Ölkəmizdə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, daxili bazarın keyfiyyətli yerli məhsullara olan tələbatının ödənilməsi üçün yaradılan əlverişli iş şəraiti yeni istehsal sahələrinin açılması ilə nəticələnir. Bu sahədə öz yeri olan müəssisələrdən biri də “Çınqıllı Bulaq” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 3000 metr yüksəklikdə yerləşən ucqar dağ kəndi Keçilidə fəaliyyət göstərən “Çınqıllı Bulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin bulaq suyu istehsalı zavodunda müalicəvi əhəmiyyətə malik eyniadlı təbii bulaq suyu istehsal edilir.
Bu ilin ilk altı ayında müəssisədə 36 min manatlıq məhsul istehsal olunub. “Çınqıllı” suyu bir neçə ölçülü – 0,5 və 1 litrlik butulkalara, həmçinin 5 və 20 litrlik taralara doldurularaq satışa çıxarılıb. İstehsal edilən məhsulların satışı muxtar respublikada, eləcə də ölkəmizin digər regionlarında təşkil edilib.
Məlumat üçün bildirək ki, ən yüksək səviyyədə təchiz olunmuş laboratoriyalarda aparılmış analizlərin nəticələrinə görə, “Çınqıllı” suyundakı mikroelementlər və minerallar həzmə çox müsbət təsir edir, suyun yüngüllüyü, codluğunun azlığı orqanizm tərəfindən yaxşı mənimsənilməsinə səbəb olur və ümumi metabolizmə, fiziki-kimyəvi proseslərə yüksək təsir göstərir.
Xəbərlər şöbəsi