Növbəti əməkhaqları artımı bunu bir daha təsdiqlədi
Ölkənin iqtisadi inkişafı dövlətin bu sahədə yeritdiyi mühüm tənzimləmə tədbirlərinə əsaslanır. Belə vacib funksiyaları həyata keçirmək üçün dövlət lazımi maliyyə vəsaitlərindən istifadə edərək öz sosial-iqtisadi inkişaf siyasətini həyata keçirir. Bu baxımdan mühüm iqtisadi tənzimləmə mexanizmlərindən biri olan maliyyə-büdcə münasibətləri ilə əldə edilən göstəricilər, son nəticə etibarilə, özünü güclü dövlətlərə xas olan tarazlı inkişaf və yüksək həyat səviyyəsində göstərir.
İqtisadiyyat mövzusu həmişə aktualdır və iqtisadi inkişafın müxtəlif məsələləri ayrı-ayrı şəxslərdən tutmuş dövlət rəhbərləri səviyyəsinədək hər zaman müzakirələr obyekti olub, bir çox hallarda gəlir və xərclərin düzgün idarə olunması qayğısı ilə ifadə olunur. Belə ki, hər bir subyekt öz maliyyə vəziyyətinə daim nəzarət etdiyi kimi, dövlətin də qarşısında öz gəlir və xərclərini günün reallıqları əsasında tərtib etməklə artan büdcəyə malik olmaq vəzifəsi dayanır. Çünki geniş büdcə möhkəm iqtisadiyyata malik olan güclü dövlətin əlində ən mühüm tənzimləmə aləti və ölkə əhalisinin yaxşı yaşamasının bir nömrəli qarantıdır.
Büdcənin bir çox funksiyaları vardır və onlardan müvəffəqiyyətlə istifadə olunması dövlət qarşısında duran mühüm məsələlərdəndir. Hamının arzusunda olduğu sosial ədalət prinsipləri əsasında yaşaya bilmək üçün yenidən bölgü proseslərini tənzimləmək məhz bu baxımdan yalnız dövlətin gücünün çata biləcəyi bir məsələdir. Dövlət büdcədə toplanmış vəsaitlər hesabına bu vəzifənin həllinə çalışır. Maddi nemətlərin istehsalı üzrə fəal iqtisadi fəaliyyətdən əldə olunan gəlirlərin bir qisminin vergilər vasitəsilə büdcəyə cəlb edilməsi və ölkədəki mövcud həyat səviyyəsinə görə müxtəlif əhali qrupları arasında tarazlı inkişafa nail olunması bu istiqamətdə yerinə yetirilən mühüm tədbirlərdəndir. Çünki hərtərəfli sosial-iqtisadi inkişaf dedikdə eyni zamanda ölkənin bütün əhalisinin maraqlarını, onların minimum həyat standartlarını zəmanət altına alan bölgü və yenidən bölgü mexanizminin hamı tərəfindən rəğbətlə qarşılanan nəticəsi başa düşülür.
Müasir dövrdə sosial dövlətin qarşısında mühüm vəzifələr vardır. Cəmiyyət inkişaf edib həyat səviyyəsi yüksəldikcə bu vəzifələr daha da dərinləşməkdədir. Artıq cəmiyyətdə hər bir fərdin normal həyat tərzinə qovuşmasına şərait yaradan siyasət yeridilməli, heç kimin sosial statusuna və ya əmək qabiliyyətinə görə digərlərindən fərqlənib əziyyət çəkməməsinə çalışılmalıdır. Bütün bunlar isə XXI əsrdə sivil inkişaf yolunu tutmuş ölkələrdə qəbul olunmuş ümumi humanitar dəyərlərə əsaslanan bir həyat standartı, sosial sabitlik zəmanətidir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının uğurla yerinə yetirilməsi nəticəsində bu gün ölkəmizdə də bu prinsiplər əsas götürülməklə bütün Azərbaycan vətəndaşlarının sosial müdafiəsini təmin edən islahatlar həyata keçirilməkdədir. İnsanların bazardan asılılığını davamlı olaraq zəiflətmək, həyat səviyyəsi standartlarını pillə-pillə dünya standartları səviyyəsinə uyğunlaşdırmaq məqsədilə əməkhaqları və müavinətlərin mütəmadi olaraq artırılması bu islahatların əsas qayəsini təşkil edir. Ölkəmizdə büdcə xərclərinin böyük bir qisminin elmə, təhsilə, səhiyyəyə, əhalinin sosial müdafiəsinə, sosial infrastruktur sahələrinin yenilənməsinə sərf olunması təkcə büdcədən maliyyələşən əhali qruplarının deyil, ümumilikdə, bütün ölkə əhalisinin də maraqlarına cavab verməkdədir. Belə ki, biznes sektorunda görülən işlərin, istehsal olunan məhsul və xidmətlərin son nəticədə ölkə əhalisinin tələbatlarına yönəlməsi büdcənin də bu istiqamətdəki xərclərinin onların gəlirinə çevrilməsi deməkdir. Ona görə də ölkə başçısının büdcədən maliyyələşən əməkhaqların və müavinətlərin artırılması haqda verdiyi hər qərarı, bütövlükdə, bütün ölkə əhalisinin rifahının yüksəldilməsi yolunda atılmış mühüm bir addım kimi qiymətləndirmək lazımdır.
