Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondundan aldığımız məlumata görə, dekabrın 28-i tarixinə qədər sahibkarlara 13 milyon 295 min manat məbləğində güzəştli kreditlər verilib. Kreditlərin verilməsi müvəkkil kredit təşkilatları tərəfindən icra edilib, alınan vəsaitlərin aidiyyəti üzrə xərclənməsinə xüsusi diqqət yetirilib.
Fonddan onu da bildiriblər ki, verilən kreditlərin 8 milyon 5 min manatı sənayeyə, 4 milyon 675 min manatı kənd təsərrüfatına yönəldilib. 615 min manat isə sahibkarlara yeni xidmət sahələrinin yaradılması üçün verilib.
Qeyd edək ki, sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, əhalinin sosial-rifah halının yaxşılaşdırılması muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu sahənin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi və iş adamlarının maarifləndirilməsinə yönəldilmiş bir sıra tədbirlər həyata keçirilir.
Artıq neçə illərdir ki, naxçıvanlı sahibkarlar Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun xidmətlərindən istifadə edir, verilən kreditlərdən yeni istehsal sahələrinin yaradılmasında, mövcud sahələrin genişləndirilməsində istifadə edirlər. Fondun vəsaitlərinin daha səmərəli yerləşdirilməsində yeni yanaşmaların tətbiq edilməsinə də xüsusi diqqət yetirilir.
Xəbərlər şöbəsi