Culfa Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Əbrəqunus kəndində seminar-müşavirə keçirilib.
Tədbiri rayon İcra Hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov açaraq qeyd edib ki, bu ilin bol məhsulu üçün ilkin mərhələni təşkil edən torpağın lazımi dərinlikdə şumlanması, hamarlanması və digər aqrotexniki tədbirlər həmişə olduğu kimi, bu mövsümdə də gecikdirilmədən və aqrotexniki tələblərə uyğun ardıcıllıqla həyata keçirilib. Bu günədək rayonda 7467 hektar sahədə əkin aparılıb.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov çıxış edərək bildirib ki, dövlətin taxılçılığın inkişafı ilə bağlı gördüyü ardıcıl tədbirlərlə yanaşı, kənd təsərrüfatına azyararlı torpaqların əkin dövriyyəsinə qatılması və torpaqlardan səmərəli istifadə edilməsi, suvarma şəbəkələrinin genişləndirilməsi, məhsuldar toxum sortlarından istifadə edilməsi, intensiv becərmə üsullarına üstünlük verilməsinin nəticəsidir ki, muxtar respublikada dənli taxıl bitkilərinin istehsalı ilbəil artmaqdadır.
Vurğulanıb ki, əkin zamanı üzvi və mineral gübrələrin tətbiqi torpağın münbitliyini və bitkilərin məhsuldarlığını artırmaqda mühüm rol oynayır. Gübrələrin tətbiqində əsas məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə etməkdir.
Nazirliyin əməkdaşı Saməddin Əsgərov havaların mülayim keçməsi ilə əlaqədar taxıl sahələrində gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirlərinin zəruriliyi və aparılması qaydaları haqqında məlumat verib.
Sonda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti