Son illərdə paytaxt Naxçıvan şəhərində vergilər sahəsində irəliləyişlərə nail olmaq üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Ticarət obyektlərində nəzarət-kassa aparatlarının quraşdırılması, POS-terminalların sayının ilbəil artırılması və düzgün istifadəsinin təmini, elektron qaimə-fakturaların və asan imzanın tətbiqi vergidənyayınma hallarının qarşısının alınmasına, ödəniş məbləğinin dəqiq aparılmasına, vaxt və maddi itkilərin aradan qaldırılmasına şərait yaradıb. Artıq bütün görülən tədbirlər öz bəhrələrini verməkdədir.
Bunu ötən ilin nəticələrində də aydın şəkildə görmək mümkündür. Belə ki, bəhs olunan dövrdə Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoza 109,9 faiz əməl olunub ki, bu da nəzərdə tutulduğundan 1 milyon 584 min manat artıq vəsait deməkdir. Hesabat dövrü ərzində 1023 vergiödəyicisi qeydiyyata alınıb, onlardan 959-u fiziki, 64-ü hüquqi şəxs olub. Vergiödəyicilərinə bankda hesab açmaq üçün 688 şəhadətnamə dublikat verilib.
Bu gün vergilər sahəsində ən mühüm amillərdən biri də vergi potensialının yerlərə getmədən müəyyən edilməsidir ki, bu da, öz növbəsində, keçirilən kameral vergi yoxlamalarına diqqətin daha da artırılması və səmərəliliyin yüksəldilməsi zərurətini ortaya çıxarır. Ötən il idarə tərəfindən 185 vergiödəyicisində kameral vergi yoxlamaları aparılıb, ki, bunun da nəticəsində 81 min 296 manat əlavə vəsait hesablanıb.
Xəbərlər şöbəsi