22 Dekabr 2024, Bazar

Hazırda dünyanın ərzaq bazarında ekoloji təmiz, keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarına ciddi ehtiyac duyulur. Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvandarlıq sektorunun inkişaf etdirilməsi vacib amillərdəndir. Çünki bu, kənd təsərrüfatının ən mühüm sahələrindən biri olmaqla, əhalinin ət, süd, yumurta məhsullarına olan ehtiyacının ödənilməsi ilə yanaşı, sənayenin xammala olan tələbatının təmin edilməsində də mühüm rol oynayır.

Baytarlıq xidmətinin düzgün təşkili mühüm iqtisadi əhəmiyyətə malik iş hesab edilir. Bu sahənin fəaliyyəti “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanuna uyğun olaraq baytarlıq xidmətinin başlıca vəzifəsi respublika ərazisində insanlar və heyvanlar üçün təhlükəli və kəskin yoluxucu xəstəliklərin qarşısını almaq, ölkədə epizotoloji sabitliyi təmin etməklə əhalinin ərzaq təhlükəsizliyinin təminatında xüsusi rola malik olmasıdır.
Muxtar respublikamızda da bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti burada ayrıca qeyd olunmalıdır. Xidmətin strukturu Elmi-Tədqiqat Baytarlıq Stansiyası, Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyası, Zoobaytar Təchizatı İdarəsi, 8 şəhər və rayon baytarlıq idarəsi və 7 rayon baytarlıq laboratoriyası, 168 sahə baytarlıq məntəqəsi, 2 dəmiryol nəzarəti məntəqəsi, 8 baytar sanitar ekspertiza laboratoriyasından ibarətdir.

Yaradıldığı vaxtdan bu günədək xidmətin inzibati binası, Elmi-Tədqiqat Baytarlıq Stansiyası, Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyası, Naxçıvan Şəhər Baytarlıq İdarəsi və Naxçıvan Muxtar Respublikası Zoobaytar Təchizatı İdarəsi üçün binalar yenidən qurulub və ya əsaslı təmir olunub, dərmanların saxlanılması üçün soyuducu kameralar quraşdırılıb. Şərur, Sədərək, Şahbuz Rayon Baytarlıq idarələri üçün yeni binalar tikilib, müasir avadanlıqlarla təmin edilərək istifadəyə verilib.
Təkcə ötən il ərzində Şərur rayonunun Kərimbəyli, Xələc, Yeni Havuş, Alışar, Muğanlı, Qışlaqabbas, Kəngərli rayonunun Böyükdüz, Babək rayonunun Gülşənabad, Kültəpə, Şahbuz rayonunun Türkeş, Ordubad rayonunun Dəstə kəndlərində, 2020-ci ilin əvvəlində isə Ordubad rayonunun Vənənd kəndində baytarlıq məntəqələri və ət satışı mağazaları tikilib, zəruri mebel və avadanlıqlar ilə təmin edilərək istifadəyə verilib.
Babək Rayon Baytarlıq İdarəsinin binası yenidən tikilib, müasir avadanlıqlarla təmin edilib və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.
Heyvandarlıq məhsullarının artırılması heyvanların sağlamlığının qorunması ilə yanaşı, onların baş sayının çoxaldılması, mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və yeni cinslərin yaradılması ilə mümkündür. Buna isə dünyada ən mütərəqqi metod sayılan süni mayalanma üsulunu tətbiq etməklə nail olmaq olar. Muxtar respublikamızda bu üsulun tətbiqinə ilk dəfə olaraq 2002-ci ildə başlanılıb. Bu prosesi həyata keçirmək üçün Babək rayonunun Nehrəm kəndində süni mayalanma məntəqəsi yaradılıb, sonrakı illərdə isə digər şəhər və rayonlarda da belə məntəqələr yaradılaraq onların sayı 23-ə çatdırılıb, bütün məntəqələr yedəkli motosikletlərlə yanaşı, zəruri avadanlıqlar və ləvazimatlarla təmin edilib.
Bütün bunlar bir daha təsdiq edir ki, muxtar respublikada baytarlıq xidmətinin düzgün təşkili üçün hərtərəfli şərait yaradılıb, bu da daxili bazarın keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunmasına, eyni zamanda həmin məhsulların ixracına geniş imkanlar açır.

Elnur ƏLİYEV
Naxçıvan Muxtar Respublikası
Dövlət Baytarlıq Xidmətinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR