22 Dekabr 2024, Bazar


Vergi siyasəti cəmiyyətin ayrı-ayrı sosial qruplarının və dövlətin maliyyə vəsaitlərinə olan ehtiyacının ödənilməsi, maliyyə ehtiyatlarının yenidən bölüşdürülməsi hesabına ölkə iqtisadiyyatının inkişafının təmin edilməsi məqsədilə ölkənin vergi sisteminin formalaşdırılması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərin məcmusudur. Muxtar respublikamızda da iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə dövlətin həyata keçirdiyi iqtisadi, maliyyə və hüquqi tədbirlər içərisində vergi siyasəti mühüm yer tutur. 

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 yanvar tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” və 2016-cı il 29 aprel tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası” təsdiq edilib. Bu mühüm dövlət sənədləri muxtar respublika iqtisadiyyatına yatırılan investisiyaların həcminə və strukturuna mühüm təsir göstərib. Dövlət pro­qramlarına uyğun olaraq sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olub. Məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada sahibkarlar təbəqəsi formalaşıb, özəl sektorun sosial-iqtisadi inkişafında rolu daha da artıb.

Təkcə son 5 il ərzində muxtar respublikada ümumi daxili məhsul 23,5, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 19, əsas kapitala yönəldilən investisiyalar isə 10,1 faiz artıb. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər və azad sahibkarlığın inkişafına, iqtisadiyyata investisiya qoyuluşlarının həcminin artmasına əlverişli şəraitin yaradılmasında Vergi Məcəlləsinin tətbiqinin böyük rolu olub. Belə ki, vergilərin iqtisadi fəallığa uzunmüddətli stimullaşdırıcı təsirini təmin etmək, investisiyaları təşviq etmək məqsədilə mənfəət vergisinin dərəcəsi mərhələlərlə aşağı salınaraq 2003-cü illə müqayisədə 27 faizdən 20 faizə endirilib. 2019-cu il 1 yanvar tarixdən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq gəlirləri səkkiz min manatdan aşağı olan işçilər 7 il müddətinə gəlir vergisindən azad edilib. Eyni zamanda bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək ­artırılıb.
Mikrosahibkarlıq subyektlərinin inkişaf etdirilməsi istiqamətində tətbiq edilən güzəştlərdən biri də sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsidir. Bundan başqa, mikrosahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad ediliblər.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər 1 yanvar 2014-cü il tarixədək ayrı-ayrı qanunlarla, 1 yanvar 2014-cü il tarixdən isə Vergi Məcəlləsində edilmiş dəyişik­liklərə əsasən torpaq vergisi istisna olmaqla 10 il müddətinə vergilərdən azad edilib. Bunun nəticəsidir ki, muxtar respublikada 2014-cü ilin yanvar-oktyabr aylarında 296 milyon 201 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdursa, artıq bu rəqəm 2019-cu ilin yanvar-oktyabr aylarında 38,1 faiz artaraq 409 milyon 327 min 800 manata çatmışdır.
Tətbiq edilən vergi güzəşt və azadolmaları, eləcə də muxtar respublikada sahibkarlıq subyektlərinə göstərilən diqqət və qayğı biznesin inkişafına təkan verib. Vergilər Nazirliyinin “bir pəncərə” dövlət qeydiyyat sistemi vasitəsilə 1 noyabr 2014-cü il tarixə sahibkarlıq uço­tuna alınan hüquqi və fiziki şəxslərin sayı 18 min 940 idisə, artıq bu rəqəm 1 noyabr 2019-cu il tarixə 33 min 256 olub. Bunların 2219-u hüquqi şəxs, 31 min 37-si isə fərdi sahibkardır. 1 noyabr 2014-cü illə müqayisədə 1 noyabr 2019-cu il tarixə qeydiyyata alınan fiziki şəxslərin sayında 82,8 faiz artım olub və sahibkarlıq uçotuna alınan fiziki şəxslərin 75,5 faizi muxtar respublika rayonlarının ­payına düşüb.
Həmçinin muxtar respublikada son 5 ildə yaradılan xarici investisiyalı və müştərək müəssisələrin sayı 16-ya çatıb. Son 2 ildə müəssisələrə 15-dən çox investisiya təşviqi sənədi verilib ki, həmin müəssisələrə Vergi Məcəlləsinə əsasən vergi güzəştləri tətbiq olunub. Qeyd edək ki, investisiya təşviqi sənədini almış fərdi sahibkar və ya hüquqi şəxslər həmin sənədi aldığı tarixdən onların gəlir və ya mənfəətlərinin 50 faizi 7 il müddətinə gəlir vergisindən azaddır.
Prezident cənab İlham Əliyev 2019-cu il 13 sen­tyabrda “Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb. Fərmana əsasən Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Şərur Sənaye Məhəlləsində layihə-planlama işlərinə başlanılıb. Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən həmin sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunacaqlar.
Bu göstəricilər onu deməyə əsas verir ki, artıq muxtar respublikada güclü biznes-sahibkar mühiti yaradılıb, dövlətin diqqət və qayğısı məhz bu sahəyə yönəldilib.

Qəzənfər Bayramov
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat və
ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR