22 Dekabr 2024, Bazar

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda təşkil olunan bayram yarmarkasının elə ilk günündə buraya gələnlərin ardı-arası kəsilmirdi. Hiss olunurdu ki, sakinlər neçə illərdir, mütəmadi olaraq keçirilən belə tədbirlərdən xeyli razıdırlar. Bunu insanların çöhrələrindən də duymaq çətin deyildi. Çünki onlar keyfiyyəti ilə seçilən yerli məhsulları buradan münasib qiymətə ala bilirdilər. İstehlakçılara kənd təsərrüfatı məhsulları ilə yanaşı, digər ərzaq malları da təklif olunurdu. Yarmarkanın təşkil olunmasında məqsəd şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasından ibarətdir.

Biz də həm ziyarət, həm ticarət, – deyib satıcı və alıcılarla həmsöhbət oluruq.

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunun Qarxun kənd sakini, ailə təsərrüfatçısı Nəsir Məmmədovun ­dedikləri:
– Yarmarkaya məhsul gətirənlərə hərtərəfli şərait yaradılıb. Səliqə-sahman da satıcı və alıcıların ürəyincədir. Burada məhsulları bazar qiymətindən 15-20 faiz ucuz təklif edirik. Altı ildən artıqdır ki, ailə təsərrüfatı sahibiyəm. Heyvandarlıqla məşğulam. Camış südündən əldə edilən məhsulların alıcısı həmişə başının üstündə olub. İndiyədək gətirdiyim məhsulun, demək olar ki, yarıdan çoxunu satmışam. Küpədə ovma pendir daha çox satılan məhsuldur.
Sədərək rayon sakini Mehbarə Hüseynova muxtar respublikamızdakı fəal qadın ailə təsərrüfatçılarından biridir. O deyir:
– Diyarımızda təsərrüfatçılar üçün hər cür şərait yaradılıb. Kim istəyir həyətində, pay torpağında istixana yaradır, bunun sayəsində isə qış fəslində də bazar və dükanlarımızda təzə göyərti, tərəvəz bol olur. Həyətyanı sahəmdə və pay torpağımda əkib-becərdiyim məhsullardan hazırladığım yeməkləri, müxtəlif turşu növlərini, mürəbbə, doşab, meyvə cemlərini yarmarkaya gətirmişəm. Bunlarla yanaşı, qida kimi istifadə olunan yabanı bitkilərin, gündəlik istifadə etdiyimiz göyərtilərin qurusu da alıcıların diqqətini cəlb edir.
Kəngərli rayonundan olan Şirvanə Babayeva da ailə təsərrüfatı sahibidir. O, yarmarkaya ət və süd məhsulları gətirib. Deyir ki, münbit torpağımız və dövlət qayğısı bizi öz elimizə, obamıza daha möhkəm bağlayıb. Əkib-becərib əmək sərf edir, qarşılığını isə ikiqat görürük. İndi istər qadın, istərsə də kişi olsun, zəhmət çəkən bəhrəsini dadır. Dövlətimiz bizim yaxşı dolanışığımız üçün hər cür şərait yaradıb. Məhsulumuzu istədiyimiz kimi satır, ailə büdcəmizə kömək edirik. Bu cür yarmarkaların təşkili hamımızın ürəyincədir.
Naxçıvan şəhər sakini Güllü xala deyir ki, alıcılar daha çox məzrə, nanə, reyhan, şüyüd, keşniş qurusunu alırlar. Elə yeməklər var ki, onlara göyərti qurusu qatanda daha dadlı olur. Alıcıların çoxu yurdumuzun səfalı havasında, təmiz torpağında ərsəyə gələn məhsullardan uzaqda yaşayan qohum-əqrəbasına da sovqat göndərir.
Yarmarkada Ailə Təsərrüfatları İctimai Birliyinin sədri Mübariz Şirəliyevlə də həmsöhbət oluruq:
– Muxtar respublikamızda bütün sahələrlə yanaşı, kənd təsərrüfatının da inkişafına münbit şərait yaradılır, torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına dəstək göstərilir. Qəbul edilən dövlət proqramlarından irəli gələn vəzifələr muxtar respublikamızda uğurla icra olunur. Bütün bunlar daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların satışına hərtərəfli şərait yaradır. Mərkəzi bazarda təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı, bayram yarmarkalarında məhsul bolluğu deməyə əsas verir ki, dövlət proqramları muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Yaradılan birlik də bundan sonrakı illərdə ailə təsərrüfatlarının daha da inkişafına öz töhfəsini verməyə çalışacaq.
Alıcılardan Naxçıvan şəhər sakini Bəyim nənənin dediklərindən:
– Bu günlərdə biz qadınları düşündürən əsas məsələ qarşıdan gələn yeni ildə süfrəmizi necə bəzəyəcəyimizdir. Əvvəllər qış düşüb bayram yaxınlaşanda bilmirdik ki, neyləyək. 90-cı illərin əvvəlləri yaxşı yadımdadır, nə bir meyvə, nə tərəvəz, nə də ki, ət olurdu bişirib süfrəyə qoymağa. Uşağın da, qonağın da yanında üzüqara olurdu insan. Bu gün isə min şükür, sağ olsun dövlətimizi, bolluq yaradıb. Ürəyin istəyəni alıb süfrəyə qoya bilirsən.
Onu da qeyd edək ki, beş gün davam edəcək yarmarkada şəhər sakinlərinə müxtəlif məhsullar təqdim olunacaqdır. Alıcı və satıcıların da qeyd etdikləri kimi, belə tədbirlər torpaq mülkiyyətçilərinin min bir zəhmətlə yetişdirdikləri məhsulları rahatlıqla satmalarına və ailə büdcələrinin gəlirlərini artırmalarına şərait yaratmaqla yanaşı, daxili bazarı yerli məhsullarla da təmin edir. Yerli məhsullarımız isə həm dad-tamı, həm keyfiyyəti, həm də qiyməti ilə sakinləri daim cəlb edir.
Biz də qarşıdan gələn əziz bayramları rənga­rəng və ləziz nemətlərlə dolu zəngin süfrə arxasında keçirmək istəyən yurddaşlarımızı bu yarmarkadan yararlanmağa dəvət edirik.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR