22 Dekabr 2024, Bazar

Dekabrın 19-da Naxçıvan Biznes Mərkəzində “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektorun rolunun artırılması” mövzusunda regional seminar keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov iştirakçıları salamlayaraq muxtar respublikada son illərdə aparılan quruculuq tədbirlərinin, iqtisadi və sosial sahədəki irəliləyişlərin Naxçıvanı Azərbaycanın ən qabaqcıl, inkişaf etmiş bir diyara çevirdiyini bildirib. Vurğulanıb ki, muxtar respublikada bazar rəqabəti şərtlərində sahibkarlara dəstək verilməsi, işgüzar fəallığın artırılması məqsədilə vahid konfederasiya ətrafında onların könüllü ­ittifaqının yaradılması qarşıya qoyulmuş məqsədlər baxımından əhəmiyyətlidir.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası bu istiqamətdə çalışaraq sahibkarların uğurlu biznes fəaliyyətinə öz dəstəyini göstərir. Hazırda konfederasiya 33 üzvü özündə birləşdirir.
Diqqətə çatdırılıb ki, sahibkarlığın inkişafı məqsədilə muxtar respublikada fəaliyyət göstərən bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara 2019-cu ilin ötən dövrü ərzində verilmiş kreditlərin həcmi 100 milyon manatı ötüb. Məhz dövlət və sahibkar əlaqələrinin dərinləşməsi ilə son 24 il ərzində muxtar respublikada yüksək texnologiyalar əsasında çoxsaylı istehsal və xidmət sahələri yaradılıb. Ötən dövr ərzində xarici dövlətlərin rəsmi və işgüzar dairələrinin iştirakı ilə ardıcıl və ənənəvi biznes forumlar keçirilməsi də diqqətdə saxlanılıb. Sahibkarlar Konfederasiyası da fəaliyyətini sahibkarlığın inkişafı istiqamətində qurmağa çalışır.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxışında bildirib ki, blokada şəraitinin çətinliklərinə baxmayaraq, 1995-ci ildən başlayaraq muxtar respublikada aparılan məqsədyönlü siyasət nəticəsində iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il artan templə davam edib.
“Sənaye sahəsində həyata keçirilən islahatların nəticəsidir ki, 1990-cı ildə muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, 2019-cu ildə bu müəssisələrin sayı 8 dəfə artaraq 450-yə çatıb”, – deyən nazir vurğulayıb ki, muxtar respublikada 383 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi məhz iqtisadiyyatın diversifikasiyası, sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olub. Qeyd edilib ki, son illər güzəştli dövlət maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 267 heyvandarlıq, 86 quşçuluq, 14 balıqçılıq, 124 arıçılıq, 67 bağçılıq, 10 üzümçülük təsərrüfatı, ümumi tutumu 16 min 65 ton olan 38 soyuducu anbar, sahəsi 131 min 162 kvadratmetr olan 23 istixana kompleksi və digər müasir müəssisələr yaradılıb. Bütün bunlar istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə, ərzaq təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayıb.
Vurğulanıb ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi, Ali Məclis Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması ailə təsərrüfatlarının fəaliyyəti üçün geniş imkanlar açıb. Hər il muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində və rayon mərkəzlərində “Ailə təsərrüfatı məhsulları” festivalının təşkili bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Artıq muxtar respublikanın ixtisaslaşmış ailə təsərrüfatları tərəfindən istehsal olunan təbii və keyfiyyətli məhsullara Bakı şəhəri və respublikamızın digər bölgələrində böyük tələbat yaranıb. Bu gün Bakı və Gəncə şəhərlərində də Naxçıvan məhsullarının satıldığı mağazalar fəaliyyət göstərir.
Tapdıq Əliyev özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi məqsədilə 2019-cu ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 100-dən çox layihənin maliyyələşdirilməsinin sahibkarlıq subyektlərinin inkişafını stimullaşdırdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, muxtar respublikada ixrac təşviqinin ödənilməsi ixracyönümlü məhsulların istehsalının dəstəklənməsinə, investisiyaların cəlb edilməsinin stimullaşdırılmasına, yeni iş yerlərinin açılmasına imkan yaradıb. Muxtar respublikada ərzaq təhlükəsizliyinin və istehsal olunan məhsulların xarici bazarlara sərbəst çıxışının təmin edilməsi məqsədilə keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi diqqətdə saxlanılıb, beynəl­xalq akkreditasiyadan keçmiş “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli ­Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası ­yaradılıb.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov çıxışında muxtar respublikada kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.
Diqqətə çatdırılıb ki, görülən işlərin nəticəsində 2019-cu ilin yanvar-noyabr ayları ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 434 milyon 366 min 800 manat olub. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çoxdur. 519,4 hektarı 2019-cu ildə olmaqla, 4479 hektar sahədə qapalı suvarma sistemlərinin istifadəyə verilməsi əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və məhsul bolluğunun yaradılmasına imkan verib.
Vurğulanıb ki, 2019-cu ilin məhsulu üçün muxtar respublikada 33 min 308 hektar sahədə taxıl əkini aparılıb. Ötən illə müqayisədə taxıl əkini sahəsi 825 hektar artıb. Görülən tədbirlər artıq bir neçə ildir ki, əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsini təmin edib.
Nazir diqqətə çatdırıb ki, muxtar respublikada hazırda 1000-dən çox ixtisaslaşmış kiçik və böyük ailə təsərrüfatları vardır. Verilən kreditlərdən səmərəli istifadə nəticəsində bu təsərrüfatlarda bütün növlər üzrə istehsal və məhsuldarlıq göstəriciləri artıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın bütün regionlarında sahibkarlığın inkişafı, xüsusən də dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atılır. Bu tədbirlərin davamı olaraq yaradılan Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının qarşısına qoyulan məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən bir sıra önəmli tədbirləri əhatə edir.
Vurğulanıb ki, həyata keçirilən tədbirlər nəticəsində, bu il iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz artıb. Əlavə dəyərin 6,2 faizi məhz kənd təsərrüfatının payına düşür. Kənd təsərrüfatının inkişaf etdirilməsində sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı dövlət başçısının ən çox önəm verdiyi məsələlərdəndir. Ölkədə fermerlər üçün bir sıra güzəştlərin müəyyən edilməsi, onların torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilməsi, güzəştli şərtlərlə kreditlərin və kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi, ayrı-ayrı sahələr üzrə dövlət tərəfindən subsidiyaların ayrılması kənd təsərrüfatının inkişafına və bu sahədə məşğulluğun artmasına geniş imkanlar yaradıb.
Məmməd Musayev diqqətə çatdırıb ki, ölkədə ümumi daxili məhsul istehsalının çox hissəsinin özəl sektorun payına düşməsi onu göstərir ki, artıq sahibkarlar iqtisadi inkişaf üçün lokomotiv rolunu oynamaqdadırlar.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak seminarın Naxçıvanda keçirilməsinə göstərilən dəstəyə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Vurğulanıb ki, Azərbaycanın müstəqillik əldə etdikdən sonra qida təhlükəsizliyinin təmin olunması istiqamətində əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir. Burada kənd təsərrüfatının inkişafına dövlət səviyyəsində böyük dəstək göstərilir. Mələk Çakmak kənd təsərrüfatı istehsalını şaxələndirmək istiqamətində Azərbaycan hökumətinin səylərinin yüksək qiymətləndirildiyini bildirib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Leyla Məmmədova çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Həmin qurumla əməkdaşlıq etmək istəyən sahibkarlara hər zaman köməklik göstərməyə hazır olduqlarını bildirib.
Sonra seminar müxtəlif mövzular üzrə sessiyalar ilə öz işini davam etdirib.
Seminar iştirakçıları “Şərq qapısı” qəzetinə müsahibələrində tədbirin əhəmiyyəti barədə danışıblar:
Məmməd Musayev – Azərbaycan Respublikası Sahibkar­lar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti: – Dayanıqlı inkişaf məqsədlərinin yerinə yetirilməsi üçün kənd təsərrüfatı və ərzaq təminatında özəl sektorun cəlbi çox mühüm amildir. Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatı 2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədləri üçün xüsusi proqram hazırlayıb. Bu, dünyada insanların ərzaqla təmini, yoxsulluğun aradan qaldırılması üçün əhəmiyyətli tədbirdir. Biz də, öz növbəmizdə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə Azərbaycanda belə bir tədbiri keçirdik. Növbəti tədbirimiz də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında baş tutdu. Buradakı təşkilatçılıqdan və görülən işlərdən belə bir nəticəyə gəldik ki, bu sahədə muxtar respublikada təqdirəlayiq işlər görülür. Özəl sektorun yerli iqtisadiyyatın inkişafındakı payı isə çox yüksəkdir. Naxçıvanda istehsal olunan məhsullar nəinki respublikamızın bütün bölgələrinə, xarici ölkələrə də ixrac olunur. Bir sözlə, Azərbaycanın qarşıya qoyduğu dayanıqlı inkişaf məqsədlərinin yerinə yetirilməsində Naxçıvan öz töhfəsini verməkdədir.
Mələk Çakmak – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri: – Gözəl Naxçıvana kənd təsərrüfatı və ərzaq sahələrindəki dayanıqlı inkişaf məqsədlərinə özəl sekto­run qoşulması ilə bağlı birgə əməkdaşlıq imkanlarımızı müəyyənləşdirmək üçün gəldik. Regional seminarda kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının daha məhsuldar və məsuliyyətlə yerinə yetirilməsi ilə bağlı çıxışlar oldu. Hamıya məlumdur ki, kənd təsərrüfatı sosial inkişafda, stabillikdə, kənd yerlərinin tərəqqisində, əhalinin düzgün qidalanmasında, ərzaq çatışmazlığının aradan qaldırılmasında və dəyər zəncir yolu ilə inklüziv yüksəliş baxımından çox əhəmiyyətli bir sektordur. Dayanıqlı inkişaf məqsədləri dedikdə yoxsulluğun azaldılması, düzgün qidalanmanın təmin edilməsi, torpaq, su resurslarının qorunması və onlardan səmərəli şəkildə istifadə olunması, gender bərabərliyinə əməl edilməsi və əməkdaşlıqlar yolu ilə daha faydalı işlər görmək, eyni zamanda məsuliyyətli istehsalçı və istehlakçı ola bilmək nəzərdə tutulur. Kənd təsərrüfatı bütün bu məqsədlərin mərkəzində dayanır. Aqrar sahəni daha da inkişaf etdirərkən məhsuldar torpaqları və su qaynaqlarını qorumağa, itki və tullantıların azaldılmasına birgə nail olmağa çalışacağıq. Ən əsası da inklüziv inkişafa – kiçik fermerlərin maraqları nəzərə alınmaqla onların kiçik və orta sahibkarlığa çevrilməsinə dəstək verəcək mexanizmlərin və aqrar siyasətin inkişaf etdirilməsinə köməklik edərək qida və ərzaq sisteminin daha dayanıqlı olmasına səy göstərəcəyik.
Onu da deyim ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olaraq Azərbaycan hökuməti ilə əməkdaşlığımız çərçivəsində ötən dövr ərzində bir sıra işlər görülüb. Bunlara heyvandarlığın, toxumçuluğun inkişafı, bölgələrdə gənclərin kənd təsərrüfatı sahələrinə cəlbi, qadın fermerlərin rəqabətə qoşulması, ayrı-ayrı sahələr üzrə bilik və bacarıqlarının artırılmasını qeyd etmək olar. Eyni zamanda təbiətin qorunması, şoran torpaqların bərpası, meşələrin çoxaldılması, balıqçılıq sektorunun inkişafı üçün də müəyyən işlər reallaşdırılıb. Qida sahəsinin Azərbaycanın ehtiyaclarına uyğunlaşdırılması, monitorinqlərin düzgün formada aparılması və bu barədə lazım olan bütün texniki imkanların inkişafı və ölkənin qida standartlarının müəyyən edildiyi Kodeks Alimentarius Milli Komitəsinə daha effektiv şəkildə qoşulması ilə bağlı tədbirlər görülüb. Bütün bu işləri həyata keçirərkən Naxçıvan Muxtar Respublikasından da texniki ekspertlər bizim treninqlərə qoşulurlar. Fikrimcə, bu istiqamətdə əməkdaşlığımızı inkişaf etdirmək məqsədəuyğundur. İşlərimiz, imkanlarımız böyüdüyü üçün bundan sonra əlaqələrimiz daha da möhkəmlənməli, görüşlərimiz mütəmadi xarakter almalıdır.
Düşünürəm ki, muxtar respublikada kənd təsərrüfatı yüksək inkişaf yolundadır. İstərdik ki, Naxçıvanın təbii, saf məhsulları həm ölkənin digər yerlərində, həm də dünyada öz layiqli yerini tapsın. Ümidvaram ki, bu istiqamətdə birgə səylərimiz öz müsbət nəticəsini verəcək. Fürsətdən istifadə edib burada bizə göstərilən yüksək diqqətə, dövlət dəstəyinə görə Ali Məclis Sədrinə dərin minnətdarlığımı bildirirəm.
Pedro Marselo Arias – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının iqtisadçı eksperti: – Dayanıqlı inkişaf dünyada qlobal ərzaq təminatı məsələlərinin həlli sahəsindəki aktual problemlərdəndir. Ərzaq təminatı təkcə kənd təsərrüfatı demək deyildir. Dayanıqlı inkişaf konsepsiyasına əsasən bu, bütün sahələrdəki təchizatçılar, istehsalçılar, ticarətçilər və istehlakçılar arasındakı münasibətlər deməkdir. Əgər bu münasibətlər kövrək deyil, möhkəmdirsə, onda bütün sistem ünsürləri dayanıqlı inkişafa töhfə vermiş olacaqlar. Bütün bu məsələlərin həlli isə təkcə hökumətlərin üzərinə düşən vəzifə deyildir. Bugünkü seminarımızın məqsədi də ərzaq məhsulları istehsalı zamanı dayanıqlı inkişafa nail ola bilmək üçün özəl sektorun buradakı rolunu bir daha gündəmə gətirməkdir. Çünki müasir dünyada ən həllivacib problemlərdən biri ərzaq təminatında tərəflərin üzərinə düşən vəzifələrin başa düşülməsi, iqtisadiyyat, ekoloji vəziyyət və cəmiyyət qarşısında hər kəsin məsuliyyətinin dərk olunmasıdır. İnkişaf etmiş ölkələrdə bu sarıdan gözəl təcrübə vardır. Azərbaycan da bu sahədə uğurlu əməkdaşlıq üçün yaxşı potensiala malikdir.
Ölkənizdə ilk dəfə olsam da, Naxçıvanda gördüyüm təmiz ekoloji şərait, insan resursları və ciddi idarəetmə bu sahədə vəziyyətin bizim arzu etdiyimizdən də yaxşı olduğunu deməyə əsas verir. Ümidvaram ki, qarşıdakı dövrdə təəssüratlarımız daha da dərin olacaq.

 Nail ƏSGƏROV
Tural AĞAYEV
 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR