Muxtar respublikanın digər bölgələri kimi, Ordubad rayonunda da ailə təsərrüfatlarının inkişafı daim diqqət mərkəzindədir. Təsərrüfat sahiblərinə dövlət tərəfindən güzəştli kreditlərin verilməsi və onların inkişafının hərtərəfli dəstəklənməsi bu sahə ilə məşğul olanlara stimul verir. Keçirilən ənənəvi festivallar inkişaf etmiş ailə təsərrüfatlarının məhsullarının satışa çıxarılması, həmin təsərrüfatların iş təcrübələrinin yayılması baxımından böyük əhəmiyyət daşıyır.
Elə Ordubad şəhərindəki Tədbirlər meydanında dünən keçirilən növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı da bu məqsədlə təşkil olunmuşdu. “Ailə təsərrüfatları ili”ndə keçirilən festivala 50 ailə təsərrüfatından 5000-dən çox qablaşdırılmış məhsul çıxarılmışdı.
Məlumat üçün qeyd edək ki, Ordubad rayonunda fəaliyyət göstərən ailə təsərrüfatlarının öhdəsində 3300 hektar payızlıq və yazlıq əkin sahəsi, 720 hektar meyvə bağı, 13 min 745 arı ailəsi və digərləri vardır. Ailə təsərrüfatlarında lizinq yolu ilə alınmış 138 ədəd müxtəlif təyinatlı maşın və mexanizmlərdən istifadə edilir. Yaradılan şəraitdən bəhrələnən belə təsərrüfat sahibləri bu il 1685 hektar sahədən 4785 ton taxıl əldə ediblər. Bostançılar 42 hektardan 3020 sentner, tərəvəzçilər 676 hektardan 5755 ton, kartofçular 578 hektar sahədən 8538,5 ton, 721 hektar barverən bağlardan 5616, 5 ton məhsul toplayıblar. Bu gün rayonda ailə təsərrüfatları, əsasən, heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərirlər.
Festivalda həmsöhbət olduğumuz ailə təsərrüfatı başçılarından Ələhi kənd sakini Yaşar Həbibov bu sahə üzrə daha çox fərqlənənlərdəndir. Bu zəhmət adamı ailə üzvləri ilə birgə pendir, şor, kərə, qaymaq, qatıq, qovurma, bal, araq, ekstrakt, baldırğan turşusu, müxtəlif mürəbbələr hazırlayaraq satışa çıxarır.
Vənənd kənd sakini Xaliq Mayılov isə daha çox şirniyyat məhsulları, ekstraktlar, meyvə quruları, mürəbbələr, kompotlar hazırlayır. Digər ailə təsərrüfatı başçısı Cəfər Nəsirov müxtəlif dərman bitkilərinin satışı ilə məşğul olur. Onun bu sahə üzrə səriştəliliyi təqdim etdiyi məhsullara böyük alıcı marağı qazandırıb. Kotam kəndindən olan ailə təsərrüfatçısı Nazim Həsənov isə festivala arıçılıq məhsulları, meyvə quruları, doşab və digər məhsullar çıxarmışdı.
Festivalda söhbət etdiyimiz rayon sakinlərindən Əli Qardaşov, Leyla Əliyeva, Salman Hüseynov və başqaları burada nümunəvi şərait yaradıldığını qeyd edərək, satışa çıxarılan məhsulların çoxçeşidliliyindən və keyfiyyətindən razılıq etdilər.
Festival zamanı müxtəlif iaşə xidməti də göstərilib, Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” instrumental ansamblı rəngarəng musiqi proqramı ilə sakinlərə xoş ovqat bəxş edib.
Abbas SEYİD