərdən istifadə etməyə ehtiyacı olur. Lakin təəssüf ki, biz hələlik turizm infrastrukturu yüksək olan belə bölgələrdən bu xidmətləri lazımi səviyyədə təqdim edəcək ailə təsərrüfatlarına rast gəlmirik. Ancaq ümid edirik ki, yaxın gələcəkdə həm xidmət sektorunda, həm də qeyri-ərzaq sektorunda fəaliyyət göstərəcək ailə təsərrüfatlarını görə biləcəyik. Çünki bu həm də zamanın tələbidir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR