Son illər ərzində muxtar diyarımızda yüzlərlə yeni ailə təsərrüfatları formalaşıb, bu təsərrüfatların hərtərəfli fəaliyyəti üçün məqsədyönlü tədbirlər həyata keçirilib və keçirilməkdədir.
Bəhs olunan dövrdə həm də ailə təsərrüfatlarının biznes planları tərtib edilib, təsərrüfat sahiblərinə güzəştli şərtlərlə kreditlər verilib, istehsal olunan məhsulların satışı üçün əlverişli şərait yaradılıb. Dövlət dəstəyi nəticəsində ailə təsərrüfatları məhsullarının qablaşdırma və dizaynlarının tərtib edilməsi, onların taralarla təchizatı məhsulun bazara və istehlakçılara marketinq qaydalarına uyğun olaraq çatdırılmasına imkan verir.
2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamları ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər planlarının təsdiq olunması ailə təsərrüfatlarının fəaliyyəti üçün daha geniş imkanlar açıb.
Naxçıvan Muxtar Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə ötən illər ərzində aparılan köklü islahatlar bu sahənin sürətli inkişafına şərait yaradıb, bir çox dövlət proqramları qəbul edilərək uğurla icra olunub və aqrar sahənin inkişafına öz töhfəsini verib.
Aqrar sektorda tətbiq edilən güzəştlər və subsidiyalar bu sahənin inkişafını stimullaşdırıb, istehlak bazarının sabitləşməsinə nail olunub. Son illərdə dövlət maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 321 heyvandarlıq, 86 quşçuluq, 14 balıqçılıq, 124 arıçılıq, 67 bağçılıq, 10 üzümçülük təsərrüfatının yaradılması muxtar respublikada ailə təsərrüfatlarının inkişafına, daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına geniş imkanlar açıb.
2019-cu ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 84 ailə təsərrüfatına 753 min 100 manat dövlət maliyyə dəstəyi göstərilməsi, 315 ailə təsərrüfatının 12 min 800-dən çox tara ilə təmin olunması ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradıb.
Muxtar respublikamızda ailə təsərrüfatları çoxprofilli fəaliyyət sahəsinə malikdir. Ötən dövrdə onların işinin daha da genişləndirilməsi məqsədilə maarifləndirici tədbirlər aparılıb, nümunəvi ailə təsərrüfatlarının iş təcrübəsinin muxtar respublikanın bütün rayonlarında fəaliyyət göstərən ailə təsərrüfatlarına aşılanması həyata keçirilib.
Bu tədbirlərin davamı olaraq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması muxtar respublikada bu təsərrüfatlarda istehsal olunan məhsulların çeşidinin və rəqabətqabiliyyətliliyinin stimullaşdırılması ilə yanaşı, istehlakçıların ekoloji təmiz məhsullarla təmin edilməsində mühüm rol oynayıb.
Ötən dövr ərzində ailə təsərrüfatlarında istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması, sertifikatlaşdırılması və markalanması istiqamətində aidiyyəti təşkilatlar tərəfindən lazımi köməkliklər göstərilib. Həmçinin ailə təsərrüfatları məhsullarının tanıdılması məqsədilə ötən dövrdə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda 45 ailə təsərrüfatının 108 növdə 140 çeşiddə məhsulunun nümayişi təmin olunub.
Ailə təsərrüfatları məhsullarının satışı üçün əlverişli şərait yaradılıb, muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində və rayon mərkəzlərində “Ailə təsərrüfatı məhsulları” festivalları təşkil olunub. Bu da təsərrüfat sahiblərinin istehsal etdikləri məhsulların satışına öz müsbət təsirini göstərib.
Göründüyü kimi, iqtisadiyyatın bu vacib sahəsinin inkişafı üçün həyata keçirilən tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb. Bu isə əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına təkan verir. Nəticə etibarilə muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, təsərrüfatların birgə koordinasiyasının təmin edilməsi və onların potensialından səmərəli istifadə olunması ailə təsərrüfatlarının vahid birliyinin formalaşdırılmasını zəruri edib. Muxtar respublikamızda Ailə Təsərrüfatları İctimai Birliyinin yaradılmasında məqsəd diyarımızda bu mütərəqqi təsərrüfat forması ilə məşğul olan şəxslərə informasiya verilməsi, maddi dəstək göstərilməsi, onların potensialından cəmiyyətin iqtisadi həyatında daha səmərəli istifadə olunmasını təşkil etməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti