22 Dekabr 2024, Bazar

10 yaşlı müəssisədə bu il yeni modellərdə avtomobillər istehsal olunacaq

Sənaye hər bir ölkədə iqtisadiyyatın aparıcı sahəsi hesab olunur. Çünki bu sahənin inkişafı olmadan iqtisadiyyatda dinamikliyi təmin etmək və bazar tələblərinə uyğun məhsul istehsalına malik olmaq mümkün deyil. Buna görədir ki, ümummilli lider Heydər Əliyev tərəfindən hələ Sovet hakimiyyəti dövründən əsası qoyulmuş sənaye kompleksləri müstəqilliyimizin bərpasından sonrakı dövrdə yenidən qurulmuş, dövrün tələblərinə uyğun yeni istehsal sənayesi sahələri yaradılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də ­maşınqayırma sənayesinin inkişaf etdirilməsidir. 

Ağır sənayenin bir sektoru olan maşınqayırma energetika, elektrotexnika, radioelektronika, cihazqayırma, dəzgahqayırma və digər sahələri özündə birləşdirir. Bu sahə, ümumilikdə, iqtisadiyyatın texniki təminat bazası olaraq istehsalatda əmək məhsuldarlığını yüksəltməklə insanların maddi rifahının yaxşılaşmasına xidmət edir. Bu gün ölkəmizdə maşınqayırma sənayesi müəssisələri iqtisadiyyatın milli gəlir baxımından mühüm sahəsi hesab olunur. Buna görə də maşınqayırma sənayesinin inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir, bu sahədə əlverişli şəraitin yaradılması üçün ardıcıl tədbirlər görülür. Bu işlərin nəticəsidir ki, hazırda Azərbaycan maşınqayırma sənayesi rəqabətqabiliyyətli məhsul istehsalına malikdir. Bu sırada minik və yük avtomobillərinin istehsalı xüsusi əhəmiyyət daşıyır. Ölkəmizdə gedən güclü sənayeləşmə prosesindən geri qalmayan Naxçıvan Muxtar Respublikasında da avtomobil sənayesinin inkişafı diqqət mərkəzindədir. Belə ki, bu il yaradılmasının 10-cu ili tamam olan Naxçıvan Avtomobil Zavodu ötən müddətdə böyük istehlakçı rəğbəti qazanaraq daxili bazarın tələbatının təmin olunmasına öz töhfəsini vermişdir. 

Muxtar respublikamızın böyük sənaye müəssisələri arasında xüsusi yeri olan Naxçıvan Avtomobil Zavodu 2010-cu il yanvarın 11-də fəaliyyətə başlayıb. İstehsal sahəsi, satış salonu, anbar və inzibati binadan ibarət olan zavodun 2472 kvadratmetrlik ərazisində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.

Zavodun açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov belə tədbirləri ölkəmizdə ulu öndərimizlə başlanan işlərin davamı kimi dəyərləndirərək demişdir: “Əgər Sovet hakimiyyəti illərində ulu öndərimiz Gəncə Avtomobil Zavodunun qurulması işinə başlamasaydı, müstəqillik illərində isə cənab Prezident həmin zavodun fəaliyyətinin təmin olunmasına şərait yaratmasaydı, indi Naxçıvan Avtomobil Zavodunun qurulması da sual altında ola bilərdi”.
Qeyd edək ki, istehsal prosesi konveyer üsulu ilə təşkil edilən zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da müəssisədə istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Zavodda həm mexaniki, həm də avtomatik sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir. Bundan əlavə, Naxçıvan Avtomobil Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları, həmçinin Şərur və Culfa rayonlarında avtomobillərin servis mərkəzləri fəaliyyət göstərir. Bu da muxtar respublikada müəssisənin istehsal etdiyi avtomobillərə texniki xidmət göstərilməsinə əlverişli şərait yaradır.
Yola saldığımız 2019-cu il Naxçıvan Avtomobil Zavodunda mühüm islahatların aparıldığı il kimi yaddaşlarda qalıb. Belə ki, ötən ilin aprel ayından “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının təşkilatçılığı ilə adıçəkilən müəssisədə kompleks tədbirlər həyata keçirilib. Zavoddakı istehsal prosesinə nəzarət məqsədilə yeni kameralar quraşdırılıb. Culfa servis mərkəzi isə yenidən qurulub. Eyni zamanda müəssisədə yeni marketinq şöbəsi də yaradılıb, maliyyə-mühasibat işinin təkmilləşdirilməsi üçün yeni mikroproqramın qurulması təmin edilib. 2019-cu ildə müəssisə tərəfindən bir neçə dəfə kampaniyalar təşkil olunub. Kampaniya çərçivəsində avtomobillərin ehtiyat hissələrinin satışında 30-50 faiz endirimlər tətbiq edilib. Eyni zamanda zavodun istehsal etdiyi 100-dən çox avtomobil güzəştli şərtlərlə istehlakçılara satılıb.

Xatırladaq ki, 2019-cu ildən başlayaraq Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərin “Cahan Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomobil salonlarında da satışı təşkil edilib. Bununla yanaşı, zavodda istehsal edilən avtomobillərin ixracı və onların ehtiyat hissələrinin maya dəyərinin aşağı salınması üçün qonşu ölkələrdə bazar araşdırmaları aparılıb. Ötən ilin mühüm tədbirlərindən biri də müəssisənin Çinin “Lifan İndustrial Group” və “FAW İndustrial Group” şirkətləri ilə yeni əməkdaşlıq müqavilələrinin imzalanması olub. Əldə edilmiş razılaşmalara görə artıq Naxçıvan Avtomobil Zavodunda yeni istehsal prosesinə start verilib.
Aldığımız məlumata görə, ilk dəfə olaraq müəssisədə “Lifan X-70” modellərinin istehsalına başlanılıb.
“Lifan X-70” avtomobili texniki göstəricilərinə görə zavodda istehsal olunmuş əvvəlki avtomobillərdən fərqlənir. Müasir dizayn və avro-5 standartlarına uyğun istehsal olunan bu avtomobillər elektronlaşdırılmış sistemlə təmin olunan start-stop, yan güzgülər, təkərlərin havasına nəzarət edən ekran göstəricisi, sensorla açılan baqaj qapılarına malikdir. Ümumilikdə, il ərzində müəssisədə “Lifan İndustrial Group”a aid 360 sedan tipli, 270 SUV tipli, 140 minivan tipli, 40 “Golfcar” tipli, o cümlədən 120 yük maşını və 230 motosikletin istehsal edilməsi nəzərdə tutulub. Bundan əlavə, qısa zamanda müəssisədə “FAW İndustrial Group”a məxsus bir sıra avtomobil modellərinin tanıdılmasına və “FAW T-80” model yük avtomobillərinin istehsalına da başlanılacaq.

Zavodda istehsal olunan nəqliyyat vasitələrinin muxtar respublikada güzəştli şərtlərlə satışı və texniki servis xidməti də planlaşdırılır. Öyrəndik ki, yüksək rəqabətqabiliyyətli avtomobillər istehsal etməyi qarşısına məqsəd qoyan Naxçıvan Avtomobil Zavodu daxili bazarın tələbini ödəməklə yanaşı, istehsal olunan nəqliyyat vasitələrinin digər ölkələrə ixracını da nəzərdə tutur.
Bu gün avtomobil sənayesində tətbiq olunan müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillərin istehsal edildiyi Naxçıvan Avtomobil Zavodu inkişafının yeni mərhələsinə qədəm qoyub. Dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəlif təyinatlı və modellərdəki nümunələrinin muxtar respublikamızda istehsal olunması Naxçıvanda maşınqayırma sənayesinin güclənməsinə, eləcə də milli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR