Sərhəd bölgəsi Sədərək rayonunda yeni yaşıllıqlar zolaqları salınır. Ağacəkmə kampaniyasında rayonun sakinləri də yaxından iştirak edirlər.
Ötən il ərzində bölgədə keçirilən şənbə iməciliklərində yeni yaşıllıq zolaqları, bağlar salınıb. İməcilik iştirakçıları onlara həvalə olunmuş sahələrdə əkdikləri ağaclara qulluq göstəriblər.
Bu ilin əvvəlindən Heydərabad qəsəbəsi və Qaraağac kəndinin hər birində 1,5 hektar, Sədərək kəndində isə 0,5 hektar sahə kol-kosdan təmizlənib, şumlanıb, bütövlükdə, 13,5 hektar sahədə yeni meyvə bağı salınıb. Bu iməciliklərdə meyvə ağacları – ərik, alça, göycə və alma tingləri əkilib.
Bu ilin yazında isə 5,5 hektar sahədə meşəsalma və 8 hektar sahədə bərpa işləri aparılıb. Həmin sahələrə 14 min 400 ağac əkilib ki, bunun da 13 min 100-ü meyvə tingi olub. Park və xiyabanlara isə 1650 həmişəyaşıl ağac, 8562 ədəd gül kolu əkilib. Bundan əlavə, “Dəhnə” adlanan ərazidə salınan üzüm bağına 220 üzüm kolu əkilib.
Yaşıllıq təmizlik, sağlam həyat deməkdir. Yeni əkilmiş ağaclara, yaşıllıq zolaqlarına xüsusi qulluq və qayğı göstərmək isə nəcib iş, savab əməllərdən sayılır. Çünki bu gün əkilən hər bir ağac boy ataraq sağlamlığımızın, istirahətimizin təminatına çevriləcək.