Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti aqrar bölmənin kənd təsərrüfatı texnikaları ilə təchizatını, müxtəlif servis xidmətlərinin göstərilməsini, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışını həyata keçirir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xəttilə 191 ədədi 2013-cü ildə olmaqla, cəmi 1070 ədəd müxtəliftəyinatlı müasir kənd təsərrüfatı texnikaları və avadanlıqlar alınıb muxtar respublikaya gətirilmişdir.
Ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı texnikalarının hüquqi və fiziki şəxslərə müddətli ödənişlə satılmasında güzəştlər tətbiq olunur. Belə ki, 2007-ci ilədək satılan kənd təsərrüfatı texnikaları dəyəri 5 il müddətinə ödənilib, dəyərinin 120 faizi məbləğində girov qoyulmaqla satılırdısa, 2011-ci ilədək 10 il müddətinə və dəyərinin 20 faizi əvvəlcədən ödənilməsi şərtilə heç bir girov qoyulmadan satılmışdır. 2011-ci ilin yanvar ayından isə kənd təsərrüfatı texnikaları 10 il müddətinə və dəyərinin 10 faizi əvvəlcədən ödənilməsi şərti ilə heç bir girov qoyulmadan satılır. Bu da, təbii ki, texnikaların hüquqi və fiziki şəxslər tərəfindən alınmasına əlverişli şərait yaratmış, 176 ədədi 2013-cü ildə olmaqla lizinq yolu ilə 817 ədəd texnika satılmışdır. Lizinq yolu ilə satılmış texnikaların ödənişi vaxtında aparılmış, bu günə qədər heç bir borc qalığı qalmamışdır.
Mövcud texnika və texnoloji avadanlıqların saxlanılmasına, yüksəkkeyfiyyətli aqroservis xidmətinin göstərilməsinə əlverişli şərait yaradılmış, “Naxçıvan Aqrolizinq” ASC və onun Şərur, Culfa, Sədərək, Kəngərli, Ordubad və Şahbuz bazalarında inzibati bina, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilmişdir. Hazırda “Naxçıvan Aqrolizinq” ASC-nin bazasında 130 ədəd müxtəlif texnika və avadanlıqlar vardır. Bunun 29 ədədi Şərur, 38 ədədi Babək, 24 ədədi Culfa, 5 ədədi Sədərək, 9 ədədi Ordubad, 12 ədədi Kəngərli, 13 ədədi isə Şahbuz rayon bazalarına icarəyə verilmişdir. Ümumilikdə, əkin-biçin kampaniyasının mütəşəkkil keçirilməsinə və yetişdirilən məhsulun vaxtında və itkisiz toplanılmasına nail olunmuş, taxıl biçini optimal müddətdə başa çatdırılmış, sahələrdən bol məhsul götürülmüşdür. Hazırda payız əkini kampaniyasına hazırlıq görülür, texnikalara baxış keçirilir.
Xəbərlər şöbəsi