Kənd təsərrüfatının inkişaf etdirilməsi bütün dövrlərdə prioritet məsələlərdən sayılıb. Çünki bu sahənin inkişafı ərzaq məhsulları ilə etibarlı təminata zəmin yaradaraq strateji önəm kəsb edir. Naxçıvan Muxtar Respublikasının da əlverişli iqlim şəraiti, bərəkətli, münbit torpaqları, kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısının göstərilməsi mövcud torpaq potensialından səmərəli istifadə edilməsinə, həmçinin əkin dövriyyəsinin genişləndirilməsinə hərtərəfli şərait yaradıb.
Ötən dövrdə suvarma suyuna olan tələbatın ödənilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlərin və müasir kənd təsərrüfatı texnikalarının verilməsi, aqrotexniki xidmət sarıdan köməkliklərin göstərilməsi də bu sahənin inkişafına öz müsbət təsirini göstərib. Təbii ki, əkin-biçin kampaniyasının mütəşəkkil keçirilməsində, yetişdirilən məhsulun vaxtında və itkisiz toplanmasında müasir kənd təsərrüfatı texnikalarından səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikada kənd təsərrüfatının inkişafında böyük rol oynayır.
Cəmiyyətin əsas fəaliyyət istiqaməti muxtar respublikada kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılmasını, fermerlərə güzəştli şərtlərlə texnika və avadanlıqların lizinq yolu ilə verilməsini, habelə mineral gübrələrin, damazlıq mal-qaranın, məhsuldar toxum sortlarının alınaraq uyğun qiymətlərlə sahibkarlara satışını təşkil etməkdən ibarətdir. Ötən müddətdə bu sahədə mühüm irəliləyişlərə nail olunub, fermerlər göstərilən dövlət qayğısından lazımınca yararlanıblar. Eyni zamanda göstərilən aqrolizinq xidmətləri də ildən-ilə öz keyfiyyətini yüksəldərək bu həllivacib sahəyə öz töhfəsini verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2015-ci il aprelin 6-da muxtar respublikada “Kənd təsərrüfatı ili”ndə qarşıda duran vəzifələrlə bağlı müşavirədə demişdir: “…Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Əvvəllər kənd təsərrüfatı texnikaları torpaq mülkiyyətçilərinə və fermerlərə 10 il müddətinə lizinqə verilir, mineral gübrələr isə 50 faiz güzəştlə satılırdı. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə imzaladığı 2014-cü il 16 aprel tarixli Fərmanına əsasən, kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi, eləcə də mineral gübrələrin 70 faiz güzəştlə satışının həyata keçirilməsi qərara alınmışdır. Qəbul edilən bu qərarlar yerlərdə aqrolizinq xidmətləri tərəfindən həyata keçirilir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ilin yanvar ayından fəaliyyət göstərir. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında bazaları yaradılaraq lazımi texnika və avadanlıqlarla təchiz olunmuş, kollektiv üzərinə düşən vəzifələri yerinə yetirmişdir”.
Bəli, yaradılmasından ötən 15 il ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti böyük bir inkişaf yolu keçib. Cəmiyyətin ötən dövr ərzində fəaliyyətinə nəzər salsaq, görərik ki, əgər 2006-cı ildə muxtar respublikaya 82 ədəd kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqları gətirilmişdirsə, 2019-cu ildə gətirilən yeni texnikaların sayı 364 ədəd təşkil etmiş, ümumilikdə, sayı 2739 ədədə çatdırılmışdır. Bu texnika və texnoloji avadanlıqların ardıcıl olaraq hər il fermerlərə güzəştli şərtlərlə satışı təşkil edilmiş, bu günədək onlardan 2111 ədədi lizinq, 166 ədədi isə nağd və köçürmə yolu ilə hüquqi və fiziki şəxslərə satılmışdır. Ümumilikdə, muxtar respublika üzrə nağd, köçürmə və lizinq yolu ilə satılan texnika və texnoloji avadanlıqların sayı 2277 ədəd təşkil etmişdir.
Vurğulamaq lazımdır ki, ötən dövrdə cəmiyyətin rayon bazaları da yaradılmış və bu bazalarda inzibati binalar, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, gətirilmiş texnika və texnoloji avadanlıqların əkin sahələrinə uyğun bölgüsü aparılmışdır. Qeyd edək ki, lizinq yolu ilə satılan texnikaların ehtiyat hissələrinin alınması da cəmiyyət tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda cəmiyyətə məxsus anbarlarda müxtəlif kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri vardır. Məhz torpaq mülkiyyətçilərinin əlindən tutan bu cür müasir texnika və avadanlıqlar əkin sahələrində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verir. Həmçinin cəmiyyətin bazalarında torpaq mülkiyyətçilərinə yardım məqsədilə texniki servis xidmətləri də göstərilir.
Torpaq mülkiyyətçilərinə mühüm dəstəklərdən biri də əkin sahələrinin mineral gübrələrə olan ehtiyacının ödənilməsidir. Hazırda ölkə başçısının müvafiq fərmanı ilə mineral gübrələrin fermerlərə 70 faiz güzəştlə satışı təmin olunmuşdur. Yeri gəlmişkən, artıq cari il yanvarın 27-dən əkinçiliklə məşğul olan torpaq mülkiyyətçilərinə mineral gübrələrin verilməsinə başlanılıb.
Yaradılmış şərait muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə, meliorativ tədbirlərin həcminin genişləndirilməsinə, yeni fermer təsərrüfatlarının və kənd təsərrüfatı ixtisaslı istehsal müəssisələrinin yaradılmasına imkan verir.
Təsadüfi deyil ki, muxtar respublikada heyvandarlığın inkişaf etdirilməsi yönündə atılan addımlarda da “Naxçıvan Aqrolizinq” ASC-nin böyük rolu var. Xüsusilə xarici ölkələrdən cins mal-qaranın alınıb gətirilərək güzəştli şərtlərlə sahibkarlara satılması bu sahənin inkişaf etdirilməsini stimullaşdırır. Məlumat üçün deyək ki, ötən dövrdə cəmiyyət tərəfindən muxtar respublikaya “Şvis”, “Simmental” və “Holştin friz” cinsi olmaqla, ümumilikdə, 1927 baş damazlıq mal-qara gətirilərək fermerlərə uyğun şərtlərlə satılmışdır. Həyata keçirilən bu tədbirlər iribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynamış, bu da ət və süd istehsalının ilbəil artmasına öz təsirini göstərmişdir.
Vurğulamaq lazımdır ki, əhalisinin 70 faizdən çoxunun kəndlərdə məskunlaşdığı muxtar respublikamız zəngin kənd təsərrüfatı ənənələrinə malikdir. Bu ənənələri uğurla və mütərəqqi vasitələrlə davam etdirmək üçün bu gün münbit şərait mövcuddur. “Naxçıvan Aqrolizinq” ASC də ötən 15 ildə fermerlərə göstərdiyi lazımi dəstəklə aqrar sahədə mühüm nəticələrin qazanılmasına yeni imkanlar açır.
Səbuhi HƏSƏNOV