Naxçıvan Muxtar Respublikasında geniş həcmdə aparılan tikinti-quruculuq işləri avtomobil yollarının bərpası və yenidən qurulmasına da əlverişli şərait yaradıb. “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikada da yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illərdə bu sahədə əldə edilmiş mühüm nəticələr insanların rahat gediş-gəlişini təmin etməklə bərabər, regionun simasını da büsbütün dəyişib.
Muxtar respublikada yol infrastrukturuna öz töhfəsini verən qurumlardan biri də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətidir. Şirkətin cavabdeh olduğu 1473 kilometr yolun 274 kilometri respublika və dövlət əhəmiyyətli, 1199 kilometri isə yerli əhəmiyyətli yollardır.
Cari ilin ötən dövrü ərzində şirkət tərəfindən aparılan yol-tikinti işləri, əsasən, kəndarası və kəndlərə giriş yollarının yenidən qurulması və əsaslı təmiri ilə bağlı olub. Belə ki, yenidən qurulmasına ötən ilin sonlarından başlanılan Şahbuz rayonunun Ayrınc və Kükü kəndlərini birləşdirən 25 kilometrlik avtomobil yolunda yol genişləndirilib, istinad divarları çəkilib, suötürücülər quraşdırılıb. Yol boyu 6 körpü tikilib, asfalt salınıb, hazırda son tamamlama işləri görülür. Bundan əlavə, Ordubad rayonunun Üstüpü kəndinin giriş hissəsində 6 paqonometr uzunluğunda körpü salınıb, Şərur rayonunun Xanlıqlar kəndinin giriş yolu isə yenidən qurulub. Rayonun ucqar dağ kəndlərindən olan Şahbulaq kəndinin giriş hissəsində isə yolun yenidən qurulması davam etdirilir.
Qeyd olunan dövr ərzində şirkət tərəfindən Babək rayonunun Şıxmahmud kəndində 2 kilometr uzunluğunda kəndarası yola asfalt salınıb, rayon mərkəzinin Heydər Əliyev prospektindəki avtomobil yolu yenidən qurulub. Hazırda burada da son tamamlama işləri görülür.
Xəbərlər şöbəsi