Yol mədəniyyətdir. Hamımızın tez-tez eşitdiyimiz iki sözdən ibarət olan bu cümlə özündə sadə, sadə olduğu qədər də mürəkkəb bir mənanı ehtiva edir. Müasir anlamda səliqəli, rahat yollar bir ölkənin inkişafını, tərəqqisini göstərən əsas amillərdən biri hesab olunur. Elə ölkə ilə ilk tanışlığa, müxtəlif tarixi və mədəni abidələrlə, mədəni mərkəzlərlə tanışlığa da yol, sözün əsl mənasında, yollardan keçir. Bu, “Yol mədəniyyətdir” cümləsinin dar çərçivədə izahıdır. Cümlənin geniş mənada izahı isə daha dərin tarixi-kulturoloji məna kəsb edir. Buradakı “mədəniyyət” sözü sivilizasiya – mədəni sistem kimi xarakterizə olunur. Çünki yaranışının bəşər tarixindən də qədim olduğu söylənilən yollar məhz bəşər sivilizasiyasının ilk mərkəzlərində formalaşmışdı. Yolların yaranma tarixindən danışan tədqiqatçılar hesab edirlər ki, bu tarix öz başlanğıcını yer üzərində yaşayan bütün canlıların hərəkət zamanı buraxdığı izlərdən götürmüşdür. Belə ki, vəhşi heyvanların sürü halında bir yerdən digər yerə – çaylara, otlaqlara getmələri nəticəsində yaranan izlər uzun müddət tapdandıqdan sonra cığır (yol) halına düşmüşdür. Nəticədə, geniş sahəni əhatə edən cığırlar yaranmışdır ki, bunlar da çox minilliklərdən sonra təbii yol vəziyyətinə düşmüşlər. Ən qədim insanın ilk yolu isə onun sığındığı təbii sığınacaqlara getmək üçün keçdiyi ərazi olmuşdur. Nəzərə alsaq ki, ölkəmizin ərazisində ilk insan dəstələrinin əmələ gəlməsi təqribən 1,5-1,7 milyon il əvvələ təsadüf edir, Azərbaycanda yol tarixinin başlanğıcını da elə bu dövrdən götürmək olar.
Azərbaycanda insanların məskunlaşdıqları ən qədim ərazilərdən biri hesab edilən Naxçıvan tarixən ən mühüm ticarət yolları üzərində yerləşən bir ərazi olmuşdur. Dünyanın mühüm yollarından biri və bəlkə də, birincisi hesab edilən qədim İpək Yolunun əsas qollarından biri Naxçıvan ərazisindən keçmiş, bu yol Şərq və Qərb arasında əlaqəni təmin etmişdir. Elə buna görə də bütün qədim və orta əsrlər boyunca idarəetmə formasından asılı olmayaraq, dövlət qurumları yolların saxlanmasına, artırılmasına həmişə ciddi yanaşmış, hakimiyyətin möhkəmlənməsində, yeni ərazilərin ələ keçirilməsində və yaşayış məntəqələrinin yaradılmasında yol amilini yüksək dəyərləndirmişlər. Naxçıvan ərazisində bu gün də qalıqları mövcud olan karvansaralar (Culfa Karvansarası, Fərhad evi və sair), körpülər (Sınıq körpü, “Ziyaülmülk” körpüsü, Qazançı körpüsü, Daş körpü və sair), xanəgahlar bu ərazilərdən keçən yolların necə hərəkətli və vacib əhəmiyyətli olduğunu sübut edir. Təsadüfi deyildir ki, Naxçıvan ərazisindən keçən yollar haqqında orta əsr ərəb coğrafiyaşünas-səyyahlarının əsərlərində də zəngin məlumatlar vardır.
Strateji əhəmiyyətini sonrakı dövrlərdə də saxlayan Naxçıvan uğrunda XV-XVII əsrlərdə aparılan mübarizənin əsas səbəbi də iqtisadi baxımdan vacib olan ticarət yollarının ələ keçirilməsi ilə bağlı olmuşdur. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra, xüsusilə ötən əsrin 70-80-ci illərində ölkənin bir çox yerlərində olduğu kimi, Naxçıvan ərazisində də yol infrastrukturunun inkişafına ciddi diqqət yetirilmişdir.
XX əsrin 80-90-cı illərində yaranmış böhranlı vəziyyət, eyni zamanda Ermənistan tərəfindən Azərbaycana qarşı başladılmış ədalətsiz müharibə nəticəsində muxtar respublikanın yol infrastrukturuna da ciddi ziyan dəymiş, yeni yolların çəkilməsi, təmiri işləri, demək olar ki, tamamilə dayandırılmışdı. XX əsrin 90-cı illərinin ortalarından başlayaraq inkişaf və tərəqqi yoluna qədəm qoyan Naxçıvanda digər sahələr kimi, yol infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilmiş, son illərdə muxtar respublika ərazisində yolların çəkilişi, yenidən qurulması istiqamətində irimiqyaslı işlər həyata keçirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikrinin işığında nəinki muxtar respublika ərazisindəki magistral yollar, hətta ən ucqar kəndlərimizə gedən yollar belə, yüksək standartlara uyğun qurularaq istifadəyə verilmişdir. Qədim və Orta əsrlərdə Naxçıvan ərazisindən keçməklə Qərb və Şərq sivilizasiyalarını birləşdirən Böyük İpək Yolunun bərpası istiqamətində görülən işlər ölkəmizdə uğurla həyata keçirilən ən irimiqyaslı layihələrdən biridir. Ötən illər ərzində bu yol üzərində yerləşən 88 kilometrlik Naxçıvan-Sədərək magistralının, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolunun, 32 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolunun inşası uğurla başa çatdırılmışdır.
