22 Dekabr 2024, Bazar

Ulu Tanrı Yer kürəsini yaradarkən planetimiz elə bu şəkildə, bu qiyafədə olmayıb. Astronomların hesablamalarına görə, Yer kürəsi yaranandan 400 milyard il sonra ağaclar meydana gəlib. Torpağın humus qatının yaranması üçün milyardlarla il lazım olub, nə var, nə yox ki, bəlkə az, bəlkə çox, 25-30 santimetrlik üst qatda bitki üçün həyat şəraiti yaransın. Yəni yerə düşən toxum həmin qatda özünə “yurd-yuva” sala bilsin. Amma elə bir mühüm amil var ki, onu unutmaq nadanlıq olar. Sözümün canı ondadır ki, planetimizdə ağac-budaqdan çox-çox əvvəl su yaranıb. Yəni Yer kürəmizi bu şəklə salan əlahəzrət su olub. O vədədən, bəlkə də, neçə-neçə milyard illər keçib. Amma su yenə də öz qədir-qiymətini saxlayıb və bundan sonra da saxlayacaq. Belə yerdə görkəmli fransız yazıçısı Antuan Sent-Ekzuperinin su haqqındakı bir-iki cümləsi kara gəlir: “Su! Sənin nə dadın, nə rəngin, nə qoxun var. Səni təsvir etmək qeyri-mümkündür. Sənin nə olduğunu bilmədən səndən həzz alırlar. Sənə “həyat üçün lazımsan” demək azdır, sən həyatın özüsən”.

İndi keçək “həyatın özü” olan su məsələsinə – böyük Yer kürəsinin kiçik bir nöqtəsi Naxçıvanımızda insanların və torpağın su təminatına. O da var ki, bu “kiçik” kəlməsində mən həmişə böyüklük, əzəmət duymuşam, qoşa dağın qucağına sığınan və neçə illərdən bəri torpaqlarımıza həyat eşqi, qüvvəsi, qüdrəti bəxş eləyən Arpaçay dəryaçasını neçə-neçə ümmanlardan, dənizlərdən uca tutmuşam. Nə zamansa aşıb-daşan bu dağ çayı daha öz məhvərindən çıxa bilmir, xan çobanların saralarını kükrəyən dalğalarının ağuşuna ala bilmir, əksinə, Arpaçay xeyirxahlıq, xeyir-bərəkət rəmzinə dönüb.
Təkcə Arpaçay dəryaçasımı? Muxtar respublikamızda irili-xırdalı nə qədər belə sututarlar var və hərdən öz-özümə fikirləşirəm ki, görəsən, belə dəryaçalar, su anbarları olmasaydı, kənd-kəsəyimiz nə gündə olardı, torpaqlarımız nə günə düşərdi, dolanışığımız, güzəranımız necə olardı?

Azərbaycanda meliorasiya və su təsərrüfatı sisteminin yaradılması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır və təbiidir ki, Naxçıvanımız bu qayğıdan kənarda qalmayıb. Qurulanları, yaradılanları bir-bir sadalamaq, onların xeyrindən, əhəmiyyətindən danışmazdan əvvəl yenə qayıdıram bir az əvvəlki fikirlərimə ki, əgər bu sistem yaradılmasaydı, topağın taleyinə biganə qalınsaydı, onda torpaqlarımızın, kənd təsərrüfatımızın, nəticədə, özümüzün taleyimiz necə olardı? Elə bu fikir-xəyalla da yollanıram abad binada yerləşən Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə. 
Məlumatları komitənin şöbə müdiri Səttar Nəsirovdan almağımı məsləhət görürlər. Söhbətimizə muxtar respublikada bu sahənin təşəkkül tarixindən başlayırıq.
– Bu təşkilatın 90 ilə yaxın yaşı vardır. Bu illər ərzində inkişaf, tərəqqi, kollektivin iş dairəsinin həcmi, dövlət qayğısı necə olub?
– Suala birbaşa cavab verməzdən əvvəl istərdim ki, bir-iki kəlmə Naxçıvanda meliorasiya və suvarma sistemlərinin əhəmiyyəti barədə məlumat verim. Muxtar respublika özünün yeraltı və yerüstü sərvətlərinə görə əvəzolunmaz regiondur. Di gəl ki, su sarıdan bir qədər qıtlığımız var. Məlumat üçün deyim ki, muxtar respublika illik orta yağıntının miqdarına görə ölkədə axırıncı yerlərdə durur. O da var ki, müasir dövrdə hər hansı bir bölgənin su təminatı təkcə göydən düşən yağıntı ilə ölçülmür. Bəs daxili resurslar, imkanlar, müasir texnologiya, elmi-texniki tərəqqi? Oxucuya bir məlumatı da çatdırım ki, bölgənin indiki su ehtiyatlarından da çox su yerin alt qatlarındadır. Təsəvvür edin ki, muxtar respublikada 800-dən çox subartezian quyusu gecə-gündüz yerin təkindən üstünə su fəvvarəsi göndərir və bu sudan həm içməli, həm də təsərrüfat, yəni suvarma suyu kimi istifadə olunur.
Bu hələ harasıdır? Muxtar respublikada 360 kəhriz var ki, bunların da bərpası, üzə çıxarılması üçün Kəhrizlər İdarəsi yaradılıb və olduqca qiymətli yeraltı sular əhalimizin istifadəsinə verilməkdədir. Başqa daha güclü su mənbələri çaylar və göllər üzərində qurulan nasos stansiyalarıdır ki, bunların da sayı yüzə çatır. Muxtar respublikada meliorasiya və suvarma məsələlərinə çox böyük önəm verilir, eyni zamanda bu sahəyə yüksək qayğı göstərilir.
– Əlbəttə, bu qayğını siz, kənd təsərrüfatı ilə məşğul olan insanlarımız daha yaxşı görür və hiss edirlər. Bu qayğı ulu öndərimiz Heydər Əliyevdən başlanan və bu gün uğurla davam etdirilən işlərin məntiqi davamıdır. Çünki bütövlükdə, Azərbaycanda meliorasiya və suvarma sistemlərinin təşkili, yenidən qurulması, inkişafı məhz xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır.
– Şübhəsiz, ümummilli liderimiz 1969-cu ildə Azərbaycana rəhbər seçildiyi vaxtdan etibarən bu sahənin inkişafını həmişə diqqət mərkəzində saxlayıb. Məhz ulu öndərimizin əsasını qoyduğu möhkəm təməl bu gün Azərbaycanda kənd təsərrüfatını sürətlə irəli aparmaqdadır. Naxçıvanımızın timsalında dediklərimə aydınlıq gətirmək istəyirəm. Ümummilli liderimizin Azərbaycana birinci rəhbərliyi dövründə muxtar respublikada istifadəyə verilən su anbarlarının, sututarların tikiliş tarixlərinə nəzər salaq: 1971-ci ildə Araz, 1977-ci ildə Arpaçay, 1980-ci ildə Sirab, 1990-cı ildə Bənəniyar, habelə 1969-cu ildən sonrakı müxtəlif illərdə inşa olunan irili-xırdalı sututarlar – Cəhri-1, Cəhri-2, Cəhri-3, Məzrə, Payız, Dizə, Yaycı, Gilan, Çənnəb, Dəstə, Aza, Xok-1 və digər sututarlar məhz dahi rəhbər Heydər Əliyevin Naxçıvan kəndinə və kəndlisinə göstərdiyi qayğının yadigarlarıdır. Bu su anbarlarının köməyi ilə 45 min hektara yaxın torpaq sahəsi əkilir. Mən buraya kəhrizlərin, subartezian quyularının suvardığı torpaqları daxil etmirəm. Eyni zamanda öz axını ilə suvarılan torpaqlarımız da az deyil.
– Hesab edirəm ki, bunlar son hədd deyil. Çünki bölgənin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu gün torpaqsız kəndli yoxdur. Təkcə özünün ehtiyacları üçün deyil, şəhər əhalisinin də güzəranı kəndli üçün yaradılan şərait­dən çox asılıdır. Bazarda, dükanda nə qədər bolluq olsa, bir o qədər də ucuzluq olar. Hər bir ailənin süfrəsinin bərəkəti bazar bolluğundan çox asılıdır. Bu, adi aksiomdur.
– Əlbəttə elədir. Sözə qüvvət üçün bir misal çəkim: Bakı üçün Abşeron rayonu nə qədər böyük ərzaq, kənd təsərrüfatı məhsullarının mənbəyidirsə, Babək rayonu da Naxçıvan şəhəri üçün belə bir ərzaq mənbəyidir. Şəhər əhalisinin ərzağa olan tələbatının xeyli hissəsini Babək kəndlisi ödəyir. Burada isə bir vacib məsələ ortaya çıxır. Əgər Heydər Əliyev Su Anbarı olmasaydı, rayon əhalisi heç öz tələbatını ödəyə bilməzdi. Məhz bu suvarma sisteminin yaradılması sayəsində Babək rayonunda 4364 hektar, Culfa rayonunda 2311 hektar, Şahbuz rayonunda 244 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb. Onu da əlavə edim ki, Heydər Əliyev Su Anbarı, bütövlükdə, 16 min 830 hektar sahəni suvara bilər. Başqa bir misal: Arpaçay Su Anbarında uzun müddət təmir işləri aparılmadığından hər il suvarma mövsümündə müəyyən problemlər yaranırdı. Ali Məclis Sədrinin tapşırığı ilə burada əsaslı surətdə təmir işləri aparıldı. Və Şərur, Sədərək, Kəngərli rayonlarının su ehtiyaclarının daha dolğun ödənilməsinə başlanıldı. Belə misalları çox çəkmək olar.
– Bəlkə də, kiməsə elə görünər ki, burada nə çətinlik ola bilər. Su axıb gəldi dəryaçaya, oradan da kanallar, arxlar vasitəsi ilə axıdıldı sahələrə, əkinçi də bu sudan geninə-boluna istifadə etdi, vəssalam. Düzgünmü təsəvvürdür?
– Qətiyyən yox. Əgər elə olsaydı, necə deyərlər, nə bəxtəvərçilik idi ki. Onda komitənin 1600 nəfərlik meliorator kollektivi nəyə və kimə lazım idi? Meliorator əməyi çətin əməkdir. Çünki insanlara həyat cövhəri olan su bəxş edir. Çətindir ona görə ki, onlar üçün fəsil, mövsüm fərqi yoxdur. Yayda çalışırlar ki, kəndlilər onlardan narazı qalmasınlar, torpaq sudan korluq çəkməsin. Qışda isə növbəti yaz, yay, payız üçün hazırlıq görür, maşın-mexanizmləri təmir edir, arxları, kanalları təmizləyirlər, drenajlar, kollektorlar, nasos stansiyalarına baxış keçirirlər və sair.
– Dedik ki, su işçisi üçün “mövsüm, fəsil” ifadəsi yoxdur, bəs indi hansı işlər görülür?
– Naxçıvan yayının qızmar günləri davam edir və belə vaxtlarda torpaq daha çox su istəyir. Bağ, bostanlar, tərəvəz sahələri, bu yazda əkilmiş on minlərlə meyvə tingləri, camaatın həyətyanı sahələri gərək vaxtında, vədəsində suvarılsın, yoxsa kəndlinin əməyi zay olub gedər. Dəryaçaların, göllərin, sututarların ehtiyatlarından düzgün istifadə olunmalıdır. Çünki bu yaxınlarda növbəti taxıl səpini başlayacaqdır. Səpin də elədir ki, gərək yerə dən düşən kimi suvarasan. Cari işlərlə yanaşı, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının təmiri və tikintisi, hidrotexniki qurğularda işlər davam etdirilir. Araz çayının sağ sahilində yerləşən kəndlər, habelə bu ərazidəki əkin sahələri yaz daşqınları zamanı zərər çəkirdi. Bunun qarşısını almaq məqsədilə xeyli sahilbərkitmə işləri aparılıb.
Muxtar respublikada içməli və suvarma suyuna olan tələbatın ödənilməsində kəhrizlərin əhəmiyyəti böyükdür. Bu məqsədlə komitənin nəzdində Kəhrizlər İdarəsi yaradılıb. Kollektivə kəhrizlərin bərpası, pasportlaşdırılması və balansa götürülməsi tapşırılıb. Qısa müddətdə muxtar respublikada olan 330-dan çox kəhrizə baxış keçirilib, bir neçəsi təmir və bərpa olunub. Bu işlər yenə də davam etdirilir. Komitəmizə eyni zamanda əhalinin içməli suya olan tələbatının daha da yaxşılaşdırılmasını təmin etmək həvalə edilib. Bu məqsədlə yeni su xətləri çəkilib, köhnələr təmir olunub, kaptajlar qazılıb. Təbii ki, bütün bunların hamısı dövlətin diqqət və qayğısı hesabına başa gəlib.

Sual əvəzi: Həmsöhbətimə təşəkkür etməzdən əvvəl oxucuma üz tuturam. Çalışdım ki, rəqəm, say, hesab soruşmaqla nə həmsöhbətimi, nə də oxucunu yorum. Məqsədim meliorasiya işinin mahiyyətini və əhəmiyyətini sizə çatdırmaq idi, hörmətli oxucular. Ona görə də suallarımı bu istiqamətdə yönəltdim və həmsöhbətimdən də qənaətbəxş cavablar aldım. Daha doğrusu, bu yazını ərsəyə gətirən də həmin cavablar oldu. Mənə isə, sadəcə olaraq, qəzetdə özünə yer alan bu söhbətin axırına bir-iki söz əlavə etmək qalır. O da ibarət olsun ondan ki:

Söhbəti qələmə aldı:
Nurəddin BABAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR