Almaniyanın “Welt” qəzetində dərc edilən məqalədə bu il ərzində dörd yeni qaz kəmərinin istifadəyə veriləcəyi və onların Avropa və Asiyadakı qaz nəqli marşrutlarını dəyişəcəyi bildirilir.
Məqalədə Türkiyə, Yunanıstan, İtaliya, Çin və Almaniyada istifadəyə veriləcək dörd böyük qaz kəmərinin təbii qazın ixracında yeni marşrutların və yeni qarşılıqlı asılılıqların yaranması ilə nəticələnməklə yanaşı, yeni həcmdə Rusiya və Azərbaycan qazını bazara çıxaracağı diqqətə çatdırılır.
Türkiyə və Azərbaycanın bu istiqamətdə ilk addımı atdıqları qeyd olunan məqalədə hər iki dövlətin rəhbərinin və digər dövlətlərin nümayəndələrinin Türkiyənin sərhədyanı bölgəsində, Xəzər dənizində çıxarılan və Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə nəql olunan qazın Trans-Adriatik (TAP) qaz boru kəməri vasitəsilə Albaniya və İtaliya istiqamətində yola salınması üçün bir araya gəldikləri vurğulanır. Tam istifadəyə verildikdən sonra on milyard kubmetr həcmində təbii qazın bu kəmər vasitəsilə Avropa bazarına çıxarılacağı qeyd olunur. Avropanın təbii qaza olan tələbatının iki faizinə bərabər olmasına baxmayaraq, bunun Avropanın Rusiya qazından asılılığını bir qədər də olsa azaldacağını, eləcə də bu kəmər vasitəsilə nəql ediləcək qazın həcminin iki dəfəyədək artırıla biləcəyi nəzərə çatdırılır. Türkiyənin bu kəmərdən həm maddi, həm də geoiqtisadi rolunun güclənməsi baxımından faydalandığı, Azərbaycanın isə öz infrastrukturunu inkişaf etdirdiyi və dünya bazarlarına çıxış əldə etdiyi bildirilir.