“İxrac ili” onların qarşısında mühüm vəzifələr qoyur
Hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla növbəti dəfə görüşdü. Fevralın 6-da Naxçıvan Biznes Mərkəzində keçirilən görüşdə muxtar respublika iqtisadiyyatının müasir mənzərəsini özündə əks etdirən statistik göstəricilər səsləndi, sahibkarların qarşısında duran vəzifələrdən bəhs olundu. Bəs bu tədbir hansı əhəmiyyətli tərəfləri ilə seçilir?
İlk olaraq qeyd edək ki, bu görüş mahiyyət etibarilə sosial-iqtisadi inkişafa cavabdeh olan qurumlarla yanaşı, həm də bu inkişafın əsas hərəkətverici qüvvəsi sayılan sahibkarlarla birbaşa təmas baxımından böyük əhəmiyyət daşıyır. Çünki sahibkarlar burada muxtar respublikada iqtisadi fəaliyyətin ümumi konturları haqqında lazımi məlumatları alır, istehsal olunan yeni məhsullarla tanış olur, müxtəlif təklif və təşəbbüslərlə çıxış etmək imkanı qazanırlar. Digər tərəfdən, onlar muxtar respublika rəhbəri tərəfindən birbaşa verilən tapşırıq və tövsiyələrlə yerindəcə tanış olur, gələcək fəaliyyətlərində ümumi istiqamətlərin düzgün müəyyənləşdirilməsində kollektiv təcrübədən yararlana bilirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin artıq ənənəyə çevrilmiş bu təşəbbüsü həm də ona görə əhəmiyyətlidir ki, muxtar respublika rəhbəri sahibkarlarla görüşə böyük önəm verir, dövlətin hər an onların yanında olduğunu əyani şəkildə göstərir və bu görüşü dövlət-sahibkar həmrəyliyinin ən gözəl nümunəsi kimi təqdim edir. Sahibkarlar da əyani olaraq bunu gözəl başa düşürlər ki, artıq onların da daha yaxşı işləmək, milli iqtisadiyyatımıza töhfələr vermək üçün böyük potensialları var. Ali Məclisin Sədri sahibkarlarla görüşdə bu mövzuya toxunaraq bildirib: “…Muxtar respublikada sahibkarlığın inkişafı üçün bütün tədbirlər görülmüşdür. Qalır yaradılan imkanlardan səmərəli istifadə etmək. Aid dövlət qurumları yerli xammala əsaslanan və tələbatı ödəyən istehsal sahələrinin yaradılması istiqamətindəki səylərini artırmalı, biznes-planlar düzgün hazırlanmalı, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə yol verilməməlidir. Sahibkarlar da onlar üçün yaradılmış işgüzar mühitdən səmərəli istifadə etməli, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsal olunmalıdır.
2020-ci il muxtar respublikamızda “İxrac ili” olduğu üçün çalışıb ona nail olmalıyıq ki, sahibkarlıq müəssisələrinin fəaliyyəti daha da genişlənsin, yeni müəssisələr yaradılsın, iş yerləri açılsın, istehsalın və ixracın həcmi artsın”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun cari ilin muxtar respublikada “İxrac ili” elan olunması ilə bağlı 2020-ci il 6 fevral tarixdə imzaladığı Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikasında 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Kənd təsərrüfatı və xidmət sahələrində müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması, aqrar sənayenin inkişafının dəstəklənməsi istehsalçıların xarici bazarlara çıxışlarını və bu istiqamətdə təşviq tədbirlərinin artırılmasını zəruri etmişdir. Həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmış, yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir”.
Xatırladaq ki, bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötüb. Belə ki, sənaye məhsulunun 95, tikintidə görülən işlərin 85, kənd təsərrüfatının isə 98 faizi özəl bölmənin payına düşür. Ötən ilin sonlarına doğru, ilk dəfə olaraq muxtar respublikada sənaye məhsullarının istehsal həcmi 1 milyard manatı ötüb, xarici ticarət dövriyyəsinin həcmi isə yarım milyard dollara yaxınlaşıb. Bu o deməkdir ki, artıq muxtar respublika əksər tələbat malları üzrə özü-özünü təmin edir və ixrac üçün əlavə zəmin yaranır. Ötən dövrdə muxtar respublikanın ixrac potensialının artırılması istiqamətində də mühüm addımlar atılıb, bir sıra ölkələrə məhsul ixracı reallaşdırılıb. Bu ixracın hesabına son 10 ildə xarici ticarət dövriyyəsində müsbət saldo yaranıb və ötən hər il bu saldo ölçüsü müsbətə doğru dəyişməkdədir. Təbii olaraq muxtar respublikanın ixrac potensialı da ildən-ilə böyüyür. Buna görə də cari ilin “İxrac ili” elan edilməsi, bu sahədə sahibkarlar qarşısında mühüm vəzifələr qoyulması da bu potensialdan maksimum yararlanmağa hesablanıb.
Burada bir məqamı da vurğulayaq ki, məhsul ixrac etmək, sadəcə, yeni bazarlar kəşf edib ora məhsul göndərməklə tamamlanmır. Nəzərə almalıyıq ki, Naxçıvan Muxtar Respublikasının MDB məkanı xaric, istər hazırda idxal-ixrac əməliyyatları apardığı bir çox ölkələr, istərsə də sonradan əlaqə yaradacağı regionların əksəriyyəti doymuş bazarlara malikdir. Bu cür bazarlarda niş sektorların müəyyən edilməsi və yaxud yerli ixrac məhsullarının özünə istehlakçı kütləsi qazanması çox diqqətli marketinq strategiyası həyata keçirməyi tələb edir. Çünki məhsul ixrac etmək asandır, bu ixracın davamlılığını qorumaq isə çətin. Son illərdə bu cür əməliyyatlarda daha çox müşahidə edilən tendensiyalardan biri də budur ki, idxalçı ölkə məhsulu həm də ona görə idxal edir ki, özü də sənə ixrac potensialı kimi baxsın. Bu mənada, yerli sahibkarlarımızın qarşısında mühüm vəzifələr durur. Ancaq inanırıq ki, dövlətin bu sahəyə davamlı dəstəyi sahibkarlarımızın yeni bazarlar və bu bazarlarda uğur qazanmalarına imkan verəcək.
Səbuhi HƏSƏNOV