22 Dekabr 2024, Bazar

Ümumi daxili məhsulun strukturunda ilk yerə sənaye sahəsinin sahib olması son 11 ildə muxtar respublikanın əldə etdiyi ən böyük nailiyyətdir. Əgər 2008-ci ildə 164 milyon 452 min manatlıq sənaye məhsulu istehsal olunmuşdursa, 2019-cu ildə bu rəqəm 1 milyard 15 milyon manata yaxınlaşmış, emal müəssisələrinin fəaliyyəti genişləndirilmiş, muxtar respublika sənaye regionu kimi tanınmışdır. Sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər, sahibkarlara göstərilən dövlət qayğısı və dəstəyi nəticəsində ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötmüş, sənaye sahəsində isə məhsul istehsalının 95 faizi özəl bölmənin payına düşmüşdür. 

Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən birini yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişaf etdirilməsi və şaxələndirilməsi təşkil edir. Müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələri, sənaye parkları, sənaye məhəllələri yaradılır. Ölkəmizdə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli Qərarı ilə Sənaye məhəllələri haqqında nümunəvi əsasnamə təsdiq edilmişdir. 

Bu istiqamətdə görülən işlərin davamı olaraq Prezident cənab İlham Əliyev 2019-cu il 13 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında Fərman imzalamışdır. Sənaye məhəlləsinin yaradılmasında məqsəd bu sahədə sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafı, sənaye və xidmət sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasından ibarətdir.
Sənaye məhəlləsi məhsul istehsalı və xidmətin göstərilməsi üçün sahibkarlar tərəfindən istifadə edilən ərazidir. Bu ərazi sahibkarlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində zəruri infrastruktura malik olaraq xərclərinin azaldılması və kooperasiya əlaqələrinin gücləndirilməsini təmin edir. Muxtar respublikanın perspektiv inkişafı üçün sənaye sahəsində dövlət siyasətinin əsas məqsədləri sənaye istehsalının dayanıqlı və yüksək artım tempinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi, modernləşdirilməsi və səmərəliliyinin artırılmasıdır. Bu sahədə əsas tədbirlər istehsal avadanlığının yüksək mənəvi və fiziki aşınmasının aradan qaldırılmasından, məhsulun rəqabətqabiliyyətliliyinin, sənayedə investisiya və innovasiya fəallığının artırılmasından və emal sahəsində fəaliyyət növlərinin stimullaşdırılmasından ibarətdir.
Mülkiyyətinə görə dövlət tərəfindən qurulacaq və idarə olunacaq Şərur Sənaye Məhəlləsinin yaradılması göstərilən hərtərəfli xidmət, stimullaşdırma tədbirlərinin həyata keçirilməsi ilə rəqabətqabiliyyətli, daxili və xarici bazarın tələbatına uyğun məhsul istehsalına, istehsalın perspektiv fəaliyyətinə, istehsal vasitələrindən effektiv istifadəyə və beləliklə, sənayenin kompleks inkişafını tənzimləməyə imkan verəcək. Bu iqtisadi siyasətin reallaşması formalaşan təsərrüfat strukturlarının artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, özəl sektorun rolunun getdikcə artması ilə müşayiət olunacaq. Mövcud dünya standartlarına uyğun olaraq mütərəqqi texnologiyalar əsasında qurulmuş belə müasir müəssisələr yalnız iqtisadi cəhətdən deyil, həm də yeni iş yerlərinin açılması ilə sosial baxımdan da mühüm əhəmiyyət kəsb edir.
Şərur rayonundakı 6 istehsalat korpusundan ibarət olacaq sənaye məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulub. Bu, həmin məhsulların idxalının azaldılmasında mühüm rol oynamaqla, ixracın və rəqabət qabiliyyətinin artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir.
Xarici dövlətlərin təcrübəsindən görünür ki, cəmiyyətin iqtisadi tərəqqisi, əsasən, elmtutumlu texnoloji proseslərin imkanlarının iqtisadi tələbatlarla birləşməsinin nəticəsi olan innovasiyanın əsasında təmin edilir. İnnovasiya prosesinin son məqsədi yeni məhsulun reallaşdırılma qabiliyyətinin yüksəldilməsi və kütləvi istehsalının təşkili olduğundan sənaye məhəlləsində də müasir texnologiyaların tətbiqi yolu ilə yüksək rəqabətqabiliyyətli məhsulların istehsalı və xidmət göstərilməsi istiqamətində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulur. Sənaye məhəlləsinin yaradılması özəl sektorun inkişafına daha böyük dövlət dəstəyi olmaqla, burada əlverişli infrastrukturun təşkil edilməsi, cəlbedici güzəştlər mexanizmi, müvafiq prosedurların maksimal sadələşdirilməsi, elektron xidmətlərin təqdim edilməsi, idarəedici təşkilat tərəfindən təqdim olunan xidmətlər, layihənin maliyyələşmə imkanları daxili və xarici investisiyaların cəlb edilməsi üçün şərait yaradacaqdır. Sənaye məhəlləsinin ərazisində müasir tələblərə cavab verən infrastruktur, sosial, mədəni, ictimai iaşə, inzibati, mühəndis-kommunikasiya təminatı və onun fəaliyyət göstərməsini təmin edən obyektlər kompleksi yaradılaraq sahibkarların istifadəsinə veriləcək. İnvestisiya cəlbediciliyinin təmin olunması, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün sənaye məhəlləsinin ərazisində investorlar üçün vergi və gömrük sahəsində bir sıra güzəştlər də nəzərdə tutulur. Baza güzəştlər portfeli kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən sənaye məhəlləsində fəaliyyət göstərəcək rezidentlər yeddi il müddətində mənfəət, torpaq, əmlak vergilərindən və parkda istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsalı məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisindən azad edilir. Bu ərazilərdə fəaliyyət göstərəcək investorlar daim təklif olunan müxtəlif xidmətlərlə təmin olunacaqlar. Bu, vaxt itkisinin qarşısını almaqla keyfiyyətli xidmət göstərilməsinə və sahibkarların maarifləndirilməklə öz fəaliyyətlərini elmi əsaslar üzərində qurmalarına yardım edəcək.
Şərur rayonu mükəmməl rabitə və nəqliyyat infrastrukturuna, elektrik enerjisinə giriş imkanlarına və işçi qüvvələri ehtiyatına malik olan ərazi olduğu üçün sənaye məhəlləsinin bu ərazidə yaradılması iqtisadi cəhətdən əlverişli sayılır. Bu məqsəd üçün ayrılan torpaq sahəsində bir neçə şirkətin bir-birinə yaxın ərazidə yerləşdirilməsi, onların ümumi infrastrukturu, kommunal xidmətləri, yanğınsöndürmə, təhlükəsizlik xidmətləri və ərazilərinin ümumi olması istehsal prosesinin zəncirvarı getməsilə maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Beləliklə də, Şərur Sənaye Məhəlləsi investisiya layihələrinin inkişafını, eləcə də mikro, kiçik və orta sahibkarlıq müəssisələrinin gəlir əldə etməsi imkanlarını asanlaşdırmaqla, muxtar respublika iqtisadiyyatının daha sürətli inkişafını şərtləndirəcək. Eyni zamanda sənayedə işgüzar fəallığın artmasına, sahibkarlığın daha güclü inkişaf etməsinə təkan verəcəkdir.
Şərur Sənaye Məhəlləsi sürətli texniki-iqtisadi yüksəlişi özündə əks etdirməklə son dərəcə müasirliyi və mütərəqqi texnologiyaları ilə seçiləcək, muxtar respublikanın iqtisadi və sosial məsələlərinin həllinə, bütövlükdə, onun perspektiv inkişafına mühüm təsir göstərəcəkdir. Həyata keçiriləcək düşünülmüş iqtisadi strategiya muxtar respublikamızın özünəməxsus inkişaf yoluna görə daha da fərqlənməsinə səbəb olacaq.

Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR