Dünyada irili-xırdalı çoxlu şəhərlər var. Hər biri də özünəməxsus tarix və mədəniyyətə, memarlıq xüsusiyyətinə, coğrafi cəhətdən yerləşməsinə görə fərqlənir. Şəhərlərin böyük və ya kiçik olması o qədər də əhəmiyyət kəsb etmir. Əsas olan odur ki, şəhərlər müəyyən insan kütləsinin cəmləşdiyi ərazilərdir və burada firavan yaşayış üçün bütün zəruri təminatlar formalaşdırılır. Yəni infrastruktur yaradılır. Abadlıq, tikinti-quruculuq, müxtəlif mühəndis layihələrinin həyata keçirilməsi isə şəhər infrastrukturunda əsas faktorlardan sayılır. Hansı ki bu işlər aparılmadan nə şəhər sivilizasiyasından danışmaq olar, nə də ki, bu sivilizasiyanın insanlara verəcəyi töhfədən.
Səndə tarixlərin çox nişanı var...
5000 il yaşı olan Naxçıvan şəhərinin ilk mühəndisi elə təbiətin özü olmuşdur. Münbit torpaqları olan bu ərazi getdikcə daha çox insanların burada məskunlaşmasına gətirib çıxarmış, insanoğlu öz fəaliyyət ehtiyaclarını bu kiçik ərazidə təminetmə fürsətini əldən verməmişdir. Nəticədə, ümumi yaşayış burada müxtəlif sahələrin inkişafına təkan vermiş və ərazi şəhər mədəniyyətinə gedən yolun başlanğıcına çevrilmişdir. Tarixin müəyyən dövrlərində müxtəlif yadelli hücumlara məruz qalmış bu qədim şəhər dəfələrlə dağıdılsa da, sonra yenidən qurulmuş və öz inkişafını davam etdirmişdir. Lakin tarix sübut edir ki, istənilən bir dövrdə Naxçıvan şəhəri indiki qədər, həm də kompleks şəkildə inkişaf etməmişdir.
Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının paytaxt şəhəridir. Dəniz səviyyəsindən yüksəkliyi 1000 metrdən artıq olan şəhərin relyefi şimaldan cənuba doğru maili olmaqla yanaşı, şərqdən Naxçıvan çayı, qərbdən isə Şorsu selovu arasında yerləşən əraziləri əhatə edir. Son illərdə daha üç kənd və bir qəsəbənin inzibati ərazi vahidliyinə daxil edilməsi şəhərin cənub sərhədlərini xeyli genişləndirmiş, nəticədə, ərazisi 191,6 kvadratkilometrə qədər artmışdır.
Bu şəhəri biz tikirik
Yazının əvvəlində qeyd etdiyimiz kimi, hər bir şəhər fərqli yerləşmə və inkişafetmə xüsusiyyətlərinə malikdir. Sovetlər dövründə, XX əsrin 50-60-cı illərində şəhər planlaşmasında rast gəlinən xaotiklik Naxçıvanın gözəlliyinə xələl gətirə bilməmiş, onun inkişafına mane olmamışdır. Ötən əsrin 70-80-ci illərində şəhərin cənub ərazilərində salınmış I, II və III mikrorayonlar, eyni zamanda qərb ərazilərdə “57-ci” yaşayış məhəlləsinin yaradılması baş planda əsaslı dəyişikliklərə səbəb olmaqla yanaşı, şəhər əhalisinin say artımında da özünü göstərməyə başladı. Ancaq şəhərin əsl tikintisinə böyük öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra start verilmişdir. Məqsədli və kompleks şəkildə həyata keçirilən müasir quruculuq işləri Heydər Əliyev siyasətinin davamı olmaqla yanaşı, həm də qədimlik və müasirliyin improvizasiyasını özündə əks etdirir. Şəhərin quruculuq simasına şimal ərazilərdən başlayaq. Əvvəlcə qeyd edim ki, fəaliyyət istiqamətlərinə görə inzibati ərazilərin və bu ərazilərə görə tikililərin qruplaşdırılması müasir şəhərsalmada mühüm amillərdən biridir. Fikirlərimizi misallar üzərində izah etməyə çalışaq. Naxçıvan-Şahbuz yolunun hər iki tərəfində – şəhərin şimal hissəsində müxtəlif hərbi hissələrin yerləşməsi, son dövrlərin gözəl memarlıq xüsusiyyətlərini özündə birləşdirən Naxçıvan Qarnizonunun qərargah binasının məhz bu hissəyə köçürülməsi, inkişaf etmiş bütün şəhərlərdə olduğu kimi, məhz burada da hərbi kontingentin şəhərdən kənarda yerləşməsi prinsiplərinə tamamilə uyğundur. Son illərdə bu hərbi hissələrdə, eyni zamanda hərbi şəhərcikdə aparılmış və davam etdirilən müxtəliftəyinatlı tikinti-quruculuq və abadlıq işləri şəhərin bu hissəsinin mənzərəsinə bir gözəllik qatır.
Həmin ərazidən şərqə doğru hərəkət etdikcə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının, Kardioloji Mərkəzin, eyni zamanda hazırda tikintisi davam etdirilən Naxçıvan Muxtar Respublikası Dəri-Zöhrəvi Dispanserinin, Yoluxucu Xəstəliklər, Qazanılmış İmmun Çatışmazlıq Sindromu ilə Mübarizə və Profilaktika mərkəzlərinin binalarının, həmçinin yenidən qurulan Naxçıvan Muxtar Respublika Xəstəxanasının bir ərazidə yerləşməsi mükəmməllik ansamblı yaradaraq buranı əsl “səhiyyə şəhərciyi”nə çevirir.
Başlanğıcını şəhərin şimal hissəsindən götürmüş Heydər Əliyev prospekti də şəhərin gözəlliyinə rəng qatan ünvanlardan biridir. Son illərdə prospektdə aparılan quruculuq tədbirləri bu gözəlliyin tərkib hissəsi olmaqla yanaşı, həm də insanların sosial rifahının yüksəldilməsinə hesablanmışdır. Bu il prospekt boyu avtomobil yolu yenidən qurulmuş, bir neçə yaşayış binası əsaslı təmir olunmuş, yüksək zövqlə yaradılmış və prospektə xüsusi gözəllik bəxş edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üçün yeni bina istifadəyə verilmişdir. Bir neçə gün bundan əvvəl istifadəyə verilən Saat Meydanı və Park da şəhərin bu hissəsinə əsrarəngiz görkəm verir. Bundan əlavə, Heydər Əliyev prospektində tikilən 36 mənzilli 9 mərtəbədən ibarət olacaq yaşayış binasının zirzəmi hissəsində avtomobil dayanacağı, birinci mərtəbəsində isə ticarət obyektlərinin yerləşməsi insanların rahatlığına xidmət edəcək. Prospektdə yerləşən digər 3 mərtəbəli 27 mənzilli yaşayış binası da yenidən qurulur. Binanın eni 4 metr 70 santimetr artırılaraq 18 mənzil əlavə olunmuşdur. Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də inşasına bu ilin fevral ayından başlanmış Atatürk küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasıdır. Bu bina da mükəmməl arxitektura quruluşu ilə fərqlənəcək.
Cari ilin birinci yarısında aparılmış tikinti-quraşdırma, abadlıq və bərpa işləri şəhərdə bir sıra yeni ünvanların həyata vəsiqə qazanmasına imkan vermişdir. Belə ki, qeyd olunan dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, Bəhruz Kəngərli Muzeyinin, Əziz Əliyev küçəsində yerləşən yeni yaşayış kompleksinin, yeni avtobus parkının, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin inzibati binalarının, Naxçıvan Biznes Mərkəzinin, 972 şagird yerlik 10 nömrəli tam orta məktəb binasının, 10 nömrəli uşaq bağçasının, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin, 3 nömrəli Uşaq Musiqi Məktəbinin, “Buzxana” tarix-memarlıq abidəsinin, Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq və Ekoloji Tərbiyə mərkəzlərinin binalarının tikintisi və ya yenidən qurulması başa çatdırılmışdır.
Şəhərdə hazırda tikintisi davam etdirilən obyektlər də çoxdur. Belə ki, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Naxçıvan Qarnizonu Hərbi Hospitalının, Fəxri Xiyabanın, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin, Naxçıvançay vadisində parkın, Gənclər Mərkəzinin, 11 və 16 nömrəli tam orta məktəb binalarının tikintisi və ya yenidən qurulması davam etdirilir.
Təbii ki, bu qədim şəhərin müasir tikintisində hər bir obyekt gözəllik simvolu olmaqla yanaşı, həm də bayaq qeyd etdiyimiz kimi, yerləşmə uyğunluğuna görə əhəmiyyət daşıyır. Nəzərə alaq ki, Naxçıvana gəlmək istəyən qonaqlar Naxçıvan-Culfa magistral yolu ilə, yəni şərq tərəfdən və yaxud Naxçıvan-Sədərək magistral yolu ilə, yəni qərb tərəfdən şəhərə daxil olmalıdırlar. Son dövrlərin möhtəşəm strateji obyektlərindən sayılan Naxçıvan Beynəlxalq Hava Limanında yaradılmış müasir infrastruktur, limandan şəhərə doğru uzanan yol kənarlarında aparılmış yaşıllaşdırma, abadlıq və dekorasiya işləri, müasir işıqlandırma, bir az irəlidə Naxçıvanın əzəmətli təbiət abidələrindən sayılan Haçadağın rəmzi və nəhayət, bütün bu gözəlliklərin fövqündə duran üçrəngli Azərbaycan bayrağı bu diyara ayaq basan istənilən insana məğrurluq və gözəllik duyğuları yaşadır. Yaxın gələcəkdə Naxçıvançayın sahilində yaradılacaq istirahət parkı isə bu gözəlliyə daha bir möhtəşəmlik əlavə edəcək.
Naxçıvan-Sədərək magistral yolunun şəhərə bitişik hissəsində müasir tələblərə cavab verən Avtovağzal Kompleksinin yerləşməsi, sol tərəfdə isə tikintisi yaxın vaxtlarda tamamlanacaq Bayraq Meydanı, bir az irəliyə doğru Ticarət Mərkəzi və memarlıq quruluşu ilə seçilən doqquzmərtəbəli yaşayış binalarından Heydər Əliyev prospektinə çıxış, düşünürsən ki, şəhərə ayaq basan qonaqların maraqla seyr etdikləri obyektlər sırasındadır.
Bütün inkişaf etmiş şəhərlərdə olduğu kimi, sənaye komplekslərinin kənar ərazidə yerləşdirilməsi də Naxçıvan şəhərinin planlaşmasında öz təsdiqini tapmışdır. Şəhərin cənub ərazilərində müxtəlif istehsal müəssisələrinin, zavod və sənaye komplekslərinin yerləşdirilməsi faktı dediklərimizə sübutdur.
Qədim şəhərin müasir qida mənbələri
Hər bir canlı orqanizmin qidalanmağa ehtiyacı var. Elə şəhərlərin də. Əgər Naxçıvan şəhərini nəhəng bir orqanizmə bənzətsək, onda onun qida mənbələrini də görə bilərik. Qeyd edim ki, bu nəhəng orqanizmin qida şəbəkəsi şəhərin altında yerləşir. Bəs nələrdir bunlar? Son illərdə şəhər infrastrukturunda aparılmış böyükhəcmli layihələr çərçivəsində əhalinin keyfiyyətli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində “Şəhər su təchizatı və kanalizasiya” layihəsinin icrası üzrə işlər uğurla davam etdirilir. 2013-cü ilin birinci yarısında 59,3 kilometr su, 48,45 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir. Ümumilikdə isə 1 iyul 2013-cü il tarixə olan statistikaya görə, yerin altında 161,2 kilometr uzunluğunda kanalizasiya, 173,2 kilometr uzunluğunda isə içməli su xətləri quraşdırılmışdır. Bundan əlavə, şəhərin bütün məntəqələrinin qazlaşdırılması üçün çəkilmiş 1029,7 kilometr uzunluğunda boru xətti vardır ki, bu xətlərin 735,58 kilometri dəmir, 294,02 kilometri isə polietilen borulardan ibarətdir. Yenilənən yeraltı rabitə kabelləri, şəhəri mütəmadi elektrik enerjisi ilə təmin edən “Koroğlu”, “Naxçıvan” və “Xalçaçılıq” yarımstansiyaları da bu qida şəbəkəsinə aiddir. Bütün bu saydıqlarımız qədim şəhərin nəhəng orqanizminin əsas təminedici funksiyalarını yerinə yetirir. Bəli, yerin altında şəhər həyatı üçün çox əhəmiyyətli sistemlər – su və kanalizasiya xətləri, qaz və istilik ötürücüləri, rabitə və elektrik xətləri yerləşir. Ancaq şəhər ən çox yerin üstündəkiləri ilə tanınır.
Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işləri şəhərə yeni sima verməklə bərabər, əhalinin məskunlaşma aktivliyini də ildən-ilə artırır. Statistik hesablamalara görə, şəhərdə son bir il ərzində mənzil bazarında 42 faiz bahalaşma qeydə alınmışdır. Bu, təbiidir və inkişaf etmiş şəhərlərin demək olar ki, hamısı bu mərhələdən keçir. Digər tərəfdən, bu təbii proses şəhərin ildən-ilə genişlənməsinə səbəb olur. Şəhər ərazisi genişlənirsə, deməli, tikinti-quruculuq işlərinin həcmi də artır. Bu il şəhərin tikintisinə 3500 nəfər işçi cəlb olunmuşdur. Arzuları bitib-tükənməyən, qurub-yaratmaq əzmkarlığı insanlarının çöhrəsinə hopmuş bir şəhərin sakini olmaq bizi bir daha bu sözləri deməyə sövq edir: “Könül fərəhlənir gözəlliyindən – NAXÇIVAN !”
Səbuhi HƏSƏNOV