Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 2019-cu ildə daxili bazarda aparılan monitorinqlər üzrə iqtisadi aktiv ailə təsərrüfatı nümayəndələri və ailə təsərrüfatı məhsullarının satışını həyata keçirən təsərrüfat subyektləri müəyyənləşdirilib. Naxçıvan Biznes Mərkəzində onların mükafatlandırılması münasibətlə keçirilən tədbiri giriş sözü ilə agentliyin direktoru Bəxtiyar İsmayılov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Vergilər naziri, III dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev çıxış edərək bildirib ki, güzəştli kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların verilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, istehsal olunmuş məhsulların muxtar respublikamızın iri ticarət obyektlərində satışı üçün əlverişli şəraitin yaradılması, ənənə halını almış festivalların keçirilməsi və bu tədbirlərdə həmin məhsulların tanıtımı ailə təsərrüfatlarının inkişafına öz müsbət təsirini göstərib.
Qeyd olunub ki, dövlət qayğısından yararlanan hər bir ailə təsərrüfatı bu sahəyə diqqəti artırmalı, öz gəlirlərinin çoxalması baxımından işlərini düzgün qurmalıdır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxışında bildirib ki, keçirilən təlimlərə yaradıcılığa və istehsala meyilli 250-dən çox ailə təsərrüfatı, sahibkarlıqla məşğul olan qadınlar cəlb olunub və yekunda maraqlı biznes-planı ilə fərqlənən qadınlara sərmayə kapitalı verilib. Bu da onlara göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru Bəxtiyar İsmayılov çıxışında qeyd edib ki, ötən dövrdə ailə təsərrüfatlarının digər satış bazarlarına çıxış imkanları təşviq olunub, Bakı və Gəncə şəhərlərində “Naxçıvan məhsulları” əmtəə nişanı ilə fəaliyyət göstərən 4 yeni mağaza yaradılıb. Təkcə 2019-cu il ərzində ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət tədbirləri çərçivəsində məhsullardan 581 halda nümunələr götürülərək laboratoriya sınaqları aparılıb. Mühüm bir layihə kimi ev şəraitində hazırlanan araq məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunlaşdırılması məqsədilə ölkəmizdə ilk dəfə olaraq məhz muxtar respublikamızda minifiltr qurğularından geniş istifadə edilib.
Diqqətə çatdırılıb ki, aparılan genişmiqyaslı tədbirlərin davamı kimi Vergilər Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən birgə xüsusi təşviq layihəsi icra olunmaqdadır. Layihə çərçivəsində monitorinqlər aparılıb və ən çox ailə təsərrüfatı məhsulları satan mağazaların, tədarük üzrə aktivlik göstərən ailə təsərrüfatları nümayəndələrinin qeydiyyatı və satış göstəriciləri üzrə reyestri hazırlanıb.
Tədbirdə ailə təsərrüfatı nümayəndələrindən Əbülfəz Əliyev, Cəmşid Həsənov, Şəfəq Ağayeva və Yaşar Həbibov çıxış edərək yaradılan əlverişli şəraitə, göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlıq ediblər.
Sonda adıçəkilən birgə layihə çərçivəsində müəyyənləşdirilən iqtisadi aktiv ailə təsərrüfatı nümayəndələri və ailə təsərrüfatı məhsullarının satışını həyata keçirən təsərrüfat subyektləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Nail ƏSGƏROV