2012-ci ilin may ayında muxtar respublikaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük İpək Yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışında iştirak edərək muxtar respublikada yol infrastrukturunun yeniləşməsi istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, Naxçıvanın tranzit mərkəzə çevrilməsinin əsas hədəflərdən biri olduğunu diqqətə çatdırmışdır: “Bu yolun açılması Naxçıvanda böyük yol-nəqliyyat layihələrinin icrasının təzahürüdür. Biz iki il bundan əvvəl Naxçıvan-Sədərək avtomobil yolunun açılışını qeyd etmişik. Gözəl, dördzolaqlı, rahat yoldur. İndi Naxçıvan-Culfa magistral yolunun açılışını qeyd edirik. ...Beləliklə, Naxçıvan tranzit mərkəzə çevrilməkdədir”.
Sözügedən çıxışında kənd yollarının tikintisini də vacib vəzifə kimi önə çəkən ölkə Prezidenti demişdir: “Kənd yollarının tikintisi növbəti illərdə başa çatmalıdır. Beləliklə, həm magistral, həm dairəvi, həm də kəndləri, bütün yaşayış məntəqələrini birləşdirən yollar yüksək səviyyədə olmalıdır”.
Dövlət başçısının 2011-ci il 2 sentyabr tarixli Sərəncamı ilə tikintisinə başlanılan, uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi və uzunluğu 57 kilometr olan Çeşməbasar-Boyəhməd avtomobil yollarında yenidənqurma işləri başa çatdırılmışdır. Avtomobil nəqliyyatında yük daşınması sahəsində xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmış, 2012-ci ilin sentyabr ayında Naxçıvan şəhərində Yük Avtomobil Park Kompleksi istifadəyə verilmişdir.
Muxtar respublikada nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun olaraq yeniləşdirilməsi istiqamətində işlər bu gün də davam etdirilməkdədir. Cari ilin yanvar-iyun aylarında Naxçıvan-Şahbuz-Batabat, Hacıvar-Vayxır-Sirab, Şəkərabad-Hacıvar, Qıvraq-Püsyan-Xanlıqlar, Ayrınc-Qızıl Qışlaq-Güney Qışlaq və Ağbulaq-Gömür avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir. Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki, C.Məmmədquluzadə, Ə.Əliyev və N.Tusi küçələrindəki avtomobil yolları yenidən qurulmuşdur. Şərur rayonunun Şahbulaq və Xanlıqlar, Kəngərli rayonunun Xok kəndlərinə giriş avtomobil yollarının yenidən qurulması davam etdirilir. Şərur rayonunda bir körpünün təmiri başa çatdırılmış, Şahbuz rayonunda yeddi, Şərur və Babək rayonlarının hər birində bir körpünün tikintisi, Şahbuz rayonunda bir körpünün yenidən qurulması və dörd körpünün təmiri davam etdirilməkdədir. Cari ilin ilk altı ayında müasir avtomobil yollarının çəkilişində istifadə olunması məqsədilə 2 ədəd “CAT” markalı yükləyici ekskavator və 1 ədəd “CAT” markalı vərdənə muxtar respublikaya gətirilmişdir.
Birmənalı şəkildə demək olar ki, bu gün Naxçıvan Muxtar Respublikasında mövcud olan yol infrastrukturu müasirliyi və rahatlığı baxımından nəinki ölkənin digər regionlarını, hətta həmsərhəd ölkələrin qonşu bölgələrindəki yolları da üstələyir. Təsadüfi deyil ki, Naxçıvana gələn qonaqların da burada diqqətini çəkən üç amil var: tarix və müasirliyin vəhdətinin qorunması, səliqəli şəhər və geniş yollar, insanların qonaqpərvərliyi. Bütün bu tərəqqi və inkişaf isə ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcək inkişafı naminə müəyyənləşdirdiyi BÖYÜK YOLUN nəticəsidir. Bu işıqlı Yolun ardıcıllıqla davam və inkişaf etdirilməsi üçün isə iki amil vacibdir: istək və zəhmət.
P.S. Bir neçə gün öncə dövlət xadimlərimizdən birinin çıxışında müdrik bir hadisəni eşitmişdim. Dünya üçün ən vacib kəşflərdən birini etmiş alimlərdən birindən bunu necə bacardınız, – deyə soruşduqda, alimin cavabı belə olmuşdu: “Bu kəşfi etmək üçün bir faiz istək, doxsan doqquz faiz isə zəhmət lazım idi”. Bu alim elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil edən Tomas Alva Edison idi. Həqiqətən də, dərindən düşünəndə görürsən ki, sözün həqiqi və məcazi mənasında, zülmətdən işığa doğru hərəkət etmək üçün istək və zəhmət mühüm amillərdir. Bu gün gecələri də gündüzləri kimi işıqlı olan, nəinki günbəgün, saatbasaat, dəqiqəbədəqiqə inkişaf edən Naxçıvanda həyata keçirilən işlər də böyük SƏDAQƏTİN, böyük İSTƏYİN və böyük ZƏHMƏTİN nəticəsidir.
Elnur KƏLBİZADƏ