22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda mövcud potensialdan səmərəli istifadə ilə sənaye və kənd təsərrüfatının inkişafının sürətləndirilməsi, əhalinin mənzil-məişət şəraitinin və rifah halının yaxşılaşdırılması daim diqqətdə saxlanılır, sosial məsələlərin həlli ilə bağlı mühüm addımlar atılır. Sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, vətəndaşların yaşayış sahələrinin ipoteka yolu ilə əldə edilməsi imkanlarının genişləndirilməsi isə daşınmaz əmlak bazarında aktivliyi və bununla bağlı əməliyyatların sayını artırır.

Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı onun ipotekası haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı və ləğvi, ipoteka predmeti olan daşınmaz əmla­ka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması və ləğvi, eləcə də daşınmaz əmlakın ipotekasının əlavə dövlət qeydiyyatı, sonrakı ipotekanın dövlət qeydiyyatı və ləğvi ilə bağlı altı elektron xidmət göstərilir. Xidmətlər vasitəsilə notarial qaydada təsdiqlənmiş ipoteka müqaviləsi əsasında daşınmaz əmlak üzərində yüklü­lüyün qeydiyyata alınması və ləğvi üçün müraciətlər qəbul edilir, elektron xidmət istifadəçisinə müraciətin qəbulu, işin icra tarixi barədə bildirişlər verilir. İşin icrasından imtina edildiyi hallarda bu barədə elektron xidmət istifadəçisi məlumatlandırılır.
Hüquqi və fiziki şəxslər Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalına (www.e-hokumet.nmr.az) və xidmətin internet saytına (www.emlak.nakhchivan.az) daxil olaraq təqdim olunan xidmətlərdən yararlana bilərlər.
Qeyd edilən xidmətlər vasitəsilə əməliyyatların aparılması üçün müvafiq bölmədə yerləşdirilmiş ərizə forması elektron xidmət istifadəçisi tərəfindən doldurulmalı, şəxsiyyəti və mülkiyyət hüququnu təsdiq edən sənəd, istifadəçi hüquqi şəxs olduqda isə vəkil edilmiş şəxsin etibarnaməsi elektron variantda təqdim edilməlidir.
İpotekanın dövlət qeydiyyatı və ləğvi ərizənin daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. Birinci halda ipotekanın dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış hüquq sahibinə təqdim edilir və ya elektron imza ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilərək hüquq sahibinin bu üsulla əldə etməsi imkanı təmin olunur. İpotekanın dövlət qeydiyyatının ləğvi xidmətindən daxil olmuş müraciətin icrası nəticəsində isə ərizəçiyə daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvinə dair bildiriş təqdim edilir. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv edilir.
2019-cu il ərzində daşınmaz əmlakın dövlət reyestrində 672 ipoteka qeydiyyatı aparılıb ki, bunun da 52 faizi Naxçıvan şəhərinin, 48 faizi isə muxtar respublikanın digər yaşayış məntəqələrinin payına düşür. İpoteka krediti hesabına əldə edilmiş 112 mənzil, 11 fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. 2018-ci illə müqayisədə ümumi ipoteka qeydiyyatı 54 faiz, ipoteka ilə əldə edilən əmlakların qeydiyyatının sayı 38 faiz artıb.
2019-cu ildə ipoteka kreditləşməsi vasitəsilə əldə edilən mənzillərin hər kvadratmetrinin orta qiyməti 750 manat təşkil edib. Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də ipoteka krediti hesabına əsasən iki və üçotaqlı mənzillərin alınmasına üstünlük verilib.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR