22 Dekabr 2024, Bazar

Sədərəklilər həmişə su sarıdan korluq çəkiblər. Baxmayaraq ki, rayonun yaxınlığından Araz boyda çay axır. Hələ mən ərazidən gurhagurla çağlayıb Araza tökülən Şir arxını demirəm. Sədərəyin su problemi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə öz həllini tapıb. Məhz ulu öndərin müəllifi və memarı olduğu quruculuq siyasəti bu sərhəd bölgəsinin yüz illərlə mövcud olan sosial-iqtisadi problemlərinin həllinə imkan yaradıb.
Dördpilləli nasos stansiyası adi suvarma sistemlərindən biri deyil, əsl möcüzədir. Araz çayından götürü­lən suyu son mərhələyə çatdırmaq üçün neçə kilometrlərlə məsafə qət edilir, 4 “mərtəbədən” keçirilir. Birbaşa sahələrə su çıxarmaq mümkün olmadığı üçün Sədərəyin torpaqları bu üsulla suvarılır. Düzdür, bu ərazidə subartezian quyuları da qazılıb. Amma əsas güc, bir qayda olaraq, dördpilləli nasos stansiyalarının üzərinə düşür.
Dördpilləli nasos stansiyası ötən əsrin 70-ci illərində inşa edilib. 80-ci illərin sonunun dağıdıcı prosesi onu da iflic vəziyyətə salmışdı.

Əvvəlki nasos stansiyasının qüsuru suyun səviyyəsinin enməsi ilə bağlı idi. Belə olan halda nasos stansiyası tam gücü ilə işləyə bilmirdi. Böyük həcmdə əsaslı təmir və yenidənqurma işlərinə ehtiyac duyulurdu. Onu da məhz muxtar respublikamızı bürüyən quruculuq tədbirləri sayəsində həyata keçirmək mümkün oldu. Dövlət qayğısı sayəsində burada əsaslı təmir və yenidənqurma işləri aparıldı, dördpilləli nasos stansiyası yenidən işə salındı. Həmin obyektlərin açılış mərasimində çıxış edən Ali Məclisin Sədri bildirdi ki, bu mənbə ilə Sədərəyin 3 min hektardan artıq torpaq sahəsini gülüstana çevirmək mümkün olacaqdır. Bu gün “Sədərək-0”, “Sədərək-1”, “Sədərək-2”, “Sədərək-3” və “Sədərək-4” nasos stansiyalarının gücü ilə 3500 hektardan çox torpaq suvarma suyu ilə təmin edilib ki, bu da həmin sahələrdə bol kənd təsərrüfatı məhsulları yetişdirməyə imkan verib.
Bəli, su həyatdır, – deyiblər. O, maddi nemətlərin istehsalında, təsərrüfat tədbirlərinin genişləndirilməsində, mədəni məişət şəraitinin yaxşılaşdırılmasında həlledici rol oynayır.
Son illərdə ölkəmizdə, eləcə də muxtar respublikamızda kənd təsərrüfatı sürətlə inkişaf edərək yeni yüksəliş mərhələsinə qədəm qoyub. Aqrar sahəyə xidmət edən qurumlar sırasında su təsərrüfatı xüsusilə önəmli yer tutur. Təsadüfi deyil ki, qəbul olunmuş regional inkişaf pro­qramlarında bu şəbəkənin genişləndirilməsi, əkinlərin suya tələbatının tam ödənilməsi prioritet vəzifə kimi qarşıya qoyulub.
Hazırda Sədərək rayonunda irriqasiya işlərinin təkmilləşdirilməsi məqsədilə Araz çayından qidalanan Şir arxı üzərində sərfiyyatı saatda 3 min kubmetr olan yeni nasos stansiyasının tikintisi aparılır.
Bu ilin fevral ayından “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları layihənin icrasına başlayıblar. Şir arxı üzərində üç ədəd nasos mühərriki quraşdırılacaqdır. İkisi daimi işləyəcək, biri isə ehtiyatda saxlanılacaqdır. Uzunluğu 5955 metr, diametri 80 santimetr olan əsas boru xəttinin çəkilişi başa çatdırılıb. Kəmər Sədərək kəndinin mərkəzinədək uzadılıb.
Araz çayından qidalanan Şir arxı üzərində quraşdırılan, sərfiyyatı saatda 3 min kubmetr olan yeni nasos stansiyası istifadəyə verildikdən sonra Sədərəyin daha 1000 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil ediləcəkdir. Bütün bunlar isə rayonda kənd təsərrüfatının hərtərəfli inkişafına, ərzaq bolluğuna təkan verəcək, məşğulluğun artmasına, nəticə etibarilə, əhalinin daha firavan yaşayışına zəmin yaradacaqdır.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR