Son illər ərzində muxtar respublikada qazanılan iqtisadi uğurlardan biri də diyarımızda yüzlərlə yeni ailə təsərrüfatlarının formalaşmasıdır.
2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması isə bu sahəyə marağı daha da artırıb. Ötən dövr ərzində ailə təsərrüfatlarının hərtərəfli fəaliyyəti üçün keçirilən tədbirlərin davamı olaraq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ticarət obyektlərində “Ailə təsərrüfatı məhsulları” guşələri yaradılıb. Yaxın günlərdə isə Naxçıvan şəhərində fəaliyyətə başlayan ailə təsərrüfatları məhsullarının satışı mağazası da paytaxt sakinlərinə nümunəvi xidmətlə yanaşı, muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatlarında istehsal olunan məhsulların da satışını həyata keçirir. Bütün bunlar isə muxtar respublikada ailə təsərrüfatlarında istehsal olunan məhsulların çeşidinin və rəqabətqabiliyyətliliyinin stimullaşdırılması ilə yanaşı, istehlakçıların ekoloji təmiz məhsullarla təmin edilməsində də mühüm rol oynayır.
Ailə təsərrüfatı başçısı Şəfəq Ağayevanın dövlət dəstəyi ilə yaratdığı təsərrüfatının bir hissəsi olan mağazada müxtəlif çeşidli şirniyyatlar, meyvə suları, mürəbbələr, meyvə quruları, beş çeşiddə əriştə, xəngəl kimi xəmir məhsulları müştərilərə təqdim edilir.
Qeyd edək ki, mağaza Heydər Əliyev prospektində yerləşən 8-ci binanın birinci mərtəbəsində fəaliyyət göstərir.
Ramiyyə ƏKBƏROVA