Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul olunan dövlət proqramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, aqrar sahədə müasir infrastrukturun yaradılması kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə də əkinçiliyin inkişafına geniş imkanlar açıb, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olub.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi də muxtar respublikada əhalinin keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təminatına imkan verir. Dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası 2019-cu ildə də davam etdirilib. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin “Araz” Elm-İstehsalat Birliyinin Ordubad və Şərur dayaq məntəqələrində, ümumilikdə, muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğunlaşmış, yüksək məhsuldarlığa malik 372 meyvə sortunun, birliyin həyətyanı kolleksiya bağında isə üzümün 54 sortunun genetik fondu toplanıb. Toplanmış toxumlar gələcəkdə artırılması, həmin sortların çoxaldılaraq torpaq mülkiyyətçilərinə paylanması və yeni bağların salınması məqsədilə “Araz” Elm-İstehsalat Birliyinin Toxum bankına verilib. Meyvə bağlarına qulluq göstərilməsinə dair aparılan elmi-tədqiqat işləri çərçivəsində 8 elmi məqalə, 30 buklet və informasiya bülleteni hazırlanıb. AMEA Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində, ümumilikdə, 3 monoqrafiya, 1 dərslik və digər nəşrlər həyata keçirilib.
Bu dövrdə tərəvəz əkini sahələrinin genişləndirilməsinə də diqqət artırılıb, 3228 hektar ərazidə kartof, 6246 hektar ərazidə tərəvəz əkinləri həyata keçirilib.
Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada həyata keçirilən əsas tədbirlərdəndir. Müasir istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Özəl investisiya qoyuluşu hesabına Babək rayonunun Nəcəfəlidizə kəndində 1950 kvadratmetr istixana təsərrüfatının yaradılması, Şərur rayonunun Çərçiboğan kəndində 1,3 hektar sahədə qızılgül əkininin həyata keçirilməsi başa çatdırılıb. Dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunun Ələkli kəndində 640 kvadratmetr istixana təsərrüfatının, Babək rayonunun Məzrə kəndində 1 hektar ərazidə salınmış üzüm bağının və Ordubad rayonunun Qoşadizə kəndində 50 kvadratmetr limon istixana təsərrüfatının yaradılması davam etdirilib. 2019-cu ildə belə təsərrüfatların yaradılması məqsədilə bir layihəyə 15 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Ötən il meliorasiya və irriqasiya sistemlərinin qurulması sahəsində də bir sıra tədbirlər görülüb, Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 59,4 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Yaşıllıqların suvarılması üçün muxtar respublikanın bütün rayonlarında, ümumilikdə, 61,56 kilometr suvarma xətti çəkilib, mövcud suvarma xətləri təmir edilib.
Meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişaf etdirilməsinə münbit şərait yaradan amillərdən biri də əldə olunan məhsulun soyuducu anbarlarda saxlanılmasıdır. 2019-cu ildə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına Şərur rayonunun Sərxanlı, Cəlilkənd, Yuxarı Aralıq, Danyeri kəndlərində ümumi tutumu 1040 ton olan soyuducu anbarların genişləndirilməsi, Yengicə, Çərçiboğan, Çomaxtur, Zeyvə, Düdəngə kəndlərində ümumi tutumu 2000 ton olan yeni soyuducu anbarların tikintisi başa çatdırılıb. Babək rayonunun Nehrəm kəndində “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2500 ton tutumlu, özəl investisiya qoyuluşu hesabına isə Şərur rayonunun Yuxarı Aralıq kəndində 125 ton tutumu olan soyuducu anbarların yaradılması davam etdirilib. Həmçinin soyuducu anbarın yaradılması üzrə 2 layihənin maliyyələşdirilməsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 65 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Həmin soyuducu anbarlara 5900 ton meyvə-tərəvəz məhsulları tədarük edilib. Bu məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılıb, 158 halda orta nümunələr götürülərək təhlil edilib. Sahələrdə yetişdirilən bostan-tərəvəz məhsullarının bazarlara təklif edildiyi nəzərə alınaraq 1062 halda səyyar laboratoriya analizləri aparılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehsal olunan məhsullardan 137 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılıb, 15 anbar, 2 istixana, 35 bostan və 43 satış obyektindən götürülmüş məhsulların 105 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğu müəyyən edilib.
İхtisaslaşmış meyvə və tərəvəzçilik təsərrüfatlarının, müasir emal, qablaşdırma müəssisələrinin yaradılması və ixracyönümlü məhsul istehsal edən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlər də davam etdirilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü 102 layihənin maliyyələşdirilməsinə 1 milyon 553 min 100 manat dəyərində, o cümlədən meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, meyvə qurusunun qablaşdırılması, yabanı bitkilərin tədarükü və meyvə araqlarının istehsalı sahələrinin yaradılması məqsədilə 9 layihəyə 67 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Ötən il əhali tələbatının ucuz və keyfiyyətli məhsullarla ödənilməsi məqsədilə Naxçıvan şəhərində və rayon mərkəzlərində həftənin şənbə günləri kənd təsərrüfatı, emal sənayеsi məhsullarının satış-yarmarkaları təşkil olunub.
Son illər muxtar respublikada üzümçülüyün inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb. Babək rayonunun Nehrəm kəndində mövcud üzüm bağı genişləndirilərək 150 hektara çatdırılıb.
Bu dövrdə əkinçilik üçün yararlı olmayan torpaq sahələrində meliorativ tədbirlərin görülməsi və yeni meyvə bağlarının salınması da diqqətdə saxlanıb, Kəngərli rayonundakı püstə bağına 500 calaq olunmuş püstə fidanı əkilib, Türkiyə Respublikasından 500 yüksək məhsuldarlıqlı calaqüstü gətirilərək püstə tinglərinə calaq edilib. Ərazinin 6 hektar sahəsində 1100 dibçəkdə yetişdirilmiş püstə fidanı, 4 hektarında isə 2 kiloqram püstə toxumları ilə bərpa işləri aparılıb.
2019-cu ildə Heydər Əliyev Su Anbarının ətrafında 0,5, Naxçıvançay vadisi ərazisindəki Məzrə kəndi yaxınlığında 0,5, Rüstəm Dövlət Meşəsinin yuxarı hissəsində 1, Kültəpə Dövlət Meşəsi yaxınlığında 1,5, Biçənək kəndinin ərazisində isə 0,5 hektar sahədə meyvə bağları salınıb.
Naxçıvançay vadisi boyu 3, Əlincəçay vadisi boyu 2, Gilançay vadisi boyu 8 hektar sahədə yabanı meyvə və giləmeyvə, həmçinin mədəni meyvə toxumlarından istifadə edilməklə toxumla əkin aparılıb. Əkin-bərpa işlərində 7975 müxtəlif növ meyvə tingindən və 117 kiloqram meyvə və giləmeyvə toxumlarından istifadə olunub.
Arazboyu düzənlik ərazilərdə salınmış meyvə bağlarında tinglərə aqrotexniki qaydada qulluq göstərilib. Əkin-bərpa işlərində 5362 müxtəlif növ meyvə tingindən, 825 üzüm kolundan istifadə edilib.
Bəhs olunan dövrdə muxtar respublika ərazisində 252,3 hektar (13,8 hektar üzüm bağı olmaqla) sahədə meyvə bağları salınıb, 4,2 hektar ərazidə toxmacarlıq və qələmkökləndirmə sahələri yaradılıb, 567 kiloqram badam, tut, alma, armud, heyva, gilənar, üzüm, cəviz toxumlarından istifadə olunub. Həmçinin 40 min üzüm, 38 min 500 iydə qələmi əkilib, 3500 kiloqramdan artıq yerli məhsuldar meyvə sortlarının toxum materialı, yabanı meyvə və giləmeyvə toxumları tədarük edilib, bərpa məqsədilə 5166 dibçəkdə ting yetişdirilib. Sığorta işinin əhəmiyyəti mövzusunda müvafiq seminarlar keçirilib, 1591 vətəndaşa məxsus əkin sahəsi sığortalanıb.
Xarici iqtisadi fəaliyyətlə məşğul olan biznes subyektləri ilə görüşlər zamanı geni dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş məhsullar, onların milli iqtisadiyyata və milli genofondumuza ziyanı barədə maarifləndirmə işi aparılıb. Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən daha çox geni modifikasiya olunması ehtimal edilən məhsulların siyahısı hazırlanaraq gömrük sərhəd-buraxılış məntəqələrinə təqdim edilib, belə məhsulların analizlərinin aparılmasına başlanılıb və muxtar respublikaya idxal olunan qida məhsullarının markalanmasına ciddi nəzarət edilib.
Şərur, Culfa, Babək, Sədərək rayonlarında bataqlaşan və şoranlaşan torpaq sahələrində kollektor-drenaj şəbəkəsinin bərpasına başlanıb, dövlət proqramının qəbulundan ötən dövr ərzində 142,36 kilometr kollektor, 21,47 kilometr açıq drenaj lildən təmizlənib, 31,78 kilometr yeni açıq, 4,12 kilometr yeni qapalı drenaj tikilib.
Tingçilik təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi məqsədilə Şərur rayonunda 5 sahibkar 8 hektara qədər, Babək rayonunda isə 3 sahibkar 4 hektar əkinəyararlı torpaq sahəsində məhsuldar sortlardan ting yetişdirməklə satışını həyata keçiriblər. Culfa rayonunun Kırna kəndində 0,5 hektar ərazidə 30 min üzüm tingi salınmaqla tingçilik təsərrüfatı yaradılıb.
Kənd təsərrüfatında ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin və pestisidlərin satış şəbəkələrinin genişləndirilməsi diqqətdə saxlanılıb, 475 hektar yonca sahəsində zərərvericilərə, 1121 hektar taxıl zəmisində və cavan meyvə bağlarında gəmiricilərə, 93 hektarda Kolorado kartof böcəyinə, 8012 hektar taxıl sahəsində alaq otlarına, 21 hektarda bəzək bitkilərinin zərərverici və xəstəliklərinə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılmasında torpaq mülkiyyətçilərinə metodik köməkliklər göstərilib. Bu məqsədlə xarici ölkələrdən müxtəlif spektrli bitki-mühafizə dərmanları alınıb gətirilərək “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi və rayon bazarlarında yaradılmış apteklərində satışı həyata keçirilib.
Muxtar respublikanın əkinəyararlı torpaq sahələrinin məhsuldarlığının yüksəldilməsində intensiv amillərin rolunun artırılması, əkin dövriyyəsinə daxil olan torpaqların tərkibinin öyrənilməsi, torpaqların və əkinlərin rayonlaşdırılması diqqət mərkəzində saxlanılıb. Kəngərli rayonunda taxılçılıq, bostançılıq, tərəvəzçilik və meyvəçilik üzrə əkin atlası hazırlanıb.
Kənd təsərrüfatı məhsullarının tədarükü, satışı və emalı üzrə cəmiyyət və birliklərin yaradılmasının dəstəklənməsi məqsədilə Ailə Təsərrüfatları İctimai Birliyi təsis edilib.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti