Naxçıvan Muxtar Respublikasında ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on ikinci tirajının qalibləri müəyyənləşib. 2019-cu il iyulun 1-dən 2020-ci il yanvarın 1-dək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Hədiyyə qazanmış şəxslər təhsil, səhiyyə, mədəniyyət, dövlət qulluğunun ayrı-ayrı sahələrində, hüquq-mühafizə orqanlarında, özəl sahələrdə çalışan işçiləri, sadə vətəndaşları və təqaüdçüləri əhatə edir.
Dünən Naxçıvan Biznes Mərkəzində bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxış edərək “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram’’ın icrasının uğurla davam etdirildiyini bildirib.
Qeyd edilib ki, nağdsız əməliyyatların rahat həyata keçirilməsi üçün muxtar respublika ərazisində POS-terminallar, əsasən, vətəndaşların daha çox üz tutduqları ticarət, iaşə, digər xidmət sahələrində, o cümlədən sığorta haqlarının ödənilməsi üçün sığorta agentliklərində, kommunal xərclərin ödənilməsi üçün yerli poçt şöbələrində quraşdırılıb. 1 yanvar 2020-ci il tarixə muxtar respublikada POS-terminalların sayı 1278-ə çatdırılıb.
Vurğulanıb ki, təkcə 2019-cu ilin birinci yarımilində 398 şəxsə 25 min manat dəyərində müxtəlif qiymətli hədiyyələr təqdim olunub. Ümumilikdə, 2014-cü ildən başlayaraq keçirilən 11 tirajda 2577 vətəndaşa 165 min manat dəyərində müxtəlif həvəsləndirici hədiyyələr verilib. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı tədbirin 12-ci tirajında 412 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim ediləcəkdir.
Tədbirdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Orxan Abdullayev qeyd edib ki, nağdsız ödənişlərə marağın gündən-günə artması statistik rəqəmlərdə də müşahidə olunur. 2019-cu ilin yanvar-dekabr aylarında POS-terminal və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 45 milyon 550 min 608 manat təşkil edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, 10 milyon 457 min 258 manat artım qeydə alınıb. Nağdsız ödənişlərin 14 milyon 717 min 545 manatı POS-terminallar vasitəsilə, 30 milyon 833 min 63 manatı isə internet və digər ödəniş vasitələri üzərindən icra edilib.
Sonra nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, analoji tədbirlər Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayonlarında da keçirilib.
Əli CABBAROV