Sabitlik və işgüzar fəallığın bərqərar olduğu cəmiyyətimizdə sahibkarlıq fəaliyyəti iqtisadi və mədəni inkişafda mühüm rola malikdir. Tətbiq olunan yeniliklərlə insan həyatında müsbət keyfiyyət dəyişiklikləri yaradan sahibkarlıq, bu mənada, həm də böyük məsuliyyət sahəsidir. Əhali tələbatlarını və dövlətin qarşıya qoyduğu prioritetləri əsas tutaraq özünün fəaliyyət proqramını quran hər bir sahibkarın uğur qazanmasının da sirri bundadır.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası da işini bu istiqamətdə təşkil edərək sahibkarların uğurlu biznes fəaliyyətinə öz dəstəyini göstərir. Qurumdan aldığımız məlumata əsasən 33 üzvü özündə birləşdirən konfederasiyada sənaye və ərzaq məhsulları, mebel və tikinti materialları istehsalı, tibb və ticarət xidmətləri üzrə geniş profildə fəaliyyət göstərən iş adamları vardır. Muxtar respublikamızın müasir sosial-iqtisadi inkişafında yaxından iştirak edən bu sahibkarlar konfederasiya ətrafında birləşərək öz işlərini günün tələbləri və verilmiş tapşırıqlar istiqamətində qurublar. Belə ki, təkcə 2019-cu ildə muxtar respublikada sahibkarlıq subyektləri tərəfindən dövlət dəstəyi və özəl investisiya hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələrində 72 yeni layihə üzrə istehsal və xidmət obyektlərinin fəaliyyətə başlaması davamlı inkişafın əsas göstəricilərindən biri kimi bunun təsdiqidir. Ümumilikdə isə sahibkarlıqla bağlı həyata keçirilən ardıcıl tədbirlər muxtar respublikanın istehsal sahələrinin genişlənməsinə və iqtisadiyyatın çoxsahəli inkişafına səbəb olub. Belə ki, ötən il sahibkarlara 24 milyon 546 min manat kredit verilmiş, istehsal və xidmət sahələri fəaliyyətə başlamış, 37 hüquqi və 3459 fiziki şəxs dövlət qeydiyyatına alınmışdır. Sahibkarlığın hazırkı inkişaf səviyyəsinin nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.
Sahibkarlığın inkişafı və onun rəqabətqabiliyyətliliyinin artırılması üçün göstərilən dövlət dəstəyi cəlbedici biznes və investisiya mühitinin formalaşdırılmasında mühüm rola malikdir. Belə ki, müasir dünya iqtisadiyyatında qlobal rəqabətin artması və digər amillər yüksək risklər yaradır.
Dünyada təbii resursların getdikcə tükənməsi, istehsalda yeni texnologiyaların tətbiqi və eyni zamanda məşğulluq məsələlərinin həlli, bu mənada, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da dinamik iqtisadi artımın təmin olunması üçün daim yeni yollar axtarılmasını gündəmə gətirir. Belə bir şəraitdə vahid bir konfederasiya ətrafında birləşən muxtar respublika sahibkarlarının məqsədi, şübhəsiz ki, ilk növbədə, doğma Naxçıvanımızın daha da çiçəklənməsi üçün yeni, səmərəli layihələrlə çıxış etmək, daxili bazarda məhsul bolluğu yaratmaq, daha keyfiyyətli xidmətlər təşkil etmək olmalıdır. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası muxtar respublikada biznes fəaliyyətinə başlamaq istəyən iş adamlarına düzgün istiqamət verməyi özünün əsas vəzifələrindən biri hesab edir. Bu baxımdan konfederasiya sahibkarların hüquqlarının qorunmasına, onların dövlət orqanları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək yaradılmış şəraitdən maksimum istifadələrinə köməklik göstərməyə çalışır. Hazırda muxtar respublikamızda yaradılmış əlverişli biznes mühiti bunun üçün geniş imkanlar açıb. Belə ki, bazar iqtisadiyyatı daimi olaraq sahibkar qarşısında müəyyən problemlərin həll olunmasını tələb etdiyindən konfederasiyanın əsas vəzifələrindən biri də biznesə yeni başlayan iş adamlarına metodoloji dəstək verməkdir. Çünki hər bir sahibkarın yeni bazar imkanlarını qiymətləndirməsi üçün ilk olaraq informasiya təminatına ehtiyacı vardır. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə konfederasiya üzvləri dünyanın bir çox biznes qurumları ilə sərbəst əlaqələr saxlayır, sərgi və forumlara dəvətlər alır, işgüzar görüşlər keçirirlər. Ötən il ölkə daxilində və xaricdə keçirilən 33 tədbirdə 150 naxçıvanlı sahibkarın iştirakının təmin olunması bu baxımdan onların uğurlu fəaliyyətinə dəstək olub.
Muxtar respublikada hər bir sahibkarın uğuruna xüsusi diqqət göstərilir, onların səmərəli fəaliyyətləri dövlət tərəfindən yüksək qiymətləndirilir. Belə bir stimul isə onların gələcəkdə daha uğurlu layihələr həyata keçirmələri üçün çox əhəmiyyətlidir. Çünki Naxçıvanın uğurları artdıqca irəlidə daha yeni layihələr bizi gözləyir.
Əli CABBAROV