Dövlətin büdcə xərclərinin izlərini gündəlik həyatımızın, demək olar ki, hər məqamında görsək də, bunların idarə olunması çox mühüm şərtlərə bağlıdır. Özəl sektorun inkişafı ilə vergi ödəyən subyektlərin sayının çoxalması vergitutma bazasının genişləndirilməsi ilə nəticələnir ki, bu da büdcə gəlirlərinin artması deməkdir. Ona görə də geniş büdcəyə malik olmaq üçün bundan əvvəl özəl sektorun da inkişafı qayğısına qalınmalıdır. Bundan başqa, maliyyə orqanları tərəfindən tərtib olunan büdcə proqnozları iqtisadi cəhətdən əsaslandırılaraq mövcud real imkanlara söykənməni də təmin edir. Büdcə gəlirlərinin xərclərlə düzgün tarazlaşdırılması, inflyasiya yaradan xərclərdən qaçınılması da bu sahənin idarə olunmasının mühüm şərtlərindən biridir. Bütün belə şərtlərə ciddi əməl olunması ölkədə maliyyə sabitliyinin qorunub saxlanılması kimi mühüm məsələnin daim olaraq diqqətdə saxlanılması deməkdir ki, bu da bütün ölkədə maliyyə intizamına ciddi əməl olunması ilə əlaqədar müvafiq qurumların vəzifəsi və eyni zamanda hər bir vətəndaşın mənafelərinin qorunması deməkdir. Büdcə dövlətindir. Ancaq hər birimizin burada maraqları vardır və dövlətimizin daim artan büdcəyə sahib olması bizim də sürətlə yüksələn həyat səviyyəmiz və yaxşı yaşayışımız deməkdir. Buna görə də büdcə vəsaitlərinin xərclənməsinə maliyyə nəzarətinin daim yüksək səviyyədə saxlanılması ilə yanaşı, hər bir vətəndaş mal və xidmətlərə görə ödədiyi hər manatın vergisinin dövlət büdcəsinə köçürülməsinə əsl nəzarətçi olmalıdır.
Ölkənin iqtisadi potensialı burada istehsal olunan Ümumi Daxili Məhsulun həcmi, dövlətin iqtisadi imkanları isə onun malik olduğu büdcənin genişliyi ilə ölçülür. Bu gün Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik olmaqla yanaşı, Ümumi Daxili Məhsulun həcmi üzrə bir çox MDB və bütün Baltikyanı ölkələri, hətta Bolqarıstan və Xorvatiya kimi Avropa İttifaqı ölkələrini də geridə qoymuşdur.
Güclü dövlətin güclü ordusu, sağlam əhalisi, təhsilli gəncləri və dəqiq işləyən idarəetmə mexanizmi olmalıdır prinsipindən yanaşsaq, ölkəmizin artan iqtisadi qüdrətinə görə dövlətimizin də bu qədər geniş büdcəyə sahib olmasını obyektiv inkişaf qanunauyğunluğu kimi qiymətləndirmək lazımdır. Təkcə Naxçıvan Muxtar Respublikasının, təqribən, yarım milyard manata yaxınlaşan büdcə xərclərinə baxdıqda dövlətin əhalinin sosial, mədəni tələbatlarının ödənilməsinə, sosial müdafiəsinə, asayişinə və ekoloji təhlükəsizliyinə, nəqliyyat, rabitə, əsaslı tikinti ehtiyaclarına və digər çoxlu sahələrə nə qədər vəsait ayırdığını görürük. Bütün bunlar isə yalnız möhkəm iqtisadiyyata malik olan güclü dövlət idarəetməsinin yaratdığı imkanlar hesabınadır.
Əli CABBAROV